M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f
Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. Məsələn; hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnində düzəlişlər aparılmalıdır.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən çıxışlar və s. Lakin çıxıs deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.
Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən fərqlənir. Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur.
Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki:
yığcam olsun, çox vaxt aparmasın;
danışan müzakirə olunan mövzudan kənara çıxmasın;
məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;
deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin;