Mövzu 3. Ali məktəbdə təlimin mahiyyəti,
hərəkətverici qüvvələri və prinsipləri
Plan:
1. Ali məktəb didaktikasının əsas kateqoriyaları
2. Təlimin prosesinin mahiyyəti və hərəkətverici qüvvələri
3. Ali məktəb müəlliminin funksiyaları və ona verilən tələblər
4. Ali məktəb müəlliminin pedaqoji ustalığı
5. Ali məktəbdə təlimin prisipləri və onların səciyyəsi
Ali məktəb didaktikasının əsas kateqoriyaları
Ali məktəb didaktikası (yuanaca, didaktikos-öyrədən, didasko-öyrənən deməkdir) ali məktəbdə təhsl və təlim haqqında elmdir. Akademik pedaqogikanın müstəqil bir sahəsini təşkil edən ali məktəb didaktikasının tədqiqat predmeti – ali məktəbdə təhsil prosesidir.
Hər bir konkret elm kimi ali məktəb didaktikasının da müəyyən funksiyaları var. Onları şərti olaraq iki qrupa bölmək olar:
- ali məktəb didaktikasının elmi-nəzəri funksiyaları;
- ali məktəb didaktikasının konstruktiv funksiyaları.
Ali məktəb didaktikasının elmi-nəzəri funksiyaları deyilərkən, ali təhsil prosesinin struktur və məzmun elementlərinin xarakteristikalarının öyrənilməsi, didaktik münasibətlərin (öyrədən-vasitə-öyrənən) tədqiqi nəzərdə tutulur.
Ali məktəb didaktikasının konstruktiv (normativ-tətbiqi) funksiyaları deyilərkən, dövrün tələblərinə və dövlətin mənafeyinə uyğun olaraq təhsilin məzmununu yeniləşdirmək, təlim vasitələri və metodlarının səmərəliliyini artırmaq, yeni təlim texnologiyaları hazırlamaq nəzərdə tutulur.
Ali məktəb didaktikasının məzmunu aşağıdakı komponentlərdən ibarətdir:
-ali məktəbin qarşısında duran sosial funksiyaların müəyyənləşdirilməsi və əsaslandırılması;
-ali təhsilin spesifik məqsədlərinin əsaslandırlması;
-ali məktəbdə təhsilin məzmununun müəyyənləşdirilməsi;
-ali məktəbdə təlim prosesinin reallaşdırılması yollarının müəyyənləşdirilməsi;
- ali məktəbdə təlim prosesinin özünəməxsus xüsusiyyətlərinin aşkarlanması;
- ali məktəbdə təlim metodları və formalarının optimallaşdırılması;
-ali məktəbdə müasir təlim texnologiyalarının hazırlanması və tətbiqi;
Təhsilin məzmunu – bəşəriyyətin qazanmış olduğu obyektiv elmi-praktiki təcrübənin cəmiyyət və dövlət tərəfindən qəbul edilmiş xüsusi sistemini özündə birləşdirir. Bu sistemlərin mənimsənilməsi insanın müəyyən əmək sahəsində muvəffəqiyyətli fəaliyyətini təmin edir. Müvafiq bilik, bacarıq və vərdişlərdə təzahür edən təhsilin məzmununun mənimsənilməsi tədris müəssisələrinin qarşısında duran əsas məqsəddir.
Dostları ilə paylaş: |