Təsərrüfat ortaqlıqları və cəmiyyətləri –təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin paylarından yaranan, həmçinin fəaliyyət prosesində istehsal edilən, əldə olunan aktivlər (əmlak) üzərində mülkiyyət hüququ onlara məxsusdur. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlıqları formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
Təsərrüfat ortaqlıqları və cəmiyyətlərinin əmlakı maddi, qeyri-maddi və maliyyə aktivlərindən ola bilər. Təsərrüfat ortaqlıqları və cəmiyyətlərinin iştirakçıları ortaqlığın və cəmiyyətin idarə olunmasında iştirak edir, ortaqlığın və cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər, onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər, mənfəət bölgüsündə iştirak edə bilər, ortaqlıq və cəmiyyət ləğv olunarkən öhdəliklər ödənildikdən sonra əmlakın qalan hissəsini yxud onun dəyərini ala bilərlər.
Törəmə təsərrüfat cəmiyyəti -təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Törəmə cəmiyyət əsas təsərrüfat ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdehlik daşımır. Törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas təsərrüfat ortaqlığı və ya cəmiyyəti tərəfindən dəymiş zərərin əvəzini ödəməyi onlardan tələb edə bilər.
Tam ortaqlıq – ortaqlıq o zaman tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq olaraq ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortalığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Tam ortaqlığın mənfəəti və zərəri, nizamnamədə nəzərdə tutulan digər hallar istisna olunmaqla, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür.