Maliyyə uçotunun dövlət tənzimlənməsinin normativ – hüquqi bazası
Müstəqillik əldə edildikdən sonra ölkədə uçot və hesabatın təşkili və aparılması sahəsində bir çox normativ- tənzimləyici sənədlər qəbul edilmiş, qaydalar işlənib hazırlanmış və təsdiq edilmişdir. Məqsəd- uçot və hesabatı biznesin maraqlarına və tələblərinə uyğun qurmaqdan, düzgün maliyyə qərarları qəbul etmək üçün istifadəçilərə dürüst və şəffaf informasiya təqdim etməkdən ibarət olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, ölkədə iki dəfə, yəni 1993 və 2004 –cü illərdə Mühasibat uçotu haqqında Qanunlar qəbul edilmiş, onların icrası üçün müxtəlif sənədlər işlənib hazırlanmışdır.
2004-cü ildə qəbul edilmiş “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərasizində mülkiyyət və təşkilati-hüquq formasından asılı olmayaraq fəaliyyət göstərən bütün hüquqi şəxslər uçot aparmağa borcludurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər (vətəndaşlar) isə gəlir və xərclərinin uçotunu aparmalı və vergi qanunvericiliyinə əsasən müvafiq qaydada hesabat tərtib etməlidirlər.
“Mühasibat uçotu haqqında” Qanunun tətbiqi haqqında” 7 fevral 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman xüsusi yer tutur. Adı çəkilən qanun respublikada mühasibat uçotu və maliyyə hesabatı sisteminin Beynəlxalq praktikada qəbul edilmiş standartlara uyğun olaraq qurulması konsepsiyasını müəyyənləşdirmək məqsədi daşıyır. Qanunun xüsusiyyəti onun bilavasitə konseptual, çərçivə xarakteri daşımasıdır. Bundan başqa həmin qanunun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 18 iyun 2005-ci ildə “2005-2008-ci illərdə Milli Mühasibat Uçotunun Standartlarının tətbiqi üzrə Proqram” qəbul olunmuşdu. Həmin Proqrama uyğun olaraq 2006-2009 –cu illərdə Kommersiya təşkilatları üçün 37 Milli Mühasibat Uçotu Standartları (MMUS) işlənib hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edildi. Bu standartlar Maliyyə Hesablarının Beynəlxalq Standartlarına (MHBS) əsaslanaraq hazırlanmışdı. Maliyyə Nazirliyi tərəfindən həmçinin 18 aprel 2006 –cı ildə yeni Hesablar Planı təsdiq edilmişdi.
Uçot – hesabat siteminin daha da inkişaf etdirilməsi və tənzimlənməsində mühüm mərhələ 04 may 2018 –ci idə “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə” AR Qanununun qəbul edilməsi oldu. Bu Qanuna əsasən ölkədə fəaliyyət göstərən bütün kommersiya təşkilatları və digər qurumlar uçotun aparılması və hesabatın tərtib edilməsinin Beynəlxalq standartlarına keçmiş oldu. Kommersiya təşkilatlarında və digər qurumlarda uçot və hesabatın Beynəlxalq Standartlar əsasınada aparılmasına keçid eyni zamanda müvafiq qaydaların və sənədlərin işlənib hazırlanmasını tələb etdi. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi özünün 30 yanvar 2017-ci il Q-01 saylı Qərarı ilə təsdiq etmiş olduğu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nda (bundan sonra – Qaydalar) dəyişikliklər etdi. Bu Qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir.
Qaydaların 8.3. maddəsinə əsasən mühasibat uçotu subyektlərində təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri vasitəsi ilə aşağıdakı işlər (xidmətlər) həyata keçirilir:
-mühasibat uçotunun aparılması üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;
- mühasibat uçotunun aparılmasını həyata keçirmək;
- mühasibat uçotunu ilkin uçot sənədləri əsasında, mühasibat uçotu registrlərini tərtib etməklə fasiləsiz həyata keçirmək;
- maliyyə, vergi və digər hesabatların tam və vaxtında təqdim olunmasını təmin etmək;
- kommersiya sirri hesab edilən məlumatları məxfi saxlamaq;
- müvafiq vəsaitlərin təyinatı üzrə istifadə edilməsini həyata keçirmək;
- aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək.
Qaydalar mühasibat uçotu subyektlərində uçotun aparılması üçün Hesablar Planı müəyyən etmişdir. “Mühasibat uçotu” haqqında Qanuna, və Qaydalara əsasən təşkilatlarda uçotun təşkilinə və təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi zamanı qanunvericiliyə əməl edilməsinə cavabdeh olan şəxs onun rəhbəridir. Eyni zamanda hər bir təşkilatda mühasibat uçotunun təşkili qəbul edilmiş uçot siyasətinə əsasən həyata keçirilir. Təşkilat uçot siyasəti ilə yanaşı sintetik və analitik hesabları özündə əks etdirən mühasibat uçotunun işçi hesablar planını, təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi zamanı istifadə olunan ilkin uçot sənədlərinin formalarını, aktivlərin və öhdəliklərin qiymətləndirilmə metodlarını və inventarlaşma qaydaları, sənəd dövriyyəsinin qaydası, uçot informasiyasının işlənilmə texnologiyası, təsərrüfat əməliyyatlarına nəzarət formalarını, həmçinin mühasibat uçotunun təşkilinin digər məsələlərini də müəyyənləşdirir və təsdiqləyir.
Dostları ilə paylaş: |