Analogiya üzrə əqlinəticə. 1.Analogiya anlayışı. 2.Analogiyanın növləri. 3.Analogiya üzrə əqlinəticənin yararlılıq şərtləri. 1.Analogiya anlayışı. Elm və praktik fəaliyyətdə tədqiqat obyekti kimi bir çox hallarda öz fərdi səciyyəsinə görə təkrarolunmaz hadisə, predmet və təzahürlər çıxış edir. Onların şərhi və qiymətləndirilməsi zamanı istər deduktiv, istərsə də induktiv mühakimələrin tətbiqi çətinliklə üzləşir. Belə hallarda analogiya üzrə əqlinəticələrdən istifadə olunur: bir hadisə onunla oxşar və məlum olan digər hadisəyə bənzədilir, sonuncu haqqında əvvəllər əldə edilmiş bütün informasiya birinciyə şamil edilir.
Məsələn konkret bir ölkədə inqilabi hadisələri təhlil edən tarixçi və yaxud siyasətçi, bu hadisələri əvvəllər başqa ölkədə baş vermiş oxşar inqilaba bənzədir və bunun əsasında siyasi hadisələrin inkişafını proqnozlaşdırır. Məsələn, rus siyasi xadimləri 1918-ci ildə Almaniya ilə sülh müqaviləsinin (Brest sülhü) bağlanmasını XIX əsrin əvvəllərində Avropada baş vermiş oxşar hadisəyə müraciət etməklə əsaslandırırdılar. Belə ki, 1807-ci ildə almanlar Napoleonla son dərəcə ağır şərtlə sülh müqaviləsi (Tilzit sülhü) bağlamış, altı-yeddi il sonra qüvvələrini bərpa edərək azad olmuşlar. Rusiya üçün də analoji çıxış yolu təklif olunurdu.
Oxşar nəticə çıxarma formasına fizikada da rast gəlmək olur. Səsin yayılma mexanizmi şərh edilərkən onu mayenin hərəkətinə bənzətmişlər. Belə bənzətmə əsasında səsin dalğa nəzəriyyəsi yaranmışdır. Bu halda bənzətmə obyekti maye və səs, köçürülən əlamət isə onların dalğavari yayılması olmuşdur.
İki obyektin müəyyən əlamətlərinə görə bənzərliyi əsasında, birində məlum olan, ikincisində isə bilinməyən əlamətin sonuncuya aid edilməsi yolu ilə çıxarılan əqlinəticəyə analogiya deyilir. Analogiyadan öncə iki obyekt müqayisə olunur. Bu isə öz növbəsində onlar arasında oxşarlıq və fərqi müəyyənləşdirməyə imkan verir. Bunula belə analogiya üçün heç də ixtiyari uyğunluq yox, əhəmiyyətli əlamətlərdə oxşarlıq tələb olunur. Məhz belə oxşarlıq iki maddi, yaxud ideal obyektin bənzədilməsi üçün əsas kimi çıxış edir.
Analogiya ixtiyari məntiqi əməliyyat deyil. Onun əsasında gerçəkliyin predmetlərinin obyektiv xassə və münasibətləri dayanır. Çoxsaylı əlamətlərə malik olan hər bir konkret predmet bu əlamətlərin təsadüfi kombinasiyası yox, müəyyən vəhdətidir. Hər hansı bir əlamət nə qədər az əhəmiyyət kəsb edirsə etsin, onun mövcudluğu və dəyişməsi predmetin digər cəhətlərinin vəziyyəti, yaxud xarici şəraitlə şərtlənir.
Əgər dövlətin, məsələn, ictimai qüvvələrin düzəni kimi əlaməti dəyişərsə, onda bu onun daxili və xarici siyasətinə təsir göstərə bilər, quruluş və idartəetmə formasının dəyişməsi ilə sonuclanar. Cisimlərin fiziki xassələrinin dəyişməsi ilə onun digər xassələri də dəyişə bilər.
Obyektiv gerçəklikdə konkret predmetin hər bir yeni tapılmış əlaməti, onun digər əlamətləri kompleksindən asılı olmadan yaranmadığı, müəyyən dərəcədə onlarla bağlı olduğu üçün, eyni əlamətlər kompleksinə malik olan digər predmetdə də yeni əlamətin olması haqqında nəticə çıxarılır. Analogiya üzrə əqlinəticədə məlum bilikdən yeni biliyə məntiqi keçid bu qayda ilə tənzimlənir: Əgər iki fərdi predmet müəyyən əlamətlərə görə oxşardırsa, onda onlar müqayisə olunan predmetlərdən birində tapılmış digər əlamətlərə görə də oxşar ola bilər.