Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə48/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   76
FF tarix

Səfəvilər dövlətinin yaranması. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə İsmayılı onun əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ, həmçinin digər qızılbaş tayfa başçıları Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xülafə, İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) müşaiyət edirdilər.

Yerli Ağqoyunlu hakimləri İsmayıla Ərdəbildə qışlamağa imkan vermədiyindən O, yolüstü Ərcivanda (Astara) qışlayır. Artıq bu dövrdə onun bayrağı altında şamlı, ustaclı, rumlu, təkəli, zülqədərli, əfşar, qacar, varsaq adlanan qızılbaş tayfaları birləşmişdilər. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni Şirvana vurmaq qərara alındı.

İsmayıl birinci növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal üç düşmənlə - Ağqoyunlu Əlvənd Mirzə və Muradla, habelə onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. Belə olduqda qızılbaşların qələbəsi şübhə altında qalırdı. Bununla yanaşı Qızılbaşların nəzərində Şirvanşahlar Şeyx Cüneydin və Şeyx Heydərin ölümünün əsas səbəbkarı - "qatilləri" idilər.

Beləliklə, 1500-ci ilin payızında qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur. Şirvanşah Fərrux Yasar acizlik göstərərək Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq şəhər yaxınlığındakı Gülüstan qalasına yollandılar. Şirvanşah Fərrux Yasar 1500-ci ilin sonunda qoşunla geri qayıdır və Gülüstan qalasından bir qədər aralıda Cabanı düzündə səfəvilərlə döyüşə girir. Şirvanşahlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da döyüş səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür.

Cabanı döyüşündən sonra İsmayıl Muğana qışlamağa getdi. Burada o xəbər tutdu ki, Bakı sakinləri xərac verməkdən imtina edir və qızılbaşlara müqavimət göstərirlər. Belə olduqda 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərir. Lakin şəhər hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəyin arvadı qalanın müdafiəsini təşkil edir. Belə olduqda İsmayıl Bakıya doğru hərəkətə başladı. O, qalanın dinc yolla təslim olunması üçü bakılılara müraciət etdi. Tarixçi Həsən bəy Rumlunun məlumatına görə Qazı bəyin arvadı Səfəvi elçisinin edam edilməsini əmr edir.

Bakılıların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar. Şəhər əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq Şirvanşahların xəzinəsini ələ keçirirlər. İsmayılın ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunur.

Bakını aldıqdan sonra Qızılbaşlar Kür çayını keçib Naxçıvana doğru hərəkətə başlayır. Belə bir vaxtda Ağqoyunlu hakimi Əlvənd Mirzə Naxçıvanın şimal-qərbindəki Şərur düzündə dayanmışdı. İsmayıl Araz çayının cənub sahili boyunca irəliləyərək Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada 1501-ci ilin ortalarında tərəflər döyüşə girdilər.

Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlu Əlvənd Mirzə öz döyüşçülərinin gücünə inanmırdı. Döyüş meydanını tərk etməmələri üçün onları hər tərəfdən dəvələrlə əhatə etməyi əmr etdi. Ağqoyunluların 30 min, səfəvilərin isə 7 min nəfərdən ibarət olmalarına baxmayaraq Ağqoyunlular məğlub olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan edir, adına xütbə oxutduraraq sikkə zərb etdirdi. Paytaxt Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur (1501-1736). Səfəvilər dövlətinin mövcudluğu dövründə Azərbaycan torpaqlarının vahid mərkəzləşdirilmiş halda birləşdirilməsi tariximizdə mühüm hadisə olmuşdur.

Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan ərazisində yarandı. Bu dövlətin iqtisadi əsasını zəngin Azərbaycan vilayətləri (Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədərki Cənubi Azərbaycanı) təşkil edirdi. Ağqoyunlu Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə onun qardaşı Fars və İraqi Əcəmin hakimi olan Murad Mirzədən idi. O, Həmədanda qoşun toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşırdı. Odur ki, 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır və Murad Mirzə Şiraza qaçır. Əgər, Şah I İsmayıl Ağqoyunlu Əlvənd üzərində qələbə ilə Azərbaycana sahib olmuşdusa Ağqoyunlu Murad Mirzə üzərində qələbə ilə isə Fars və İraqi Əcəmə yiyələnir, həmçinin Ağqounlular dövlətinin varlığına son qoyur.

Elə həmin ildə Şah I İsmayıl Şirazı, Qumu, Kaşanı və İsfahanı tutdu. 1505-ci ildə isə Yəzdə və Kirmana yiyələndilər. 1506-1508-ci illərdə Bağdad şəhəri daxil olmaqla Diyarbəkri, Xilat, Bidlis və Ərəb İraqını fədh etdilər. Artıq 1510-cu ildə bütün İran vilayətləri (Xorasan istisna olunmaqla) Səfəvilər dövlətinə birləşdirilmişdi. Beləliklə, Səfəvi dövləti şərqdə Şeybani xanın Özbək dövləti (Şeybanilər dövləti) və qərbdə Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin