Mövzu: Akademik və işgüzar natiqlikdə intonasiyanın gözlənilməsi.
Plan:
1. İntonasiya. Natiqin səsi, intonasiyası
2. Tembp, səs tonu, vurğu, vurğunun növləri
3. Nitqin sürəti. Nitq prosesində fasilə
4. Məntiqi və psixoloji fasilə
5. Nitqin melodikliyi
6. Durğu işarələrinin intonasiyada rolu
1.İntonasiya. Natiqin səsi, intonasiyası
Tələffüz nitqin şifahi qoluna aiddir. Natiq yazdığı nitqi şərh edərkən və ya nəyin isə haqqında danışarkən onun tələffüzü mühüm rol oynayır. Tələffüz nümunəvi nitqin mühüm amilidir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Nitqin gözəlliyinə xidmət edən diksiya aktyor, müəllim, diktor üçün çox mühümdür. Hər bir natiq nitqini şərh edərkən, emosionallığa ciddi riayət etməlidir. Çünki diksiya emosionallıqla bilavasitə əlaqədardır. Dinləyicilərin diqqətini cəlb edən məsələlərdən biri də nitqdə səs tembrindən düzgün istifadə olunmasıdır. Natiq nitqi şərh edərkən auditoriyanı nəzərə almalı və səsin tembrini ona uyğun şəkildə qurmalıdır. Nitqdə təsvir olunan hadisələrlə yaşayan natiq səsinin tembrində də bunu hiss etdirməlidir. Yeri gəldikcə tempi dəyişməlidir.
Nitqin ümumi şərhi isə orta tempdə olmalıdır. Səsin eşidilmə dərəcəsi natiqin ustalığını nümayiş etdirir, bu diksiya üçün gözəl zəmin yaradır. Nitq zamanı tələsmədən, aramla danışmaq mühüm rol oynayır. Tez-tez danışmaq, dilin topuq vurması, ağız quruması, yersiz udqunmalar diksiyanın pozulması deməkdir. Diksiyada natiq ağ ciyərdən gələn hava axınını da düzgün tənzimləməlidir. Nitq prosesində tənəffüs sistemi pozulursa, onda diksiya da pozulur. Belə nitqin təsir qüvvəsi zəifləyir və dinləyicilərin diqqətinin yayınmasına səbəb olur. «Danışarkən cümlənin təkcə məzmunu deyil, həm də nə məqsədlə söylənilmiş olması sözlərin necə səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən, əksinə, qısalır, daha da alçalır, bəzən uzanır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə, əksinə, qarışıq bir silsilə təşkil edir. Bununla da nitqin ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir».
Gətirdiyimiz sitatdan aydın olur ki, intonasiyadan (sitatda onu mərhum professor Ə.Dəmirçizadə avazlanma adlandırsa da, intonasiya terminindən istifadə edəcəyik) natiq öz nitqində işlətdiyi ara sözləri, sual cümlələri, xitabları, nidaları, əlavələri, xüsusiləşmələri düzgün tələffüz etmək üçün (bura vurğunu da əlavə etmək olar) istifadə edir. Həmcins üzvlər arasında cümlələrin sadalanmasında intonasiyanın təkrar olunması nitqdə hiss olunmalıdır. İntonasiya mürəkkəb bir hadisədir. Buna səs tonunun alçalıb yüksəlməsi, nitqin sürəti, tələffüzün qüvvətləndirilib zəifləndirilməsi, cümlə daxilində fasilənin olub-ol
maması və s. daxildir. İntonasiya təsdiq cümlələrini sual və nida cümlələrindən, tabesizlik əlaqəsini tabelilik əlaqəsindən fərqləndirmək üçün imkan yaradır, intonasiya mənaya görə cümlənin müəyyən hissəsini ayırmağa da imkan verir. İntonasiya vasitəsi ilə şübhə, təəccüb, şadlıq, qəmginlik, kədər və s. kimi hisslər ifadə edilir.
İntonasiyadan düzgün istifadə etmək nitqin mənasını yaxşı başa düşməyə kömək edir.
Dostları ilə paylaş: |