4. Elektrik cərəyanından müdafiə - insanı elektrik cərəyanı vurduqda ilk növbədə həmin elektrik qurğusunu və yaxud xəttini şəbəkədən ayırmağa çalışmaq lazımdır. Əgər bu mümkün deyilsə zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq lazımdır. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün onun paltarından (əgər qurudursa və zərərçəkənin bədənindən aralanırsa), məsələn pencək və paltonun ətəyindən, ətrafdakı metal əşyalarla və ya paltarla örtülməyən bədən hissələrinə toxunmamaq şərti ilə tutmaq olar. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırdıqda mümkün qədər bir əllə hərəkət etmək məsləhətdir. Zərərçəkəni bu hissələrdən ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi olan balta ilə və digər izolyasiya olunmuş alətlə kəsib qırmaq lazımdır. Bu zaman yalnız dielektrik əlcəklə və rezin çəkmələrlə işləmək lazımdır.
5. Kimyəvi amillərdən müdafiə - kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi müxtəlif üsullarla həyata keçirilir. Bir sözlə təcavüzkar maddələrlə işləyən bütün işçilər xüsusi iş paltarları və əlcəklərlə təmin edilməlidirlər. Turşu və qələvilərin gözə düşməsindən qorunmaq üçün qoruyucu eynəklər tətbiq etmək lazımdır. Sulfat turşusunu həll edən zaman mütləq nazik kolbaya soyuq su əlavə edərək dayanmadan qarışdırmaq vacibdir. Suyun üzərinə sulfat turşusunu tökmək qadağan edilir. Ümumiyyətlə kimyəvi zərərli maddələrin istehsalçıları və həmin maddələrdən istifadə etməklə istənilən məhsul istehsalı ilə məşğul olan mülkiyyətçilər, işəgötürənlər yerli özünü idarəetmə orqanları kimyəvi maddələrdən gələ biləcək təhlükəyə qarşı qabaqlayıcı tədbirlər görməlidirlər və onların buna qarşı xüsusi proqramları olmalıdır.
6. Bioloji amillərdən müdafiə - bioloji zərərli istehsalat amilləri müxtəlif istehsalat sahələrində çox geniş yayılmışdır. İnsanların böyük əksəriyyəti təsəvvür edə bilməzlər ki, mövcud istehsalat və yaxud digər xəstəliklər zərərli bioloji amillərin təsiri nəticəsində əmələ gəlmiş peşə xəstəlikləridir və həmçinin çox geniş yayılmış, lakin arzu olunmaz bir amildir. Bu zərərli bioloji maddələrdən qorunmaq üçün ondan uzaq olmaq və yaxud onun təsirini buraxıla bilən həddə qədər azaltmaq lazımdır. Eləcə də istehsalat əməliyyatlarının mexanikləşdirilməsi, avtomatlaşdırılması, izolyasiyası, germetizasiyası insanların bioloji amillərdən zərər çəkməsini azaldır. Digər tərəfdən də bu tədbirləri həyata keçirmək nəticəsində, bu işlərin görülməsində iştirak edən insanların sayı azalır. Şəxsi gigiyena, fərdi mühafizə vasitələrindən, xüsusi geyim (kombinezon, dəbilqə, əlcək), respirator, mühafizə mazı, yuyucu toz, əl yuyan vaxtı yoluxma əleyhinə vasitələrdən istifadə etmək vacibdir.