4.Elmi induksiya.Elmi induksiya elə əqlinəticədir ki, onda ümumiləşdirmə zəruri halların seçilməsi, təsadüfi halların isə istisnası yolu ilə qurulur. Tədqiqat üsulundan asılı olaraq elmi induksiyanın iki növünü fərqləndirirlər: a)seçmə üsulu ilə induksiya (seleksiya); b)istisnaetmə üsulu ilə induksiya (eliminasiya).
a) Seçmə üsulu ilə induksiya.Seçmə üsulu ilə induksiya, yaxud selektiv induksiya elə əqlinəticədir ki, əlamətin sinfə (çoxluğa) məxsus olması haqqında nəticə, bu sinfin müxtəlif hissələrindən hadisələrin metodik seçilməsi ilə əldə edilmiş nümunə (altçoxluq) haqqında biliyə əsaslanır. Əgər populyar ümumiləşdirmədə P əlamətinin K sinfində bərabər paylanması fərziyyəsindən çıxış edilirsə və bununla da güman edilirsə ki, onun sadə təkrarlandığı halda K-ya keçirilir, elmi induksiyada isə K qeyri-bircins çoxluqdur və P əlaməti onun müxtəlif hissələrində qeyri-bərabər şəkildə paylanır.
Nümunənin formalaşdırılması üçün müşahidə şəraitləri də müxtəlif olmalıdır. Nümunənin təmsilçiliyini, yaxud reprezentativliyini təmin etmək üçün K-nın müxtəlif hissələrindən P-nin seçimində onların səciyyəsi və əhəmiyyəti nəzərə alınmalıdır.
“Müşahidə şəraitinin müxtəlifliyi” anlayışı çoxluqların konkret növləri üçün tam fərqlidir. Bir halda o məkan növ fərqliliyi, digərində zaman növ fərqliliyi, üçüncüsündə funksional, dördüncüsündə isə qarışıq səciyyə daşıyır.
Seçmə metodu ilə induksiyaya misal olaraq Rusiyanın oblastlarından birində əkilən payızlıq buğdanın növü haqqında mühakimələri göstərmək olar. Cənub oblastlarından birinin ortasından keçən magistral boyu hərəkət edərkən müşahidə olunur ki, bir neçə, məsələn altı rayonda tarlalarda eyni növ payızlıq buğda əkilmişdir. Əgər bu əsasda ümumiləşdirmə aparsaq ki, bütün 25 rayonda, deməli bütün oblastda eyni növ buğda əkilir, aydındır ki, belə populyar induksiya ehtimali yekun bilik verəcək.
Əgər populyar induksiyada olan rayonların sayı qədər seçilən rayonlar təsadüfi yox (yəni, magistral boyu qarşıya çıxanlar), rayonların yerləşdiyi məkan (landşaft) və iqlim şəraiti nəzərə alınmaqla seçim aparılarsa yekun bilik ayrı olacaq. Əgər seçilmiş rayonlar cənub və şimala, mərkəz və əyalətə, düzənlik və meşə-düzənliyə aid olarsa və bu zaman növlər təkrarlanarsa, onda daha böyük ehtimalla söyləmək olar ki, bütün oblastda eyni növ buğda əkilmişdir.
Hətta bu halda belə, yekun bilik dəqiq olmaya bilər. Birbaşa müşahidə edilməyən rayonda tam fərqli növ buğda əkilməsi istisna edilmir.