Tələb qiyməti – alıcının təklif etdiyi qiymətdir. Bu qiymətin yuxarı həddi alıcıda olan və xərcləmək istədiyi pulun miqdarıdır. Alıcı öz pulunu nəzərə alaraq qiymət təklif edir.Tələbə təsir edən amillərin hamısı qiymətə təsir edir.
Bazar qiymətlərinin formalaşması həmçinin əmtəələrin təklifi ilə bağlıdır.
Təklif qiyməti – əmtəələrin istehsalına çəkilən xərclər və mənfəətlə bağlıdır. Təklif qiymətinin ən aşağı həddi istehsala çəkilən xərclərdir. İstehsalçı əmtəəsini elə bir qiymətə satmalıdır ki, qoyduğu xərcləri ödəsin və mənfəət də əldə etsin. Ən pis halda qiymət istehsal xərclərini ödəməlidir.
Bazarda tələb və təklifin təsiri altında qiymətlərdə dəyişiklik baş verir və nəticədə tarazlı qiymətlər yaranır. Bu o zaman baş verir ki, bazarda tələb və təklif uyğun gəlir, yəni tələb olunan əmtəələrin miqdarı təklif olunan əmtəənin miqdarına bərabər olur.
Bazar qiymətlərinə təsir edən amillərdən biri də rəqabətdir. Rəqib tərəf bazarı ələ almaq, müştərini özünə cəlb etmək üçün qiyməti aşağı salır.
Qiymət nəzəriyyələri sırasında subyektiv qiymətləndirməyə dair nəzəriyyə Avropa ədəbiyyatında daha geniş şərh olunur və populyardır. Bu qiymətləndirmə Avstriya məktəbinin «faydalılıq həddi» nəzəriyyəsi ilə bağlıdır (onun baniləri K.Menger, O.Bem-Baverk və F.Vizerdir). Əmək-dəyər nəzəriyyəsinə görə dəyər istehsalda yaranır və mübadilə dəyəri şəklində bazarda meydana çıxır, yəni dəyər qiymətə çevrilir. Avstriya məktəbinə görə alıcı əmtəəni dəyərinə görə deyil, onun üçün faydalı olduğuna görə alır ki, müəyyən tələbatını ödəsin və alıcı həmin əmtəənin onun üçün nə dərəcədə faydalı olduğunu nəzərə alaraq qiymətləndirir.
«Qiymətlilik» - bu subyektiv münasibətdir, belə ki, subyekt onu faydasına görə qiymətləndirir. Avstriya məktəbinin təliminə görə dəyər (qiymətlilik) müəyyən bir şeyə daxilən xas olan obyektiv xassə deyildir. Ancaq subyektiv qiymətləndirmə nəticəsində bazarda alıcının nəzərində dəyər xassəsi alır. Yəni almq istədiyi əmtəə onun üçün dəyərlidir (qiymətlidir), yaxud ona lazım deyilsə dəyərsizdir.
Faydalılığa görə qiymətin müəyyən edilməsi «faydalılıq həddi» nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə:
1.Faydalılıq – subyektiv qiymətləndirmədir və hər bir alıcı alacağı əmtəənin onun şəxsi tələbatını ödəyəcəyi dərəcəsinə əsasən qiymətli hesab edir. Yəni bu şey ona çox lazımdırsa qiymətlidir (dəyərlidir), az lazımdırsa, az qiymətlidir. K.Mengerə görə təsərrüfatçı subyektin şüurundan kənarda qiymətli dəyərli mövcud deyildir.
2.Nemətin faydalılığı iki cür olur:
a) miqdarı məhdud olmayan (su, hava və s.). nemətləri insanlar özləri üçün qiymətli hesab etmir. Çünki, bunlar insanın tələbatını ödəmək üçün lazım olduğundan çoxdur;
b) bu nisbətən az və kifayət qədər çatışmayan nemətlərdir ki, onlara olan tələbatı ödəmək (doyuzdurmaq) üçün azlıq edir. Məhz bu nemətləri təsərrüfatçı subyektlər qiymətli hesab edirlər.
Belə bir sual yaranır: necə olur ki, insanın həyatı üçün zəruri olan su qiymətsiz, insanın həyatı üçün lazım olmayan almaz daha qiymətli hesab edilir? K.Menger bunu suyun çoxluğu və almazın azlığı ilə izah edir. A.Smit isə onların istehsalına sərf olunmuş əməyin miqdarındakı fərqlə izah edir. Təcrübədə istehsal olunan məhsulların qiymətləri müəyyən edilərkən onların azlığı və çoxluğu nəzərə alınmalıdır.
3. Bu nəzəriyyəyə əsasən insanın tələbatı əhəmiyyətlilik dərəcəsinə görə, əldə olan nemətin miqdarından asılı olaraq, azalan xətt üzrə ödənilir. Bu zaman hər bir nemətin qiymətliyi: 1. onun tələbatın ödənilməsindəki əhəmiyyətliyindən və 2. ondan doyma dərəcəsindən asılı olaraq müəyyən edilir. Məsələn, ərzağa olan tələbatın yüksək dərəcədə ödənilməsi insanın həyatının saxlanılması mənasında əhəmiyyətlidir. Sonrakı mərhələdə ərzağın istehlakı sağlamlığı saxlamaq üçün lazımdır. Daha sonrakı istehlak həzz almaq üçün lazımdır ki, getdikcə bu həzzalma azalır. Onun sonrakı qəbulu o həddə çatır ki, insan tamamilə doyur və həzzalma yox olur, yeməkdən imtina olunur. Fasiləsiz yemək sağlamlıq və hətta həyat üçün təhlükə yaradır. Buradan o nəticə çıxır ki, nemətin faydalılığı getdikcə azalır, yəni istehlak olunduqca faydası aşağı düşür. Deməli, şəxsi istehlak prosesində faydalılığın azalması qanunu fəaliyyət göstərir. Eyni bir nemət çox istehlak edildikcə insan doyur və onun sonrakı istehlakı faydasız olur. Deməli, onun subyektiv qiyməti az olur, yaxud qiymətsiz olur. Faydalılığın son həddi bazarda bitir, «sonuncu nüsxə» faydalılığın son həddini və qiymətliyin dərəcəsini müəyyən edir. Bunu izah etmək üçün Bem-Baverk 5 kisə buğdası olan və meşədə yaşayan qocanın davranışını misal gətirir. 5 kisənin faydası azalan ardıcıllıqla düzülür. 1-ci kisə ən vacib tələbatı – yeməyi ödəyir, 2-ci kisə qidalanmanı yaxşılaşdırmaq üçündür, 3-cüsü ev quşlarını yemləmək üçündür, 4-cü pivə hazırlamaq üçündür, 5-cisi isə tutuquşunu yemləmək üçündür. Əgər bunların hansından imtina etmək zərurəti yaransa, qoca ən az tələbatı ödəyən 5-ci kisədən imtina edərdi. Qalan kisələrin qiyməti 5-ci kisənin qiymətilə (qiymətliliyi ilə) müəyyən olunur.
Eyni bir məhsulun həddən artıq istehlakı onu ziyanlı bir nemətə çevirir.
Faydalılığın son həddi və deməli, nemətin qiymətliliyi həmin nemətin ehtiyatından və ona olan tələbatdan asılıdır. «Ehtiyat» azalanda və tələbat artanda qiymətlilik və faydalılıq artır. Deməli, bazar qiyməti faydalılığın son həddindən asılıdır.
Bu subyektiv qiymətlindirməyə bulaq başında suyun faydasını səhrada bir stəkan suyun faydası ilə müqayisə edirlər. Ancaq faydalılıq nəzəriyyəçiləri müxtəlif nemətlərin faydasını ölçmək üçün vahid ölçü tapa bilmədilər. Subyektiv-psixoloji qiymətləndirmə ancaq istehlakçının müəyyən etdiyi qiymətdir və birtərəflidir. Çünki istehsalçı, onun çəkdiyi xərclər nəzərə alınmır. Bu çatışmazlığı görkəmli ingilis iqtisadçısı A.Marşall aradan qaldırdı.
Qiymətin bir neçə növü vardır:
topdan satış qiymətləri;
pərakəndə satış qiymətləri;
müqavilə qiymətləri;
tənzimlənən qiymətlər (yuxarı həddini dövlət müəyyən edir);
qeydə alınmış möhkəm qiymətlər (planda əvvəlcədən göstərilir);
inhisar qiymətləri;
xidmət tarifləri və s.
Qiymətlər müəyyən funksiyalar yerinə yetirir:
Bazar subyektlərini məlumatlandırmaq – informasiya çatdırmaq funksiyası;