14.2. Qiymətin funksiyaları və növləri
Qiymət – uçot, stimullaşdırma və bölgü funksiyalarını yerinə yetirən çox önəmli bir iqtisadi vasitədir. Uçot funksiyasında qiymət, məhsul istehsalına və satışına ictimai zəruri əməm məsrəflərini əks etdirir, istehsala çəkilən xərcləri və onun nəticələrini müəyyənləşdirməkdə həlledici rol oynayır. Qiymət – müxtəlif təsərrüfat proseslərinin nəticələrini dəyər baxımından ölçməyə imkan verən iqtisadi vasitədir, göstəricidir.
Bazar münasibətləri şəraitində rəqabətə davam gətirmək üçün istehsalçı firma məhsul istehsalına və reallaşdırılmasına çəkdiyi xərcləri rəqiblərinin sərf etdiyi analoji xərclərlə müqayisə etməlidir. Firma bazarda rəqabət mübarizəsində məhsulun istehsalına çəkilən xərclərə maksimum qənaət etmək və məhsulun keyfiyyətini yüksəltməklə müvəffəqiyyət qazana bilər. Buna görə də qiymətin uçot funksiyası firmanın marketinq sisteminin hazırlanması, əmtəə istehsalı strategiyasının işlənib hazırlanması və qiymət siyasətinin formalaşması üçün xüsusi əhəmiyyətə malikdir.
Qiymətin stimullaşdırma funksiyası öz əksini resurslara qənaətdə, istehsalın səmərəliliyinin və məhsulun keyfiyyətinin yüksəldilməsində tapır. Qiymətin bu funksiyası müəyyən mənada təhrikçilik gücünə malik olmaqla məhsulun istehsalına və istehlakına qarşılıqlı təsiri ilə xarakterizə olunur. qiymət özünün tərkib hissələrindən biri olan mənfəətin səviyyəsi ilə həm istehsalçıya, həm də istehlakçıya təsir göstərir. Nəticədə isə qiymətin bu funksiyası istehsal və istehlakın artımını ya stimullaşdırır, ya da məhdudlaşdırır.
Qiymətin bölüşdürmə funksiyasına gəlincə, o öz əksini müəyyən qrup məhsullar üzrə aksiz vergisinin, əlavə dəyər vergisinin və s. qiymətdə nəzərə alınmasında tapır. Bununla da qiymət ümumi milli gəlirin dövlət büdcəsi, regionlar, sahələr, müxtəlif mülkiyyət formalı firmalar, istehlak və investisiya, əhalinin müxtəlif sosial qrupları arasında bölüşdürülməsinin mühüm vasitəsinə çevrilir.
İqtisadi məzmununa və təyinatına görə qiymətlərin aşağıdakı növləri mövcuddur:
sənaye məhsuluna topdansatış qiyməti;
tikinti məhsuluna qiymət;
tədarük qiymətləri;
yük və sərnişin nəqliyyatının tarifləri;
pərakəndəsatış qiymətləri;
əhaliyə göstərilən pullu xidmətlərin tarifləri;
xarici ticarət dövriyyəsinə xidmət göstərən qiymətlər.
Sənaye məhsullarına topdansatış qiymətləri 2 növə – firma və sənaye topdansatış qiyməti qiymətinə bölünür.
Firmanın topdansatış qiyməti, məhsulun istehsalına və reallaşdırılmasına sərf olunmuş xərcləri ödəyən, firmanın öz fəaliyyətini davam və inkişaf etdirməyə imkan verən və nəhayət, mənfəət səviyyəsini təmin edə bilən bir qiymətdir. Firmada qiymətin formalaşmasına məhsulun faydalılığı, xərclərin səviyyəsi, məhsulun satışı üsulları və xidmət amilləri təsir göstərirlər.
Məhsulun faydalılığı qiymətin miqyasını müəyyən edən ən vacib amillərdən biridir. Hər bir məhsul alıcıların tələbatını müəyyən səviyyədə ödəmək qabiliyyətindədir və bu səviyyələr arasındakı fərq qiymət müəyyən olunarkən nəzərə alınmalıdır.
Məhsulun qiyməti və faydalılığını əlaqələndirmək üçün reklam vasitəsi ilə istehlakçılara məhsul haqqında hərtərəfli informasiya verilir.
Məhsula sərf olunan xərclərlə istehsalçını təmin edən mənfəətin məcmusu qiymətin miqyasını müəyyən edir. lakin bu yolla qiymətin təyin edilməsi məhsulun bütün hallarda satılacağına təminat vermir. Çünki rəqabət firma tərəfindən məhsula müəyyən olunmuş qiymətə ciddi şəkildə təsir göstərir. Yüksək qiymət sahəyə əlavə rəqiblərin daxil olmasına səbəb olur ki, bu da qiymətin tədricən aşağı düşməsi ilə nəticələnir.
Məhsulun satış kanallarının seçilməsi də onun qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Firmanın istehsal etdiyi məhsul nə qədər istehlakçıya yaxın olursa, onda firma üçün satış xərcləri bir o qədər az məbləğ təşkil edir. Məhsulun birbaşa istehlakçıya satılması əlavə xərclər hesabına başa gəlsə də, firma özünün satış və marketinq fəaliyyətləri üzərində nəzarətə malik olur.
Xidmət amili məhsulun satışı ilə bağlı sövdələşmələrin satışdan qabaq və satışdan sonrakı mərhələlərində iştirak edir və firmanın xidmətlə bağlı xərcləri məhsulun qiymətinə daxil olunur.
Sənayenin topdansatış (buraxılış) qiymətinə firmanın topdansatış qiyməti, təchizat-satış təşkilatlarının xərcləri və mənfəəti, aksiz və əlavə olunmuş dəyərə vergi daxil edilir.
Təsərrüfat praktikasında tikinti məhsuluna qiymətlərin 3 növündən istifadə olunur:
hər bir obyektin tikintisinə çəkilən xərclərin ölçüsünü əks etdirən smeta dəyəri;
nümunəvi (tipik) tikinti obyektinin son məhsul vahidinin orta smeta dəyərini əks etdirən preyskurant qiyməti (1 m2 yaşayış sahəsinə, 1 m2 rəngsaz işinə və s.);
sifarişçi və podratçılar arasında müqavilə əsasında müəyyən olunan müqavilə qiyməti.
Tədarük qiymətləri vasitəsilə firma, fermer və əhali tərəfindən kənd təsərrüfatı məhsulları reallaşdırılır. Bu, adətən, tərəflərin razılaşması əsasında müəyyən olunan müqavilə qiymətidir.
Yük və sərnişin nəqliyyatının tarifləri nəqliyyat təşkilatlarının yük göndərənlərdən və əhalidən yüklərin və sərnişinlərin daşınmasına görə alınan haqqı əks etdirir.
Pərakəndəsatış qiymətləri ilə məhsullar ticarət şəbəkəsində əhaliyə, firmalara və təşkilatlara satılır. Bu qiymət sənayenin topdansatış qiyməti ilə ticarət təşkilatlarının əlavəsindən ibarət olur.
Bazar münasibətləri şəraitində qiymətlərin təsnifat əlamətlərindən biri onların dövlətin tənzimləmə təsirlərindən sərbəstlik səviyyəsidir.
Müasir dövrdə əksər məhsulların qiymətləri dövlət təsirlərindən azad, tələb və təklifin təsiri nəticəsində sərbəst şəkildə bazarda formalaşır. Tənzimlənən qiymətlər də tələb və təklifin təsiri altında formalaşır. Lakin bu qiymətlərə dövlətin, nizamlanma baxımından, müəyyən təsirləri olur. Dövlət qiymətlərə onların artması və ya azalmasını birbaşa məhdudlaşdırmaqla, rentabelliyin səviyyəsini normalaşdırmaqla və s. tədbirlər vasitəsilə təsir göstərə bilər. Eyni zamanda səlahiyyətli dövlət orqanı məhsul və xidmətlərə sabit qiymətlər də müəyyən edə bilər. Bazar iqtisadiyyatı şəraitində əsasən 2 növ qiymətlər – sərbəst və tənzimlənən qiymətlər fəaliyyət göstərirlər.
Ticarətlə bilavasitə əlaqəli qiymətlərin xüsusi növlərinə auksion, birja və müqavilə qiymətləri aiddirlər.
Auksion (hərrac) qiyməti – hərrac (auksion) vasitəsilə satılan məhsulların aldıqları qiymətdir. O, bazar qiymətindən əhəmiyyətli şəkildə fərqlənə bilər, çünki bu qiymət məmulatlarının xassə və əlamətlərini əks etdirir.
Birja qiymətləri – birjada əmtəələrin alqı-satqısı üzrə topdansatış qiyməti sövdələşmələrində istifadə edilən qiymətlərdir. Bunlar sərbəst qiymətlərdir, çünki tələb və təklifdən, sövdələşmənin həcmindən və şərtlərindən asılı olur.
Müqavilə (kontrakt) qiyməti – bağlanmış müqavilə əsasında əmtəələrin reallaşdırıldığı qiymətdir. Müqavilə qiyməti müqavilənin qüvvədə olma müddəti ərzində sabit qala və tərəflərin razılığı ilə vaxtaşırı dəqiqləşdirilə bilər.
Dostları ilə paylaş: |