Eşitmə-müvazinət orqanı-organum auditus, organum status-3 hissədən ibarətdir; xarici, orta və daxili qulaq. Xarici qulağa qulaq seyvanı (mürəkkəb formalı, üzəri dəri ilə örtülü elastiki qığırd aqdan təşkil olunub) və xarici qulaq keçəcəyi aiddir. Xarici qulaq keçəcəyini uzunluğu 35 mm, daiametri 9 mm-dir. Burada qulaq tükləri, piy və qulaq kiri ifraz edən qulaq kiri vəziləri vardır. Təbil pərdəsi 11⁕9 mm olub, xarici qulağı orta qulaqdan ayırır. Orta qulaq gicgah sümüyündə yerləşib, kubşəkilli təbil boşluğu, qulaq sümükcükləri (çəkic, zindan və üzəngi) və eşitmə borusundan ibarətdir. Eşitmə borusu 35 mm uzunluğa, 2 mm diametrə malik olub, təbil boşlugunu udlaqla birləşdirir və təbil boşluğunda havanın təzyiqini tənzim edir. Daxili qulaq gicgah sümüyündə yerləşib, sümük və onun daxilində olan zarlı labirintdən ibarətdir. Sümük labirint sümük maddədən əmələ gəlib, dəhliz, 3-yarımdairəvi kanal və ilbizdən ibarətdir. Zarlı labirint sümük labirintin daxilində yerləşib, ona uyğun olaraq mərkəzi hissə, 3-yarımdairəvi axacaqlar və ilbiz axacağından təşkil olunub. Sümük labirintlə zarlı labirint arasında yerləşən limfa mayesi perilimfa, zarlı labirintin daxilində yerləşən maye isə endolimfa adlanır.
Dinamik hərəkət zamanı baş və bədənin yerin cazibə qüvvəsinə nisbətən yerdəyişməsi endolimfanın cərəyanına, o da öz növbəsində statoreseptorların qıcıqlanmasına səbəb olur. Səs dalğaları ilbiz axacağının daxilində olan endolimfanı hərəkətə gətirir, bu da fonoreseptorlara təsir edir. Fonoreseptorlar spiral (korti) orqanında yerləşir. Eşitmənin qabıqaltı (reflektor) mərkəzi orta beyin- aşağı qoşatəpədədir.