Plan:
10.1. Müəssisədaxili idarəetmə konsepsiyası və onda marketinqin yeri
10.2. Marketinqsistem kimi
10.3. Marketinq inidarə edilməsi prosesi
10.1. Müəssisədaxili idarəetmə konsepsiyası və onda marketinqin yeri
İstənilən iqtisadi sistemdə müəssisə milli iqtisadiyyatın özəyini təşkil edir. Müəssisə mənfəət əldə etmək məqsədilə qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətinin bütün növlərini, o cümlədən məhsul istehsalını, satışını və xidmətlər göstərilməsini həyata keçirən müstəqil təsərrüfat subyektidir. Hal-hazırda müəssisə öz təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirir və ona görə cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır.
Müasir istehsal prosesi yüksək tələblərə cavab verməlidir. Bu aşağıdakı səbəblərlə izah edilir:
1. Məhsul çeşidini operativ və qısa zaman kəsiyində dəyişməyə imkan verən yüksək istehsal çevikliyi. Çünki məhsulun həyat dövrü çox qısadır, məhsulun çeşid müxtəlifliyi və birdəfəlik məhsul buraxılışının həcmi artmışdır.
2. İstehsal texnologiyasının həddən artıq mürəkkəbləşməsi. Bu əmək bölgüsünün, onun təşkilinin və ona nəzarətin yeni mükəmməl formasını tələb edir.
3. Məhsul bazarında ciddi rəqabət mühitinin mövcudluğu. Bu isə məhsulun keyfiyyətinə münasibəti dəyişmişdir və satışdan sonrakı və digər xidmət növlərinin təşkilini və onun keyfiyyətinin yüksəldilməsini tələb edir.
4. İstehsal xərclərinin strukturunun dəyişməsi.
5. Ətraf mühit amillərinin qeyri-müəyyənlik səviyyəsinin artması. Marketinqin ətraf mahiti amillərinin qeyri müəyyənlik səviyyəsinin artması bu amillərin dəyişmə meyllərinin öyrənilməsi və proqnozlaşdırılması məqsədilə marketinq tədqiqatlarının aparılmasını, həmin mühitə uyğun gələn marketinq strategiyasının və kompleksinin hazırlanmasını, həmçinin idarəetmə sisteminin tətbiqini tələb edir.
Müəssisənin fəaliyyətinin öyrənilməsi və onların effektli idarə edilməsi üçün aşağıdakılar zəruridir:
- işlərin cari vəziyyətinin təhlili;
- dəyişən bazar situasiyası şəraitində müəssisənin davranışının proqnozlaşdırılması;
- optimal qərarların qəbul edilməsi məqsədilə tövsiyələrin hazırlanması;
- müəssisə tərəfindən məhdud resursların daha səmərəli istifadə üsullarının müəyyənləşdirilməsi.
Müəssisələrin istehsal-maliyyə fəaliyyətinin idarə edilməsində marketinqin yerini və rolunu müəyyənləşdirmək üçün onun yerinə yetirdiyi funksiyaları, bu funksiyaların məzmununu və onların istehsal-maliyyə fəaliyyətində istifadə istiqamətlərini öyrənmək lazımdır. Müəssisənin istehsal-maliyyə fəaliyyəti mənfəət əldə etmək məqsədilə alıcıların tələbatlarına uyğun gələn məhsul istehsal edilməsini, istehsal edilmiş məhsulların bölüşdürülməsinin və satışının təşkil edilməsini, qiymətqoyma siyasətinin hazırlanmasını, müəssisənin fəaliyyətinin təşkili və idarə edilməsini və s. əhatə edir.
Artıq qeyd etdiyimiz kimi, marketinq qarşısına qoyulan məqsəd və vəzifələri yerinə yetirmək üçün marketinq tədqiqatları, məhsul çeşidinin planlaşdırılması, məhsulların bölüşdürülməsi və satışının təşkili, satışın həvəsləndirilməsi və qiymətqoyma funksiyalarını yerinə yetirir. O, bu funksiyaları yerinə yetirməklə, müvafiq marketinq strategiyaları hazırlamaqla və onların realizasiyasını təmin etməklə müəssisənin istehsal-maliyyə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir. Belə ki, marketinq tədqiqatları prosesində alıcıların tələbatlarının və ödənilməmiş tələbatın həcminin, alıcıların məhsulun istehlak xüsusiyyətlərinə tələblərinin, bölüşdürmə və satış kanallarının, qiymətin dəyişmə meylinin, rəqiblərin bazar strategiyasının və s. amillərin tədqiqi həyata keçirilir və bu tədqiqatlar nəticəsində müəssisənin istehsal-maliyyə fəaliyyətinin planlaşdırılması üçün zəruri olan informasiya toplanılır və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Deməli, marketinq tədqiqatları marketinq fəaliyyətilə yanaşı, bütünlükdə müəssisənin istehsal-maliyyə fəaliyyətinin təşkilinin, planlaşdırılmasının və idarə edilməsinin əsasını təşkil edir.
Müəssisə məhsul çeşidinin planlaşdırılması prosesində marketinq tədqiqatlarının, istehlakçıların tələbatlarının və müəssisənin məhsul portfelinin təhlilinin nəticələrini, həmçinin rəqiblərin məhsul siyasətini nəzərə almaqla özünün mövcud məhsul çeşidi qiymətləndirir, mövcud məhsulların təkmilləşdirilməsi və bazarların tələbatlarının ödənilməsi məqsədilə yeni məhsulların hazırlanmasını təşkil edir, məhsul çeşidindən çıxarılacaq məhsulların siyahısını tərtib edir və s. Bunlarla yanaşı, bu zaman, yeni məhsulun istehsalının təşkililə əlaqədar olan investisiyaların məbləği və onların mənbələri, zəruri olan bütün növ resursların alınması imkanları, satışın həcmi və onunla əlaqədar olan xərclərin məbləği və səviyyəsi, rentabellik səviyyəsi və s. göstəricilər təhlil edilir. Başqa sözlə desək, məhsul çeşidinin planlaşdırılması prosesində müəssisənin istehsal proqramının tərtib edilməsi və onun əsaslandırılması həyata keçirilir.
Marketinqin məhsulların bölüşdürülməsi və satışı funksiyasının əsas vəzifəsi lazım olan məhsulu lazım olan vaxtda və yerdə münasib qiymətlə lazım olan istehlakçıya çatdırmaqdan, məhsulların bölüşdürülməsinin və satışının təşkil edilməsindən ibarətdir.
10.2. Marketinq sistem kimi
Həqiqətin dərk edilməsinə yanaşmanın iki metodu: predmet, elementlər üzrə yanaşma metodu və sistemli yanaşma metodu mövcuddur. Predmet yanaşma metodunda obyekt ayrılıqda, təcrid olunmuş halda götürülərək öyrənilir. Obyekt sistemli şəkildə öyrənildikdə, tədqiq edildikdə isə ona tamın, sistemin bir hissəsi kimi baxılır və onunla qarşılıqlı əlaqədə öyrənilir. Sistemli yanaşma metodu çoxölçülü, mürəkkəb prosesləri daha yaxşı başa düşməyə, dərk etməyə imkan verir. Sistem dedikdə, vahid tam təşkil edən, ayrı-ayrı elementləri olan və bu elementlərin qarşılıqlı əlaqəsi obyektə onun hər bir elementinə xas olmayan və ya onların riyazi cəmi olmayan yeni, sistem keyfiyyəti verən istənilən təbiətli obyekt başa düşülür.
Hər bir sistem müəyyən struktura və funksiyaya malik olmalıdır. Sistemin strukturu dedikdə, onun quruluşu, yəni tərkib elementləri və onların qarşılıqlı yerləşməsi də daxil olmaqla onlar arasındakı qarşılıqlı əlaqə başa düşülür. Marketinqin elementləri vardır və onlar arasında qarşılıqlı əlaqələr olur. Sistemin funksiyası dedikdə, isə ayrı-ayrı elementlərin həyata keçirdiyi tədbirlər kompleksi başa düşülür. Bununla əlaqədar olaraq hər bir sistemin öyrənilməsi funksional yanaşma və struktur yanaşma metodu tətbiq edilməklə həyata keçirilir.
Dostları ilə paylaş: |