5. Ətraf mühitin pisləŞməsi səbəbindən iqtisadi ziyanların təyin edilməsi metodikası
Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrləri ilə bioloji növlərin təkamülü baxımından nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan yaranana qədər canlı orqanizmlərin yeni mühitə uyğunlaşmasına macal tapırdı.
İnsan peyda olduqdan sonra isə vəziyyət dəyişdi. İnsan təbiətə uyğunlaşmada daha çox özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür dəyişdirmənin sürəti ilbəil artmaqda davam edir. İnsan fəaliyyətinin təbiətdə müsbət nəticələri olsa da, mənfi nəticələri daha çox aydın görünməyə başlayır. Bu neqativ nəticələr təbii ehtiyatların tükənməsi, təbii komponentlərin çirklənməsi (su, hava, torpaq) ozon təbəqəsinin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi formada təzahür olunur. Təbiəti dəyişdirmək istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına səbəb oldu: -insan tərəfindən süni yaradılan və onun köməyi ilə saxlanılan süni su hövzələri, göllər, əkin sahələri, meşə əkinləri və s. İnsan tərəfindən yaradılan təbii həyatla analoqu olmayan süni dünya - şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi bu dəyişmələrin çoxuna adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə xəstələnmənin strukturunda dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəliklərin əmələ gəlməsinə səbəb oldu. Bu vəziyyətdən çıxmaq üçün insan və təbiət arasında birgə təkamül yaratmaq, yəni insan fəaliyyətinin ətraf mühiti dəyişdirmə sürəti və miqyasını elə nizamlamaq lazımdır ki, insan və digər canlı orqanizmlər məskunlaşdığı yerin dəyişməsinə uyğunlaşmağa macal tapsın. XX əsrin 70-ci illərində Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə müxtəlif ölkələrdə qarışıq kontinentlərdə insanın vəziyyəti 50-60% iqtisadi təmin olunma və həyat tərzindən, 18-20%-i ətraf mühitin vəziyyətindən, 20-30%-i isə tibbi xidmətin səviyyəsindən asılıdır.
Beləliklə, ətraf mühitin insana və əksinə insanın ətraf mühitə təsiri onun pisləşməsinə səbəb olur. Bu pisləşmə səbəbindən iqtisadi ziyanın həcmi dəyişir.
Ətraf mühitin pisləşməsi nəticəsində dəyən iqtisadi ziyanın (itkinin) müəyyən edilməsi üsulları müxtəlif olmaqla, onun təyin edilməsi metodikası da fərqlənir. Bu fərqlik təbii sərvətlərin – torpaq, su, havanın keyfiyyətinə təsirin forma və həcmi ilə ölçülür. Ziyanın (iqtisadi, sosial, ekoloji) həcmi onun nəticələrinin miqyası və əhəmiyyəti ilə müəyyən edilir. Ziyanın müəyyən edilməsinə əldə edilən səmərənin
(faydanın) xərclərə nisbəti ilə müqayisəsi düzgün hesab edilir.
Dostları ilə paylaş: |