Zəlzələnin proqnozu Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur.
Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.
Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir.
Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər.
Torpaq sürüşməsi - torpağın alt və ya üst qatının müəyyən qədər kəskin yer dəyişməsidir.
Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.
Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.
Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.
Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.