Mövzu 8. Fəlsəfədə idrak nəzəriyyəsi. P L A N 1.Hissi və məntiqi idrak
Elmi idrak, onun metod və formaları
Ictimai praktika həqiqətin meyarıdır
1. Hissi və məntiqi idrak Fəlsəfənin qnoseologiya (lat. “qnosis”-bilik, loqos, təlim) bölməsi idrak haqqında təlimdən ibarətdir. Bu təlimdə əsas diqqət dünyanın dərk edilməsi probleminə, bizim biliklərimizin hüdudları, onları əldə etməyin üsulları və həqiqiliyinin meyarları məsələlərinə cəlb edilir. İdrak prosesi az biliklilikdən çox bilikliliyə, səthidən dərinə gedən prosesdir. Idrak insan fəaliyyəti olaraq özündə bir sıra zəruri elementləri birləşdirir. Bunlar idrakın obyekti və subyekti, idrakın metodları, nəticəsi, yəni bilik və onun dəyərləndirilməsindən ibarətdir.
İdrak prosesi 1) hissi idrak və 2) məntiqi idrakdan ibarətdir. Hissi idrak insanın bilavasitə xarici aləmlə qarşılıqlı təsirdə olduğu halda baş verir. Hissi idrakın 3 forması vardır: duyğu, qavrayış və təsəvvür. Hissi idrakın ən sadə forması duyğudur. Duyğular insanın bilavasitə əlaqəsini təmin edən yeganə bilik mənbəyidir. Duyğular əsasında qavrayış yaranır, yəni hissi obrazın tamlığı yaranır. Qavrayış predmetin bütöv, ətraflı obrazı hesab olunur. Qavrayış zamanı hiss orqanlarının əşyalar və cisimlər haqqında verdikləri ətraflı məlumat nəzərdə tutulur: xarici görünüşü, eni, boyu, rəngi, iyi və s. Təsəvvür hissi-əyani obrazdır. Bu obraz sərbəst və azad yaddaşda saxlanılır və şüurda yenidən yaranır. Təsəvvürü predmetsiz qavrayış da adlandırırlar. Buradan aydın olur ki, təsəvvür yalnız əvvəllər qavranılan obyektlər haqqında yarana bilər. Beləliklə, hissi idrak bilik əldə etməyin əsas mənbəyi olsa da, onun çatışmayan cəhətləri də vardır ki, idrak prosesində bu çatışmayan cəhətləri məntiqi idrak aradan qaldırır. Fəlsəfə tarixində hissi idrakı biliyin əldə edilməsinin başlıca forması kimi qəbul edən fəlsəfi cərəyan sensualizm adlanır.
İdrak prosesinin digər forması məntiqi (və ya rasional) idrak hesab olunur. Rasional idrak özündə iki növ məntiqi təfəkkürü birləşdirir. Bunlar, düşüncə və zəkadan ibarətdir. Rasional idrak təfəkkürdə daha dolğun açıqlanır.
Təfəkkür idraki fəaliyyət prosesidir. Təfəkkürə gerçəkliyin ümimiləşmiş obrazının yaranması xarakterikdir. Təfəkkür sayəsində insan hadisələrin konkret təzahürlərindən uzaqlaşır, onlara məxsus olan ümumi və mühüm əlamətləri aşkarlayır. Təfəkkürün əsas forması bunlardır: anlayış, mühakimə və əqli nəticə. Anlayış - hadisələrin ən ümumi, əsas və zəruri əlamətlərini, keyfiyyətini əks etdirən təfəkkür formasıdır. Məs; “insan” anlayışı dedikdə, burada ayrıca adamın əlamətləri əks olunmur (cinsi, milliyyəti, peşəsi və s. yox), bütün insanlara xas olan, insanı biososial varlıq kimi xarakterizə edən əlamətlər əks olunur. Mühakimə - obyekt, onun xassəsi və ya konkret əlaqəsi haqqında birbaşa və ya dolayı, iqrari və ya inkari fikri ifadə edən məntiqi formadır. Mühakimə həmişə həqiqəti müəyyənləşdirməyə xidmət edir. Lakin, mühakimədə həm həqiqət, həm dolaşıqlıq, həm də yalan ola bilər. Mühakimələr anlayışların əlaqəsini əks etdirdiyi kimi əqli nəticələr də mühakimələrin münasibətlərini ifadə edir. Əqli nəticə məlum postulatlardan (müddəalardan) naməlum nəticələrin çıxarılması prosesini ifadə edən məntiqi formadır. Əqli nəticənin əsas funksiyası uzaqgörənlikdən və proqnozlaşdırmadan ibarətdir. Əqli nəticənin 2 növü vardır: induktiv və deduktiv. Deduktiv əqli nəticədə təfəkkür ümumidən hissəyə, təkə doğru gedir. İnduktiv əqli nəticədə təfəkkür prosesi təkdən ümumiyə doğru yüksəlir. (Rasionalizm – idrakda məntiqi idraka üstünlük verən cərəyandır)