Fəal təlim tələbələrin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Təlimi fəallaşdırmaq məqsədilə aşağıdakı priyomlar irəli sürülür:
informasiyaların həcmini çoxaltmaq və onları sıxlaşdırmaq;
öyrənmə prosesini sürətləndirmək;
çətinlik səviyyəsini yüksəltmək;
təlim üçün xüsusui psixoloji və didaktik şərait yaratmaq;
təlim-idrak fəaliyyətinin idarə olunmasında nəzarət formalarını gücləndirmək;
təlimin müasir texniki vasitələrindən daha geniş surətdə istifadə etmək.
Bu priyomlara istinad edərək fəal (aktiv) təlimin üstünlüklərini aşağıdakı kimi göstərmək olar:
öyrənənlərin arzusundan asılı olmayaraq, fəal olmaq məcburiyyəti;
öyrənənlərin fəallığının qısa müddətli və epizodik deyil, uzun müddətli (bütün
məşğələ boyu) və davamlı olması;
məsələnin müstəqil və yaradıcı şəkildə həlli;
motivasiyaların yüksək inkişaf səviyyəsi;
təlim prosesinin və öyrənənlərin emosionallığı;
öyrədən və öyrənənlərin müntəzəm düzünə və əks-əlaqə şəraitində işləməsi.
Fəal təlim texnologiyasına xas olan əsas xüsusiyyətlər aşağıdakılaradır:
təfəkkürün fəallığı;
informasiyanın çevik surətdə işlənməsi;
fəal diskussiya şəraiti;
yaradıcı qərarların qəbul edilməsi;
təlim-idrak problemlərinin kollektiv həlli.
Ali məktəbdə təlim prosesində elə didaktik və psixoloji şərait yaradılmalıdır ki, o,
sosial aktivliyə, fəal həyat mövqeyinə malik mütəxəssislər formalaşmasını təmin etsin.
Problem mühazirə, problem seminar, tematik diskussiyalar, “fikirlərin hücumu”, “əqli hücum”, “dəyirmi stol”, konkret situasiyaların təhlili və s. müasir ali məktəb təlimində həyata vəsiqə almış fəal texnologiyalardır.
Fəal təlim texnologiyalarının qarşısında duran konkret vəzifələr aşağıdakılardır:
peşə problemlərini həll etmək bacarığı;
mürəkkəb real vəziyyətləri qabaqcadan görə bilmək qabiliyyəti;
mütəxəssisə xas keyfiyyətlərin formalaşdırılması;
səhvlərə yol verməmək, yaxud onların qarşısını almaq məharəti;
təhsilalanın şəxsiyyət və mütəxəssis kimi ahəngdar inkişafını təmin etmək;
çətinliklərdən qorxmamaq;
tolerantlıq.
Dostları ilə paylaş: |