Firmanın istehsal gücü və onun hesablanması metodikası
İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz əksini həm də istehsal gücündən istifadədə tapır. Firmanın istehsal gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsal təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturda, çeşiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır. İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir.
İstehsal gücləri firmada sifarişlər zənbilinin realizə olunması, istehsalın həcminin planlaşdırılmasında çox mühüm rol oynayır. İstehsal gücləri və onlardan istifadə dərəcəsi hər bir Firmanın istehsal proqramını hazırlayarkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur. alınmış sifarişlərin yerinə yetirilməsi reallığı onun müvafiq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırmaq nəticəsində təmin edilir.
İstehsal gücü il üçün bütün məhsulun nomenklaturu üzrə hesablanır. Hər bir məhsul növü üzrə istehsal gücü natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri üzrə isə dəyər və natural ifadədə müəyyən edilir. Maşınqayırma və metal emalı firmalarında istehsal gücü konkret məhsul növlərinin buraxılışı üzrə hesablanmaqla yanaşı (planda qəbul edilmiş ölçü vahidində), həmçinin müqayisəli qiymətlərlə buraxılışı üzrə də müəyyən edilir. Geniş nomenklaturlu məhsul buraxan firmalarda istehsal gücü hesablanarkən mövqelərin iriləşdirilməsi, yəni konstruktiv və texnoloji cəhətdən yekcins məmulatların təmsil olunan məmulatlarla birləşdirilməsi mümkündür. Məmulat nomenklaturunun bir və ya bir neçə təmsil olunan məmulatla ölçülməsi, adətən, maşın vaxtı məsrəfləri və ya həmcins məhsulların hər növünə düşən norma-saat əsasında aparılır.
Yeni işə salınmış firma, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir. Firmanın istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, istehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Firmanın istehsal gücünün reallaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərin tərkib hissəsindən biri ayrı-ayrı sexlərin istehsal gücləri arasındakı proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar şəkildə məhsul istehsalı, digəri tərəfindən isə tam və fasiləsiz şəkildə bu məhsulun istehlakı imkanını təmin edir.
İstehsal gücü müəyyən olunarkən Firmanın ehtiyat və təcrübə-sınaq sahələrinin avadanlıqları da hesablamaya daxil edilir. Ehtiyatda olan avadanlıqlar istehsalın vaxtlı-vaxtında hazırlığını və yeni növ məhsul buraxılışının mənimsənilməsini asanlaşdırır, istehsalın çevikliyini artırır, planın yerinə yetirilməsi gedişində meydana çıxan disproporsiyaların aradan qaldırılması problemini həll edə bilir.
Fasiləsiz istehsal prosesi əsasında işləyən firmalar üçün istehsal gücü ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri iki və ya bundan az növbədə işləyən firmalar üçün istehsal gücü – avadanlığın ikinövbəli, bəzi firma üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir.
Bazar iqtisadiyyatı şəraitində istehsal proqramının formalaşması, onun müxtəlif resurslarla əsaslandırılması və qəbul olunmuş sifarişlərin yerinə yetirilməsi istehsal gücünün düzgün müəyyən edilməsindən asılıdır. Firmada məhsul satışı imkanları qəbul olunmuş sifarişlərlə müəyyən edilirsə, istehsal imkanları istehsal gücü vasitəsilə aşkarlanır. Bu baxımdan tələb və təklifin tarazlığının təmin olunması zəruriliyi ilə əlaqədar olaraq firmada istehsal gücü düzgün müəyyən edilməlidir.
Firmanın istehsal gücü hesablanarkən metodik baxımdan çox da mürəkkəb olmayan bir qaydaya riayət edilir: əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra bunun vasitəsilə aparıcı istehsal sahəsinin və nəhayət, sonuncunun köməyi ilə aparıcı sexin istehsal gücü müəyyən edilir. Aparıcı sexin istehsal gücü isə Firmanın istehsal gücü kimi qəbul olunur.
Firmanın istehsal gücünün bu qayda ilə hesablanması onun (istehsal gücü) aparıcı (qabaqcıl) avadanlığa görə hesablanma metodu adlanır.
Aparıcı avadanlıq vahidinin istehsal gücü (İag) aşağıdakı düsturla hesablanır:
İag = Mv Vf
burada Mv – avadanlıq vahidinin məhsuldarlığı; Vf – avadanlıq vahidinin vaxt fondudur.
Bundan sonra aparıcı istehsal sahəsinin istehsal gücü hesablanır. Aparıcı istehsal sahəsinin istehsal gücü (İaisg) aşağıdakı düstur əsasında müəyyən edilir:
İaisg = n Mv Vf
burada n – qabaqcıl istehsal sahəsində quraşdırılmış qabaqcıl avadanlıqların sayıdır.
Əgər qabaqcıl sexdə yalnız bir növ məhsul istehsal olunursa, bu halda sexin istehsal gücü aparıcı istehsal sahəsinin gücünə bərabər qəbul olunur.
Əgər firmada yalnız bir növ məhsul istehsal olunursa, onda Firmanın istehsal gücü (İig) aparıcı sexin istehsal gücü bərabər sayılır. Nəhayət, əgər qabaqcıl sexdə bir deyil, bir neçə növdə məhsul istehsal olunursa, onun istehsal gücü hər bir növ məhsul üzrə ayrılıqda hesablanır.
Dünya təcrübəsində istehsal gücünün hesablanmasının daha başqa iki metodundan da istifadə edilir:
Texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mühərriklərinin istehsal gücünün hesablanması.
Bunun üçün aşağıda göstərilən düsturdan istifadə olunur:
Em = Emtg Vf Əç
burada Em – elektrik mühərriklərinin gücü əsasında hesablanmış istehsal gücü; Emtg – texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mühərriklərinin texniki gücü; Vf – avadanlıqların iş vaxtı fondu; Əç – texnoloji ehtiyaclar üçün istehlak olunmuş elektrik enerjisi həcminin istehsal olunmuş məhsul həcminə çevirən əmsaldır.
Bu metodla istehlak olunmuş elektrik enerjisinin həcmi istehsal edilmiş məhsulun həcmindən birbaşa asılılıqda qəbul olunur. İstehsal gücünün hesablanmasının bu metodu nöqsanlıdır, qeyri-dəqiqdir.
Ekspert qiymətləndirmə metodu.
Bu metod istehsal gücünün hesablanması üçün zəruri olan məlumatlar olmadığı halda istifadə edilir.
Bu metoddan:
a) yeni, analoqu olmayan məhsulun istehsalı zamanı;
b) Firmanın perspektiv inkişaf planı layihələndiriləndə;
c) müxtəlif metodla hesablanmış istehsal güclər müqayisə edildikdə istifadə olunur.
Firmanın istehsal gücünün hesablanmasında xüsusi diqqət tələb edən bir amil də avadanlığın vaxt fondudur.
Avadanlığa məxsus, tərkibinə görə bir-birindən fərqli olan, müxtəlif vaxt fondları mövcuddur: təqvim vaxt fondu, rejim vaxt fondu, faktiki işlənmiş vaxt fondu və nəhayət, işlənmiş dəzgah-növbələr.
Bunlardan istehsal gücünün hesablanması üçün ən real rejim vaxt fondudur. Çünki bu vaxt fonduna iş günü olmayan istirahət və bayram günləri aid edilmir.
İstehsal gücünün hesablanmasında daha məsuliyyətli məqam avadanlıqdan mütərəqqi istifadə normasının müəyyən edilməsidir. Qabaqcıl texniki norma, vahid vaxt ərzində daha çox həcmdə məhsul istehsal etmək üçün avadanlığın texniki imkanından, mümkün olduqca, maksimum istifadəni nəzərdə tutur. Mütərəqqi texniki normalar avadanlığın ən yüksək məhsuldarlığını – maksimum məhsul istehsal etmək qabiliyyətini əks etdirdiyindən o, istehsal qabaqcıllarının nail olduqları normalar səviyyəsindən aşağı olmamalıdır. Belə bir vəziyyət yarandığı halda texniki normalara yenidən baxılmalı, daha doğrusu, yeniləri işlənilməlidir.
Bütün normalar Firmanın mövcud istehsal meydançasında istehsal gücünün maksimum mümkün olan ölçüsünü şərtləndirir.
Firmanın istehsal proqramının əsaslandırılması istehsal gücünün ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır. Orta illik istehsal gücü ilin əvvəlinə mövcud olan istehsal gücünə il ərzində işə salınan istehsal gücünü əlavə etməklə, il ərzində istehsaldan kənar edilən istehsal gücünün çıxılması yolu ilə hesablanılır. Bunun üçün aşağıdakı düsturdan istifadə etmək olar:
,
burada İoq – Firmanın orta illik istehsal gücü; İoq – ilin əvvəlinə istehsal gücü; İd – il ərzində istifadəyə verilən istehsal gücü; İç – il ərzində ləğv olunan istehsal gücü; N1 və N2 – müvafiq olaraq yeni istehsal gücünün işə verildiyi və istehsal gücünün ləğvi aylarından ilin sonuna qalan ayların sayı; 12 – ildəki ayların sayıdır.
Bütün bunlarla yanaşı firmalar hər ilin yekunlarına görə istehsal gücündən istifadə səviyyəsini müəyyənləşdirməli olurlar. İstehsal gücündən istifadə əmsalı:
,
burada Q – illik məhsul buraxılışının həcmidir.
Dostları ilə paylaş: |