Qatar gedir, qaranlığı yara-yara,
Qatar gedir yollarını yora-yora,
Qatar gedir, köhlən qatar, qatır qatar,
Qaranlığı qabağına qatır qatar.
Qatar qaçır, qatar uçur, alov saçır,
Gələcəyin toranında yollar açıq.
O qatarda biz gedirik,
Az gedirik, üz gedirik,
Dərə-təpə, düz gedirik.
Bu şeirin məzmunu məlumdur, amma oxucunu cəlb eləyən həm də şeirdəki alliterasiyadır, eyni samit səslərin – daha çox q səsinin sanki qatarın gedişinə uyğun bir-birini təqib etməsi, nizamla işlədilməsidir.
Eyni sözün təkrarı (eləcə sə sinonimlərin işlədilməsi) nitqdə, xüsusən bədii əsərlərdə, şeirdə ahəngdarlığı yaradan vasitə olur. Bunu müşahidə etmək üçün S.Məmmədzadənin şeirindən başqa bir parçanı nəzərdən keçirək:
Şuşanı qar gördüm, qar gördüm,
Elimi var gördüm, var gördüm.
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.
Bağları dağ gördüm, dağ gördüm,
Həmişə sağ gördüm, sağ gördüm.
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.
Səslərin, sözlərin təkrarından yaranan ahəngdarlıq, ritm bu şeir parçasında öz musiqisini, nəğməsini də oxucuya diqtə edir. Səslərin yaratdığı ahəngdarlıq təkcə şeirlərdə deyil, nəsr üslubunda yazılan mətnlərdə də özünü göstərir. Nəsr əsərlərində eyni və ya yaxın səslərin sözlərin əvvəlində və ya ortasında ardıcıl düzümü üslubi effekt yaradır. Aşağıdakı parçada Ģ samitinin alliterasiyası dediklərimizə nümunə ola bilər:
“Sona şamı yandırdı. Şamın işığı foroşəklin üstünə düşdü və Gülağanın gözləri o şam işığında işıldadı” (Elçin).
Yaxud, m, n səslərinin yaratdığı ahəngdarlıq: “Indi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün” (İ.Şıxlı).
Hər iki nümunədə səs düzümündən məharətlə istifadə edilərək ifadəlilik, ahəngdarlıq yaradılmışdır.
Natiq nitqdə ahəngdarlığı yaradan vasitələr, xüsusən ədəbi tələffüz haqda geniş linqvistik məlumata malik olmalı, həmin bilikləri öz nitq praktikasına tətbiq edə bilməlidir.
Leksikanın üslubi imkanları. Sinonim vasitələr. Danışıq zamanı üslubi effekt və səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikin daha təsirli, ifadəli və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunur ki, onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki, onlar incə məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlara malikdir. Danışan fikir və hisslərini daha dəqiq ifadə etmək üçün sinonim cərgəyə məxsus lazımi sözü yerli-yerində elə işlədir ki, bu, nitqdə dəqiqliyi yaradır, eyni zamanda ahəngdarlıq təmin edir. Bu baxımdan Ulu öndər H.Əliyevin nitqi təsirli və zəngin olmuşdur. Onun dilində həyəcan-narahatlıq, arzu-istək, kömək-qayğı-mənəvi dayaq, bilikli-savadlı, hörmət-ehtiram-minnətdarlıq, fikir-duyğu-istək və s. kimi ifadələrə, sinonimlərə tez-tez rast gəlmək mümkündür ki, bu da onun dilinin leksik cəhətdən zəngin olduğunu göstərir.
Leksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə bir növ yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belə danışıq tərzini rəğbətlə qarşılayırlar. Dilimizin leksikası sinonimlik baxımından olduqca zəngindir: qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman; güc, qüvvə, taqət; el, vətən, diyar, yurd, oba, ocaq; keçid, aşırım; dünya, aləm, cahan, kainat; üz, sifət, bəniz, camal, surət; xoşbəxtlik, səadət; iftixar, qürur; söz, deyim; gələcək, istiq-bal; ayrılıq, hicran; incə, zərif, nəfis, lətif; tək, tənha; od, atəş; səs, səda, avaz və s.
Nümunələrdən göründüyü kimi, sinonim cərgələri əmələ gətirən kompo-nentlərin hər biri öz semantik dairəsinə görə digərlərindən fərqləndiyi üçün mənaca tam üst-üstə düşmür. Onların hər biri həmin cərgədəki əsas sözü müəyyən cəhətdən aydınlaşdırır, dəqiqləşdirir.
Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur:
a) nəzərdə tutulmuş fikrin daha təsirli, emosional, dəqiq və incə məna çalarında dinləyiciyə çatdırılması;
b)məzmundan asılı olaraq müəyyən məna koloriti (məsələn, komiklik, liriklik və s.) yaratmaq;
c) nitqin etik normalarını gözləmək, dil vahidlərindən ictimai nəzakət qaydalarına uyğun istifadə etmək, kobud, qaba, eyibli sözlərin (vulqarizmlərin) işlənməsinə yol verməmək;
ç) nitqdə lüzumsuz təkrarlardan qaçmaq.
Sinonimlərdən istifadə, hər şeydən əvvəl, sözlərin yersiz təkrarından yaranan nitq qüsurunun (məsələn, yazıçı-yazıçıdır. Bu qədər özbaşınalıqdan təkbaşına baş çıxarmaq olmaz; Qısa hazırlıq tam şəkildə hazırdır; İşin sonunda iş sona çatdı; Qiymətlə qiymətləndirildi, döyüşlərdə döyüşmək, yazı yazmaq, geyimləri geymək, yeni bir yenilik, nüfuzdan düşmüş nüfuz, xəbərdən xəbəri yoxdur, layihəni həyata keçirmək üçün layihə hazırlamaq, atəşkəsi kəsmək və s. kimi) qarşısını alır. Bəzən dil kasıblığı, söz ehtiyatının məhdudluğu üzündən danışan, eləcə də yazan eyni sözü, ifadəni (məsələn, deyir, deyir ki, demək, deyə, xüsusilə, təbii ki və s.) cümlələrdə təkrarlayır ki, bu da nitqin ağırlaşmasına, təsirinin azalmasına səbəb olur. Belə halda sözün sinonimlərindən istifadə edilsə (məsələn; deyir, söyləyir, bildirir, açıqlayır, göstərir, qeyd edir, buyurur, bəyan edir və s.), nitq daha yaxşı səslənər və aydın dərk olunar.
Sinonim vasitələrdən istifadə natiqlik sənətində xüsusi əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, kifayət qədər söz ehtiyatına malik olan, sözləri yerindən işlətməyi bacaran şəxsin nitqi aydın, cazibədar və təsirli olur. Dilin sinonimik imkanları, üslubi funksiyalarını yaxşı mənimsəyən natiq nəzərdə tut-duğu fikri dinləyiciyə çatdırmaq üçün söz seçməkdə çətinlik çəkmir, zəngin, emosional və ekspressiv ifadə vasitələrindən bacarıqla istifadə edə bilir ki, bu da nitqin təsir gücünü artırır.
Natiq öz danışığında (eləcə də yazısında) leksik sinonimlərlə yanaşı, sinonim frazeoloji vahidlərdən də istifadə etməyi bacarmalıdır. Məsələn: dili dolaşmaq – dili topuq vurmaq, gözə gəlmək – göz dəymək, evinə od vurmaq – külünü göyə sovurmaq, rəhmətə getmək – dünyasını dəyişmək, ürək-göbəyi düşmək – bağrı yarılmaq, başını itirmək – çaş-baş düşmək, hörmətdən düşmək – nüfuzunu itirmək və s. sinonim frazeoloji vahidlər nitqin emosionallığını, təsir gücünü, ifadəliliyini artırır, onun xəlqiliyini təmin edir.
Antonim sözlər. Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyaları qabarıq, obrazlı bir şəkildə təsvir etmək, qiymətləndirmək, nəzərə çarpdırmaq məqsədilə antonimlərdən istifadə olunur. Bədii təsvir vasitəsi kimi antonimlər nitqdə lakoniklik, konkretlik, obrazlılıq yaradır. Antonimlərdən dilin bütün üslublarında istifadə olunsa da, onlar üslubi vasitə kimi bədii ədəbiyyatda, poeziyada daha geniş şəkildə işlədilir: Mən yaşıd qardaşam qocayla, gənclə,
Sirli bir aləməm bütün aləmdə.
Nifrət məhəbbətlə, sevinc kədərlə,
Baş-başa uyuyur mənim sinəmdə.
N.Xəzri
Bu parçada lirik qəhrəmanın dünyaya, insanlara münasibəti, ümumiyyətlə, bədii portreti qoca-gənc, nifrət-məhəbbət, sevinc-kədər kimi antonimlərlə qabarıq şəkildə nəzərə çatdırılır.
Antonim sözlərdən əşya və hadisələrin qarşılaşdırılması, müqayisə yolu ilə təzadlı lövhələrin yaradılması məqsədilə istifadə olunur. Bu baxımdan aşağıdakı nümunələrə diqqət edək:
Sən mənim qəribə qismətim, payım,
Gecələr gündüzüm, gündüzlər ayım.
Güneydə-quzeyim, qışda yazımsan,
Sən mənim həmişə əlçatmazımsan.
Dostları ilə paylaş: |