6.Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti
Gündəlik həyatda tez-tez işlədilən “sosial şəbəkə” termini altında kontenti şəbəkə iştirakçılarının özlərindən ibarət olan və çoxsaylı istifadəçilərə malik interaktiv veb-sayt başa düşülür. Bu avtomatlaşdırılmış sosial mühit hər birimizə özümüzə aid olan məlumatlarla paylaşmaq, digər şəbəkə iştirakçıları ilə ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq, onlar üçün əhəmiyyətli materiallarla (faydalı keçidlər, fotoşəkillər, sənədlər, istinadlar, təqdimatlar və s.) bölüşmək, şəbəkə daxilində maraqlar üzrə müxtəlif birliklər formalaşdırmaq imkanı verir. Tədqiqatçılar informasiya texnologiyalarının bu obyektinin bütün imkanlardan maksimum istifadə edərək, sosial şəbəkələrin insan fəaliyyətinin müxtəlif istiqamətlərində yeni tətbiq sahələrini araşdırmağa çalışırlar.
Son dövrlər müasir informasiya texnologiyalarının təhsil sahəsində də hərtərəfli kütləvi tətbiqi müşahidə olunmaqdadır. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesinin onun keyfiyyətcə yeni nəticələrinin formalaşmasını təmin edən resursuna çevrilməsidir. Ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar bu məqsədin nail olunmasında mühüm əhəmiyyət kəsb edir. Biz müasir texnologiyaların təhsil müəssisələrinin tədris, təlim-tərbiyə, metodiki və idarəetmə fəaliyyəti sisteminə tətbiqini təmin edən təşkilati dəyişikliklərin şahidiyik.
Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə məktəblilərə deyil, həm də tələbələrə, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosial yönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır. Bu və ya digər mövzuda müzakirələrə qoşulan, cəmiyyəti düşündürən aktual problemlərə münasibət bildirən şəbəkə istifadəçisinin paylaşımlarında əks olunan ayrı-ayrı fikirlərini peşəkarlıqdan uzaq tərzdə cəmləşdirib, müəllifdən razılıq almadan, onların reallıqda baş tutmayan müsahibə şəklində oxuculara təqdim edilməsi qətiyyən yolverilməzdir və professional jurnalistikadan uzaqdır.
İnternet şəbəkəsində ünsiyyət mədəniyyətinin aşılanması prosesinə gənc nəslin müasir tələblərə uyğun şəkildə formalaşmasına, dərin biliklərlə, yüksək bacarıqlarla və milli-mənəvi dəyərlərə söykənən əxlaqi keyfiyyətlərlə zənginləşməsinə yönəlmiş təlim-tərbiyə işinin mühüm komponenti kimi baxılmalıdır. Bu prosesdə həm valideynlərin məktəb müəllimləri və psixoloqları ilə sıx əməkdaşlığı, həm də ümumilikdə ictimaiyyətin təhsil qurumları, media təşkilatları və sosial institutlarla əlbir fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, son dövrdə ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində fəaliyyətə başlayan yeni qurumlar, xüsusilə də təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında yaradılmış və tərkibi tanınmış ziyalılardan, peşəkar və təcrübəli mütəxəssislərdən ibarət olan İctimai Şura bu sahədə mövcud problemlərin müzakirəsi və həllində fəal iştirak edəcək, məsləhət və tövsiyələrini verəcək, maraqlı və səmərəli təkliflər irəli sürəcəklər.
“Şəbəkə etiketinin” formalaşması “Facebook”, “İnstagram”, “Twitter”, “Google+” kimi sosial şəbəkələrin əyləncə məkanından intellektual zənginləşmə üçün faydalı informasiya mənbəyinə çevrilməsində olduqca mühüm amildir.
İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir.
Dostları ilə paylaş: |