Mövzu 13. FİRMANIN MALİYYƏSİ, GƏLİRLƏRİ VƏ VERGİ ÖDƏNİŞLƏRİ
Firmanın maliyyəsinin mahiyyəti və funksiyaları
Firmanın maliyyə resursları
Firmanın mənfəəti və onun bölüşdürülməsi
Rentabellik və onun növləri
Firmanın maliyyəsinin mahiyyəti və funksiyaları
Maliyyə – pul fondlarının dövriyyəsi prosesində onların formalaşdırılması və istifadəsini əks etdirən pul münasibətləri sistemidir. Pulun hərəkəti zamanı tərəflər – firma, idarə, təşkilatlar və dövlət arasında, yəni pulu ödəyənlər və onu alanlar arasında ictimai-iqtisadi münasibət əmələ gəlir. Dövlət maliyyəsi səviyyəsində ölkənin vahid maliyyə siyasətinin işlənib hazırlanması və realizə edilməsi həyata keçirilir. Bu siyasətdən firmaların fəaliyyətinin səmərəliliyi əhəmiyyətli dərəcədə asılıdır. Ölkənin maliyyə sisteminin quruluşunda firmanın maliyyəsi həlledici vəziyyətə malikdir, çünki məhz firma səviyyəsində dövlətin maliyyə resurslarının formalaşması baş verir. Bazar münasibətləri şəraitində dövlət büdcəsinin gəlir hissəsinin 80%-dən çoxunu vergi daxilolmaları təşkil edir. Subyektlərin fəaliyyət xarakterindən asılı olaraq, bu sahələrin hər birinin daxili və müxtəlif vəsilələrindən ibarət olur. Bu qəbildən olan hər bir vəsilə öz vəzifələrini yerinə yetirir, maliyyə aparatının özünəməxsus təşkilati strukturuna malik olur, lakin məcmu halda onlar ölkənin maliyyə sistemini əmələ gətirirlər.
Maliyyə sisteminin hər bir bölməsi də, öz növbəsində, subyektlərin sahə mənsubiyyətindən, mülkiyyət formasından, fəaliyyət xarakterindən və başqa amillərdən asılı olaraq ayrı-ayrı hissələrə bölünür. Maliyyə sisteminin qeyd edilən sahə və bölmələri arasındakı əlaqələrin mahiyyəti onların fəaliyyətinin qarşılıqlı maliyyə təminatından ibarətdir ki, bu da vergilər, yığımlar, ayırmalar, rüsumlar, cərimələr, təsisatlar və s. formalarda ifadə olunur. Bu qarşılıqlı əlaqələrin bünövrəsində təsərrüfat subyektlərinin maliyyəsi, daha dəqiq desək, təkrar istehsal məsrəflərinin maliyyə təminatı dayanır. Belə maliyyə təminatı üç formada həyata keçirilir: özünümaliyyələşdirmə, kreditləşdirmə, dövlət maliyyələşdirməsi. Dövlət tərəfindən müvafiq maliyyə siyasətinin tətbiqi ilə bu formalar arasında nisbətlər optimallaşdırılır.
Qeyd etməliyik ki, firmanın fəaliyyət prosesi dövrü xarakter daşıyır. Bir dövr ərzində zəruri resursların cəlb edilməsi, onların istehsal prosesində birləşdirilməsi, məhsul istehsalı, məhsulların realizasiyası və son maliyyə nəticələrinin əldə edilməsi baş verir. Eyni zamanda məlumdur ki, firmanın idarə edilməsinin funksiyalarının yönəldildiyi iriləşdirilmiş və nisbətən müstəqil iqtisadi obyektlər maliyyə resursları, əmək resursları və istehsal vasitələridir. Bazar iqtisadiyyatı şəraitində firmanın müvəffəqiyyəti maliyyə resurslarının əsas və dövriyyə vəsaitlərinə, habelə işçi qüvvəsinin stimullaşdırılması vasitələrinə nə dərəcədə səmərəli və məqsədəuyğun çevrilməsindən asılıdır. Deməli, maliyyə resursları – firmanın sərəncamında olan pul vəsaitləridir. Cari məsrəflər və təkrar istehsal məsrəflərinin ödənilməsinə, maliyyə öhdəliklərinin yerinə yetirilməsinə və işçilərin iqtisadi stimullaşdırılmasına yönəldilir. Maliyyə resursları eləcə də qeyri-istehsal sferası obyektlərinin saxlanılması və inkişafına, istehlaka, yığıma, xüsusi ehtiyat fondlarına və s. yönəldilir.
Firmanın maliyyəsi aşağıdakı funksiyaları yerinə yetirir:
İstehsal potensialının formalaşdırılması, artırılması və onun optimal strukturunun təmin edilməsi;
Cari maliyyə-təsərrüfat fəaliyyətinin təmini;
Sosial siyasətin həyata keçirilməsində və əhalinin rifah halının yüksəldilməsində təsərrüfat subyektlərinin iştirakının təmin edilməsi.
Bütün bu vəzifələrin yerinə yetirilməsində firmanın maliyyə bölüşdürmə və nəzarət funksiyalarından istifadə edir. Maliyyə bölüşdürmə funksiyasının köməyi ilə gəlirlər, fondlar formalaşır və istifadə edilir. Bölüşdürücü funksiyanı yerinə yetirərək, maliyyə bütövlükdə təkrar istehsal prosesinə xidmət edir, onun fasiləsizliyini təmin edir və onun bütün mərhələlərinə təsir göstərir. Bundan əlavə, pul vəsaitlərinin düzgün bölüşdürülməsi firmanın işinin yaxşılaşdırılmasına stimullaşdırıcı təsir göstərir.
Maliyyənin təkrar istehsal prosesini kəmiyyətcə əks etdirməsi qabiliyyəti ona nəzarəti həyata keçirməyə imkan verir. Nəzarət funksiyasının əsasını maliyyə resurslarının istər fond, istərsə də qeyri-fond formalarda hərəkəti təşkil edir. Nəzarət funksiyası ikili realizə olunur:
Mühasibat, statistik və operativ hesabatlar vasitəsilə maliyyə göstəricilərinə nəzarət;
Maliyyə təsiri ilə nəzarət.
Əgər iqtisadiyyatın idarə edilməsinin mərkəzləşdirilmiş sistemində firmanın fəaliyyətinin məhsul buraxılışı, mənfəət, maya dəyəri və digər göstəricilərin həddi dəqiq qoyulurdusa, hazırda təsir iqtisadi rıçaq və stimullar (vergi, güzəştlər və i.a.) vasitəsi ilə həyata keçirilir. Bazar münasibətləri şəraitində maliyyənin təşkili ilk növbədə firmanın maliyyə siyasətinin işlənib hazırlanmasını tələb edir. Məqsəd qarşıda duran strateji və taktiki vəziyyətlərin yerinə yetirilməsinə bilavasitə əlverişli şərait yaratmaqdır.
Firmanın maliyyə siyasətinin baxılmasında strateji vəzifələr aşağıdakılar sayıla bilər:
firmanın maliyyəsinin maksimallaşdırılması;
firmanın kapitalının strukturunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi;
firmanın investisiya qoyuluşu cəlbediciliyinin təmin edilməsi;
maliyyə resurslarının idarə edilməsinin səmərəli mexanizminin qurulması.
Firmanın maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə aid edilə bilər:
firmanın maliyyə-iqtisadi vəziyyətinin təhlili;
uçot və vergi siyasətinin müəyyən edilməsi;
firmanın kredit siyasətinin işlənib hazırlanması;
dövriyyə vəsaitlərinin idarə olunması;
istehsal xərclərinin idarə edilməsi, o cümlədən amortizasiya siyasətinin seçilməsi;
mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi.
Firmada maliyyənin təşkilinin əsasını aşağıdakı prinsiplər təşkil edir:
maliyyə-təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;
özünümaliyyələşdirmə;
işin nəticələrində maraq;
nəticələrə görə məsuliyyət;
maliyyə ehtiyatlarının yaranması;
vəsaitlərin xüsusi və cəlb edilmişə bölünməsi;
dövlət büdcəsi və qeyri-büdcə fondları qarşısında öhdəliklərin birinci növbədə yerinə yetirilməsi;
firmanın fəaliyyətinə maliyyə nəzarəti.
Firmanın maliyyə əlaqələri tərkibində aşağıdakı pul əlaqələri ayrılmalıdır:
kontragentlərlə – ilk gəlirlərin formalaşdırılması, istehsaldaxili təyinatlı məqsədli fondların yaradılması və istifadəsi (nizamnamə kapitalı, istehsalın inkişaf fondu, mükafatlandırma fondları və s.);
firmalarla – maliyyənin bölüşdürülməsi maliyyə resurslarının hərəkəti qeyri-fond formasında həyata keçirilir (müqavilə şərtlərinin pozulması ilə əlaqədar cərimələrin alınması və ödənilməsi, müxtəlif pay ödəmələri, müştərək fəaliyyətdən mənfəətin bölüşdürülməsində iştirak, digər firmalar və dövlətin qiymətli kağızlarının alınması, onlardan dividentlərin alınması və s.).
Məhsul istehlakçıları ilə, firmalar onlarla əlaqəyə girdikdə müqavilənin forma və növünü müstəqil seçir, öhdəliklərin texniki-təşkilati şərtləri və sanksiyaların qoyulma qaydası təyin edilir, öz məhsullarının qiymətini formalaşdırır.
Qeyd etmək lazımdır ki, göstərilən amillər son maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərirlər, sığorta təşkilatları ilə müxtəlif növ məcburi və könüllü sığortalama;
Bank sistemi ilə ssudanın alınması və ödənilməsi ilə əlaqədar olaraq hesablama kassa xidməti, faiz ödənilməsi, eləcə də banklar tərəfindən sərbəst pul vəsaitlərinin müəyyən haqla verilməsi.
Dövlətlə büdcə və qeyri-büdcə fondlarının yaradılması və istifadə ilə əlaqədar olaraq bu qrup üzrə pul əlaqələri büdcə və qeyri-büdcə fondlarına müxtəlif vergilər, yığımlar, ödəmələr və digər ödəmələr vasitəsilə realizə olunur. Digər tərəfdən, qeyri-istehsal sferasına, məqsədli proqramlara və s. büdcə maliyyələşdirilməsi aparılır.
Beləliklə, göstərilən pul əlaqələri qrupları bütövlükdə firma maliyyəsinin mahiyyətini təşkil edir. Bu pul əlaqələri təsərrüfat subyektlərinin pul gəlirləri və yığımlarının formalaşdırılması və onlardan istifadəsi, cari məsrəflərin geniş təkrar istehsalı, sosial təminat və işçilərin maddi stimullaşdırılmasının maliyyələşdirilməsini təşkil edir. Beş qarşılıqlı əlaqəli elementləri maliyyə mexanizmini təşkil edir. Maliyyə mexanizmi maliyyə resurslarının təşkili, reallaşdırılması və stimullaşdırılmasına kömək edir: maliyyə metodları, maliyyə rıçaqları, hüquqi, normativ və informasiya təminatı.
Maliyyə metodları dedikdə, təsərrüfat prosesinə təsir edən maliyyə əlaqələrinə təsir üsulları nəzərdə tutulur. Onlar iki istiqamətdə təsir edirlər: maliyyə resurslarının hərəkətinin idarə edilməsi xətti və bazar münasibətləri xətti, yəni məsrəf və nəticələrin ölçülməsi, maddi həvəsləndirmə və vəsaitlərin səmərəli istifadəsində məsuliyyət. Bazar əlaqələrinə təsir onunla şərtlənir ki, istehsal və tədavül sferasında maliyyə funksiyası kommersiya hesabı ilə sıx əlaqədardır. Kommersiya hesabı maliyyə-təsərrüfat fəaliyyəti məsrəfləri və nəticələrini pul formasında müqayisə edilməsini nəzərdə tutur. Kommersiya hesabının tətbiqində məqsəd minimal məsrəflərlə maksimum mənfəət əldə etməkdir.
Maliyyə rıçaqları dedikdə maliyyə metodlarının hərəkəti vərdişləri nəzərdə tutulur.
Maliyyə mexanizminin fəaliyyətinin hüquqi təminatı özündə qanunvericilik aktları, sərəncamlar, əmrlər və digər hüquqi sənədləri əks etdirir. Maliyyə mexanizminin fəaliyyətinin normativ təminatına – instruksiyalar, normativlər, tarif şəbəkələri, metodik göstərişlər, izahatlar və digərləri daxildir.
Maliyyə mexanizminin fəaliyyətinin informasiya təminatına müxtəlif iqtisadi, kommersiya, maliyyə və digər informasiyalar daxildir.
Dostları ilə paylaş: |