3. Kütləvi informasiya vasitələri ictimai rəyin formalaşmasının qüdrətli amilidir
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya da bilər. İkinci halda ictimaiyyətin ayrı-ayrı nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq kommunikativ əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində hakimiyyət deməkdir».Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və rəyini nəzərə almalıdır. Bu, mədəni fərqlərlə və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara malik ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir. Submədəniyyətlərin çox olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qrupları öz mənafelərinin ifadəsində və reallaşdırılmasında rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki, büdcənin əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci hissə belə hesab edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə əmindir ki, vəsait daha çox Müdafıə Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılsın, onun dünya meydanında nüfuzu güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı olaraq, ictimaiyyət nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır.
Cəmiyyətin sadə stabil mədəniyyəti bir qayda olaraq, ümdə məsələlərin həllində ictimaiyyətə çoxlu alternativlər təklif etmir. Çünki vəziyyəti ənənələr və mənəvi normalar əsasında idarə etmək olar. Buna görə də müxtəlif sosial qruplar üçün ictimai rəydə ayrılıq əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur. Lakin mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin həllinə yönəlmiş nöqteyi-nəzərləri son dərəcə rəngarəng ola bilər. Başqa sözlə, yaranmış vəziyyəti müəyyən normalar toplusunun köməyi ilə idarə etmək mümkün deyildir. Çünki həmin normalar məlum cəmiyyətin yalnız ayrıca qruplarının, submədəniyyətinin hüdudlarında qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox nümayəndələri müəyyən ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılması nəticəsində ekoloji balansın pozulmasından narahatlıq keçirə bilər. Eyni zamanda həmin ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılmasına, sənayenin inkişaf etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə məqbuldur. Ənənəvi normalar bu məsələni həll etməyə imkan vermir, çünki hər iki nöqteyi-nəzəri müdafiə etmək üçün həmin normaları tətbiq etmək olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialının, dünyada nüfuzunun artırılması da vacib məsələdir. Beləliklə, «mürəkkəb cəmiyyətdə ictimai rəyin ayrı-ayrı seqmentləri meydana çıxır ki, bunların da arxasında öz mənafeləri, ustanovkaları, bu və ya digər problemin həllinə müxtəlif təsir imkanları olan ictimaiyyət qrupları dayanır).28 Bu ictimai rəyi öyrənməyi və nəzərə almağı zəruri edir.
Demokratik idarəçilik formaları olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir neçə vəziyyətlə şərtlənmişdir:
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanları kəskin surətdə artır. Burada seçkilər, referendumlar, parlamentdə və ya hökumətdə təzyiq qrupları, vətəndaş itaətsizliyi aktları xüsusi qeyd edilməlidir.
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan bir çoxu alternativ nöqteyi-nəzərləri müdafiə edir. Bunun sayəsində ictimaiyyət cəmiyyətdə baş verən bütün hadisələr barəsində dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin əksər üzvlərində məlum hadisələrə və hakimiyyətin qəbul etdiyi qərarlara münsibətdə sabit mövqe formalaşır.
Üçüncüsü, demokratik cəmiyyətlərdə liderlərin irəli sürülməsi ictimai rəy dalğasında baş verir. Əgər lider ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif nümayəndələri, sonra həm də siyasi xadimlər müdafıə etməyə başlayacaqlar.
Kütləvi informasiya vasitələri ictimai rəyə ən müxtəlif formalarda təsir göstərmək imkanlarına malikdir. Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək.
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı təsir göstərir. Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğrunda geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam meyllilik sosial statusa və nüfuz təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.29 Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada yaşayan əhali tərəfindən) Şimal çaylarının axarının qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qərarı qəbul olundu.
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası gündəlikdə da-anırdı. İctimai rəy atom-elektrik stansiyalarını olduqca münasib, ekoloji cəhətdən yaxşı göstəriciləri olan, perspektivli stansiyalar kimi qəbul edirdi. Lakin Çernobıl AES-də baş verən qəza və onun nəticələri nəinki SSRİ-də, həm də bütün dünyada AES-lər ətrafında formalaşan ictimai rəyə sarsıdıcı zərbə endirdi. Azərbaycanda AES tikintisi ideyası öz aktuallığını tam itirdi. Fəaliyyətdə olan AES-lərin dayandırılıb-dayandırılmaması məsələsi geniş müzakirə olunmağa başladı. Onların texniki-texnoloji göstəriciləri hərtərəfli təhlil edildi. Nüfuzlu təşkilatların inspeksiyaları həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki, qəza AES-in tikintisində və istismarında yol verilən əsaslı nöqsanların, qüsurların nəticəsidir, AES kompleksinin inşası və fəaliyyəti isə elmin, texnikanın mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları ictimai rəydə indi də güclüdür.
Kütləvi informasiya vasitələrinin təbliğat işi ictimai rəyin istiqamətliliyi, intensivliyi və inteqrasiyası barədə dəqiq, elmi cəhətdən əsaslandırılmış məlumatlara istinad etməlidir. Geniş mənada təbliğatın məqsədi ictimaiyyət tərəfindən idarə edən tərəfə lazımlı nöqteyi-nəzəri qəbul etməyə istiqamətləndirməkdən, iqtisadi, siyasi və ya sosial hadisələri müdafıə və ya rədd etməyə yönələn ustanovkalar sistemi yaratmaqdan ibarətdir. Natiqlərin kütlə qarşısında çıxışları, jurnallardakı və qəzetlərdəki məqalələr, radio və televiziya verilişləri, reklam, əmtəələrin bazarda irəliləməsi və s. - bütün bunlar ictimai rəyə təbliğat xarakterli təsirin nümunələridir.