MÖVZU 7. FƏRDİ BAZARLARIN TƏHLİLİ: TƏLƏB VƏ TƏKLİFİN MAHİYYƏTİ
7.1. Bazarların strukturu, forma və funksiyaları 7.2. Tələb kateqoriyası və tələb qanunu 7.3. Təklif kateqoriyası və təklif qanunu 7.4. Tələb və təklifin elastikliyi 7.5. Qiymətlərin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı 7.1. Bazarların strukturu, forma və funksiyaları Bazar iqtisadiyyatı sistemində aparıcı mövqe bazara məxsusdur. Bazar nədir? Sualına müxtəlif cavablar verilir. Onun ən sadə tərifi: bazar – əmtəələrin alqı-satqısı əməliyyatlarının məcmusudur. Bazar – satıcı və alıcıların görüşdüyü məkandır və s.
Bunlar bazar haqqında ən səthi təsəvvürlərdir. Bir qədər geniş tərif verənlər bazarı aşağıdakı kimi səciyyələndirirlər. Bazar – tələb və təklifin məcmusudur. Bazar – ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir. Bazar – ticarət aparmaq üçün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir. Bazar – əmtəə mübadiləsi və əmtəə – pul mübadiləsi formasıdır. Bazar – əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapmış mübadilədir. Bazar – ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir və s.
Bütün bu təriflərə daxil edilmiş anlayışlar geniş mənada başa düşülən bazar kateqoriyasının məzmununa daxildir və onu müxtəlif tərəfdən səciyyələndirir.
Əvvəlki mövzuda göstərmişdik ki, bazar tarixən bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdir. Bazar əvvəl məhəlli, yerli, region, milli və nəhayət dünya bazarı səviyyəsinə qədər yüksələn tarixi bir inkişaf yolu keçmişdir. Onun da meydana gəlib inkişaf etməsi: 1. ictimai əmək bölgüsünün yaranıb inkişaf etməsi; 2. xüsusi mülkiyyətin yaranması və 3-də istehsalçıların müstəqil əmtəə istehsalçısı kimi fəaliyyət göstərmək imkanına malik olmaları ilə mümkün olmuşdur.
Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Ancaq burada satıcı – əmtəə – pul – alıcı iştirak edir. Bu artıq iqtisadi əlaqə formasıdır, yəni əmtəə-pul tədavülüdür. Burada satıcının marağı əlində olan əmtəəsini pula çevirməkdir, alıcının marağı əlində olan pula özünə lazım olan faydalı neməti əldə etməkdir. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.
Bazarda tərəflər münasibətə girirlər və bu münasibətlər çoxsaylı bazar subyektlərinin münasibətləridir və sistem halındadır. Deməli, bazar iqtisadi münasibətlər sistemidir və onların öz qanunları vardır ki, bazar münasibətləri həmin qanunlarla idarə olunur, tənzimlənir.
Beləliklə, bazar – ictimai əmək bölgüsünə və mülkiyyətin müxtəlif formalarına əsaslanan spesifik fəaliyyət sferası olub, əmtəə – pul vasitəsilə münasibətdə olan alıcı və satıcıların iqtisadi mənafelərinin (maraqlarının) reallaşdırılmasına xidmət edən mürəkkəb iqtisadi mexanizmdir.
Bazar qədər insanları, xalqları, ölkələri birləşdirən ikinci bir vasitə yox-
dur. Milli təsərrüfatlar bazar vasitəsilə bütövləşir və formalaşır. Milli təsərrü-
fatlar da bazar əlaqələrinə girərək dünya təsərrüfatını yaradır.
Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır. Ölkələr arasında iqtisadi əlaqələrin yaranması və genişlənməsi dünya bazarının yaranmasına səbəb olmuşdur.
Coğrafi yerləşməsinə, əhatə dairəsinə görə müxtəlif bazarların yaranması əmtəə istehsalının artması, əmək bölgüsünün dərinləşməsi, nəqliyyat və rabitə vasitələrinin inkişafı nəticəsində mümkün olmuşdur.
Müasir dünyada, ayrı-ayrı milli təsərrüfatların və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsində bazarların rolu getdikcə artır və funksiyaları çoxalır. Bu əmtəə-bazar təsərrüfatının qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri nəticəsində baş verir. Belə ki, 1) istehsal sferasında müntəzəm olaraq faydalı məhsullar yaradılır ki, bunlarda daim bazara çıxır və alqı-satqı obyekti olur. 2) hazırlanmış hər bir məhsul potensial gəlir mənbəyidir və hökmən reallaşdırılmalıdır. 3) əmək bölgüsünün mövcud olması bazar vasitəsilə mübadilənin olmasını zəruri edir. Bununla yanaşı bazar da öz növbəsində əmtəələrin yaradılması prosesinə əks təsir göstərir və istehsalla əks əlaqə yaranır. I.Bu bazarın əsas funksiyalarından biridir – əks iqtisadi əlaqə yaratmaq funksiyası. II.Bazarın ikinci funksiyası istehsal sferası ilə istehlak sferasını birləşdirmək, deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir. III.İstehsalın son nəticələri üzərində əsas nəzarətçi olmaq funksiyası. Bu nəzarət kəmiyyətə və keyfiyyətə nəzarətdir. IY.İqtisadi münasibətlərin reallaşdırılmasına xidmət funksiyası. Bazar mübadiləsi istehsalçı və istehlakçıların öz maraqlarının həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: «Mənə lazım olanı, mənə ver, sən isə sənə lazım olanı alarsan» (A.Smit). Y.Bazarın tənzimləyici, bölüşdürücü, qiyməti formalaşdırmaq, təmizləyici kimi funksiyaları da vardır.
Bazarın strukturu – müasir inkişaf etmiş ölkələrdə funksional təyinatına görə çoxsaylı bazarlar fəaliyyət göstərir və bazarlar sistemini yaradır. Bazarlar çoxsaylıdır, nə qədər əmtəə və xidmətlər varsa, bir o qədər də bazar vardır. Daha digər bazarlar da fəaliyyət göstərir. Biz öyrənərkən bazarın obyektlərini qruplaşdırıb, hər qrupu bir bazar növü kimi göstəririk.
1.İstehlak məhsullarının bazarı; 2.İstehsal vasitələri bazarı; 3.Xidmətlər bazarı; 4.Əmək (iş qüvvəsi) bazarı; 5.Elmi və təcrübə-konstruktor işləmələr bazarı (elmin məhsulları, istehsala tətbiq üçün hazır olan texnologiyalar); 6.Borc kapitalı bazarı; 7.Qiymətli kağızlar bazarı; 8.Valyuta bazarı; 9.Mənəvi nemətlər bazarı (alimin, yazıçı, rəssamın və s. intellektual fəaliyyətinin məhsullarının pulla reallaşdırılması); 10.İnformasiya məhsulları bazarı və s.
Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir. İstənilən bazarın normal fəaliyyəti üçün sxemdə göstərilən şərtlərin olması olduqca vacibdir.
Bazarın normal fəaliyyətinin şərtləri aşağıdakı sxemdə təsvir olunubdur.