Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


MÖVZU 7 İşgüzar kommunikasiya və işgüzar ritorika



Yüklə 390,98 Kb.
səhifə22/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

MÖVZU 7
İşgüzar kommunikasiya və işgüzar ritorika.
VII Mühazirənin
PLANI

  1. İşgüzar kommunikasiyanın növləri

  2. İşgüzar yazışmalar işgüzar həyatın tərkib hissəsi kimi

  3. Şifahi işgüzar kommunikasiya

İşgüzar kommunikasiya ortaq fəaliyyətdə iştirak edən və ya iştirak etmək istəyən, iş ortağı, rəhbər, tabeçiliyində olan işçi, həmkar və s. kimi müəyyən statusa sahib olan insanlar arasında həyata keçirilir.
İşgüzar kommunikasiya – rasional əsasda qurulmuş bir şəxs və ya bir qrup insan kimi çıxış edə bilən ünsiyyət tərəfdaşlarına şüurlu, məqsədyönlü və müvafiq məlumat təsiridir.
İşgüzar kommunikasiya iştirakçıları və ya subyektləri həm fərdi, həm də birgə fəaliyyətlərdə iştirak edən və ya iştirak etməyə hazırlaşan insanlar ola bilər. Birgə layihələrdə iştirak edib-etməyəcəkləri, əgər iştirak etsələr, bir-birinə qarşı necə an­layış göstərəcəkləri işgüzar kommunikasiyanın keyfiyyətindən və effektivlik səviyyəsindən asılıdır.
İstənilən işgüzar kommunikasiya predmeti, məzmun və məqsəd ilə xarakterizə olunur.
İşgüzar və akademik kommunikasiya predmeti onun məzmununu, yəni müəyyən bir prob­le­mi həll etmək üçün lazım olan məlumat, bilik, təcrübə mübadiləsi və qarşılıqlı əlaqəsini müəyyənləşdirir.
İşgüzar və akademik kommunikasiya iştirakçıları tərəfindən qoyulan və müxtəlif xarakter daşıyan müəyyən məqsədlərə nail olmağa yönəldilib: səmərəli məlumat müba­di­lə­si, elmi əməkdaşlıq qurmaq, işgüzar və elmi münasibətlər qurmaq, müqavilə bağlamaq, müəy­yən bir sahədə birgə fəaliyyət və s. Həyatın digər sahələrindəki ünsiyyətlərdən fərqli olaraq, işgüzar kommu­ni­ka­siya bir sıra xüsusiyyətlərə malikdir, bunlardan ən başlıcası iş xarakteri daşıyır. İşgüzar kommunikasiya ünsiyyət tərəfdaşları üçün sadə ünsiyyət kimi deyil, müəyyən bir fəaliyyət növünü: istehsal, elmi, kommersiya və s. təşkil etmək və optimallaşdırmaq vasitəsi kimi əhəmiyyətlidir. İşgüzar kommunikasiyada ünsiyyət predmeti şəxsi problemlər deyil, siyasi vəziyyət deyil, ailə problemləri deyil, ən son teatral xəbərlər və s. deyil, ortaq bir fəaliyyətdir (iş) ki, burada kommunikasiya tərəfdaşları onun uğurlu həyata keçirilməsi üçün bir-birinə əhəmiyyətli olan şəxslər kimi çıxış edirlər.
İşgüzar kommunikasiyanın reallığı belədir ki, simpatiya yaradan insanları iş ortağı kimi seçmək həmişə mümkün olmur. İşgüzar tərəfdaşların bir-birinə qarşı simpatiya və ya antipatiyasından asılı olmayaraq, qarşılıqlı kommunikativ əlaqə zamanı müxtəlif mövqelər, problemə dair baxışlar və optimal həll yolları axtarılır. Əlbətdə ki, şəxsiyyət amilini tamamilə istisna etmək olmaz, amma ünsiyyətdə olan qarşılıqlı əlaqə prosesində əksər hallarda şəxsi münasibətlərin formalaşmasına deyil, məqsədə çatmağa yönəldilmişdir, baxmayaraq ki, şəxsiyyət amili işgüzar münasibətlərdən kənarlaşdırıla bilməz.
İşgüzar kommunikasiya reqlamentləşdirilib, yəni müəyyən edilmiş qaydalara və məhdudiyyətlərə tabedir.
Reqlament (fransız reglament, rēgle qayda – sözündən) – dövlət orqanının, qurumun, təşkilatın fəaliyyət qaydasını müəyyən edən qaydalar məcmusudur; mü­şa­virənin, iclasın, konfransın. qurultayın və s. aparılması qaydası haqqında qabaq­ca­dan müəyyən və qəbul edilmiş nizamnamə.
İşgüzar kommunikasiyada iştirak edənlərin davranışı iş etiketi ilə müəyyən edilir. Etik qaydalar rəsmi olaraq ünsiyyət prosesini tənzimləyir, işgüzar tərəfdaşın şəxsiyyətinə hörmət əsasında bütün iştirakçılar üçün davranış standartlarını müəy­yən­ləşdirir. İşgüzar etiket ünsiyyət iştirakçılarının zahiri görünüşünə, geyimlərinə və danışma tərzinə də müəyyən tələblər qoyur.
İşgüzar kommunikasiya funksional xarakter daşıyır. Ünsiyyət iştirakçıları rollarını və lazımi norma və davranış standartlarını (iclasın rəhbəri – iclas işti­rak­çıları, müdir – işçi, satıcı – alıcı və s.) müəyyən edən rəsmi statuslarda çıxış edirlər. İş­güzar kommunikasiyada rolun ampluasına əməl etmək lazımdır. Hər bir rol di­gər ünsiyyət iştirakçılarının müəyyən gözləntilərinə uyğundur. Bunu nəzərə almaq və konkret vəziyyətin və qəbul edilmiş rolun tələblərinə uyğun davranmaq lazımdır.
İşgüzar və akademik kommunikasının cəmiyyətdə çox böyük rolu var. Bugün təhsil ocaqlarımızda minlərlə müəllim bu fənnin tədrisi ilə məşğul olur və onun inkişafına xidmət edir. Sual-cavablar, keçirilən elmi konfranslar, seminarlar, disputlar, elmi mübahisələr bu fənnin inkişafına, yüksək səviyyəli kommunikativ bilik və bacarıqlarının təbliğinə yönəlib. Ən başlıcası isə bu cür tədbirlər şifahi və yazılı işgüzar və akademik kommunikasiyanın inkişafına təkan verir. Məlumdur ki, cəmiyyət inkişaf etdikcə informasiya bolluğu yaranır. Dünyada baş verən hadisələrin şərhi, daxili xəbərlər, rəsmi xironika, iqtisadi icmallar və s. ünsiyyət mədəniyyətinin inkişafına xeyli köməklik göstərir, xalqın dünyagörüşünü zənginləşdirir. Bir sözlə “Azərbaycan dilində işgüzar və akademik kommunikasıya” birbaşa cəmiyyətə xidmət edir. Onun maraqlarına və mənafeyinə hesablanıb. Çünki nəticədə Azərbaycan dilində normal, məntiqli, sistemli, aydın və elmi cəhətdən sanballı işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərinə yiyələnmək hər bir tələbənin bacarıqlarını artıracaq, Azərbaycan xalqının minilliklər boyu sahib olduğu dəyərlərin yaşamasına xidmət edəcək. Digər tərəfdən isə cəmiyyətin inkişafına və tərəqqisinə kömək göstərmiş olacaq. İşgüzar kommunikasiya yazılı və şifahi formada aparılır.
İşgüzar əməkdaşlıq prosesində informasiya mübadiləsi yazılı şəkildə müxtəlif formalarda həyata keçirilir. İstifadə olunan bu vasitələr Respublika qanunvericiliyi tərəfindən idarə edilir. Qanunvericilikdə Azərbaycan Respublikası ərazisində və onun yurisdiksiyasına aid olan ərazilərdə əlaqə sahələrinin fəaliyyəti ilə bağlı hüquqi əsaslar təyin edilir, dövlət hakimiyyəti orqanlarının əməkdaşlıq əlaqələri ilə bağlı səlahiyyəti və göstərilən fəaliyyətdə iştirak edən şəxsin və ya əlaqələrin xidmətlərinə müraciət edən istifadəçilərin hüquq və vəzifələri müəyyənləşdirilir.
İşgüzar informasiya məzmununa malik əlaqə vasitələrinin obyekti kimi aşağıdakıları misal göstərmək olar:

  • yazılı korrespondensiya;

  • teleqramlar;

  • telefonoqramlar;

  • faksoqramlar;

  • elektron poçt vasitəsilə verilən məlumatlar.

Kompyuter və telekommunikasiya texnologiyalarının səmərəli inkişafına baxmayaraq, yazılı korrespondensiya işgüzar fəaliyyət tərəfdaşları arasında əsas kommunikasiya forması olaraq qalmaqdadır. İşgüzar məktubların mübadiləsi həm dövlət, həm də kommersiya təşkilatlarının vasitəçiliyi ilə reallaşdırılır.
Azərbaycan Respublikası ərazisində poçt əlaqələri ilə bağlı xidmətləri “Azərpoçt” Dövlət Müəssisəsi həyata keçirir. Kommersiya təşkilatları əsasən yazılı korrespondensiyaların ekspres çatdırılması ilə məşğul olur.
Poçt xidməti hər bir kəsə müstəqil şəkildə informasiya əldə etmək, göndərmək və yaymaq imkanı verir, yazışmanın, poçt, teleqraf və digər məlumatların məxfiliyini təmin edir, insanların qarşılıqlı iqtisadi, ictimai və siyasi münasibətlərini möhkəmlətmək və inkişaf etdirmək, əhalinin poçt əlaqələri xidmətinə olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikası ərazisində poçt əlaqələrinin formalaşmasını və effektiv fəaliyyətinin hüquqi zəmanətini təyin edir.
İşgüzar yazışma kommunikasiya prosesi olduğu üçün tətbiq olunduğu zaman aşağıdakılar nəzərə alınmalıdır:

  • Müəllifin yazısının anlaşıqlı və başadüşülən olması;

  • Məlumat müəllifinin məqsədi və məramı;

  • Adresatın məqsədi, maraqları və qabiliyyəti;

  • Sadalanan müvafiq bacarıqların mətndə ifadə edilməsi.

Məktub mətninin ifadəedilmə bacarıqlarından aşağıdakılar həyata keçirilə bilər:

  • Xronoloji üsul

  • Faktiki üsul

Xronoloji üsulun tətbiqində məzmun baş verən hadisələr ardıcıllığına müvafiq şəkildə verilir, yəni əvvəlcə vəziyyət və yaxud hadisənin keçmişinə nəzər yetirilərək məktubun göndərilmə səbəbi şərh edilir, sonra isə dəlillər irəli sürülərək yekun nəticə verilir.
Faktiki izah üsulunda isə vacib dəlillər və ya ehtimallar məktubun əvvəlində qısaca (adətən bir abzasla) şərh edilir, daha sonra bütün təfərrüatları konkret və dəqiq bir şəkildə göstərilir.
İşgüzar kommunikasiya şıfahi formada müxtəlif məzmunlu nitq vasitəsilə həyata keçir. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s.
İctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan “Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm də gözəl natiq, söz ustası kimi yetişsinlər.
Məhkəmə nitqi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqo- riyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq forma- larından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respub- likasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.
XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların, bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə müşaviri İman İmanovun natiqliyi barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında bir müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə müyəssər oldu. Bir qədər pafosla söylənilən bu nitq adamı valeh edirdi. O, söz alıb ayağa qalxdı, ani olaraq susdu. Bu başlanğıc fasiləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti cəlb edir, özü haqda ilk təəssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta templə ifadə etdiyi “Möhtərəm hakimlər” müraciəti ilə nitqinə başladı. Natiq fikrini aydın ifadə edə bilmək üçün olduqca münasib sözlər, ifadələr işlədir, dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir, şərhini məntiqi əsasda qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifadələrdən, zərbi-məsələlərdən, aforizmlərdən, rəngarəng müraciət formaları və sairdən istifadə edirdi. Bu nitq intonasiya cəhətdən zəngin və xoşagəlimli idi. Nitqin sonu başlanğıcla əlaqələndirildi ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır.
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı:

  1. natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri natiq üçün aydın olmalıdır;

  2. natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır;

  3. yalan danışmamalıdır.

Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf ki, onların natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılmamışdır. Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə böyük ehtiyac vardır. Bu gün universitetlərin hüquqşünas fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.
Ekran nitqi. Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur, məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir. Şübhəsiz ki, hər bir halda sözün, nitqin publisistik funksiyası daha geniş olur.
Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin norma- larına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin.
Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qaydalarından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik ünsürlər də bu anlayışa daxildir. Bu mənalı səslənmə vasitələrindən düzgün istifadə telenitqin gözəlliyi, təsir effekti baxımından olduqca əhəmiyyətlidir.
Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz edirlər. Məktəblilərimizdə teleekranda səsləndirilən nitqdən, aktyor və ya diktor oxusundan xarakter parçalar lentə köçürülərək nitq inkişafı məqsədilə aparılan məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli nitq nümunələri təhlil edilir, onların ədəbi dil, o cümlədən orfoepik tələffüz, intonasiya normalarının gözlənilməsi baxımından məziyyəti göstərilir. Belə vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiy- yətli dərəcədə kömək edir.
Çox təəssüf ki, teleekranlarda (xüsusən özəl kanallarda) çıxış edənlərin nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir.
Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir. Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn; qabul, münasibat, avvam, məhşur, yani, sa`naye, təyyin, məsəlçin, belənçik, nərazılıq, gorə, məytəf və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun qüsurlu deyilməsindən irəli gəlir. Məsələn; şu`ra, si`pər, peda`qoq, mü`xtəlif, dü`nya, nəzə`riyyə, psixolo`ji, sı`ğorta, ma`nevr, o`xu, da`ha, i`sim, si`fət və s.
Ekran nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqra- fiyasından fərqli olan söz və qrammatik formaların yazılıdığı kimi deyilməsi və ya oxunmasıdır. Məsələn; yarpaqlar (yarpa [x]lar əvəzinə), vətəndən (vətənnən əvəzinə) alırlar (alıllar əvəzinə), qanlı (qannı əvəzinə), başlayır (başlıyır əvəzinə), alsa idi (alseydi əvəzinə ) və s. Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz, təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə həmişə riayət olunmur. Məsələn, “Sizi ünsiyyətə dəvət edirik” adlı bir televiziya verilişində ünsiyyətin vacibliyindən dönə-dönə bəhs olunurdu. Amma çox təəssüf ki, verilişin iştirakçıları rusdilli idilər, azərbaycanca çətin danışırdılar. Belə verilişlərə dilimizi yaxşı bilənlər, nitq qabiliyyəti olanlar cəlb edilsə, daha məqsədəuyğun olar.Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin. Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin