III. Ekoloji tərbiyədə aşağıdakı vəzifələri həyata keçirilir:
— böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq;
— uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;
— təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.
Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.
Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri genişləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantılarının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Bunlar isə şagirdlərin ekoloji təfəkkürünün inkişafına güclü təsir göstərir. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə — biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.
Son 30-40 il ərzində ekologiya yalnız təkcə biologiya elmləri sistemində deyil, həm də bütün təbiət, sosial, iqtisad elmləri arasında çox tanınmış - populyar tətbiqi elm sahəsinə çevrilmişdir. Göstərilənlər ümumi ekologiyanın müstəqil sahələri olub, nəzəri və tətbiqi ekologiya sahələrinə ayrılırlar. Deyilənlər baxımından, ekologiya elmi təbiət elmləri sayılan geologiya, fizika, kimya, riyaziyyat, torpaqşünaslıq elmləri ilə sıx əlaqə saxlayır. Ekologiyanın coğrafiya elmi ilə əlaqəsi daha qabarıqdır. Buradan aydın olur ki, elə bir ikinci elm sahəsi yoxdur ki, o da ekologiya elmi kimi onunla belə sıx təmasda, sintezdə iştirak etmiş olsun. Bu xüsusiyyət, ekologiyanı digər elm sahələrindən fərqləndirən cəhətlərdən ən başlıcasıdır. Bu əsasdan da ekologiya elmi canlı orqanizmlər arasında və onların yerləşdiyi coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında mövcud olan müstəqil bir elm sahəsinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, ekologiya elminin ayrı-ayrı sahələrinin yaranma tarixi müxtəlifliyi ilə seçilirlər. Yaddan çıxarmaq lazım deyil ki, tədris prosesində ekologiyanı, populyasiya ekologiyası, ekosistetm ekologiyası və biosfer haqqında təlim bölmələrinə də ayırırlar.
Müasir mərhələdə ekologiyanın təkamül, riyazi, insan, heyvanlar, bitki, kosmos, səhiyyə və sair sahələri daha sürətlə inkişaf edir. Burada, xüsusilə kosmos ekologiyası kosmonavtların uzunmüddətli uçuşu zamanı mütləq nəzərə almır. Belə ki, kosmos ekologiyası kosmik aparat daxilində insanların əmək fəaliyyətinə dayaq olmaq üçün kiçik qapalı sistem ekoloji şəraitini tədqiq edir. Müasir dövrdə biosfer ehtiyatlarından, bizi yaşadan planetimizin bütün təbii sərvətlərindən, kosmik fəzadan səmərəli, rentabelli istifadə olunması və onların bərpası problemləri müharibə, sülh, ərzaq çatışmazlığı və sair problemlərin həll olunmasından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də ekologiya elmi bir növ elmlərin “şahı” sayılmalıdır. Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi sayəsində ətraf mühitdən istifadə gündən-günə artaraq təbiətdə mənfi, müsbət təsirlərin izləri qalmaqdadır. Əhalinin yaşayış tərzinin yüksəlməsi müşahidə edilir, canlı aləmin müxtəlif xəstəliklərə tutulmasının qarşısı alınır, insanların ömrü uzanır, uşaq ölümlərinin sayı azalır və sair kimi müsbət halların sayı çoxalır. Bir sözlə ETT-nin inkişafı ekologiyanın insan həyatının hərtərəfli öyrənilməsində mühüm əhəmiyyət kəsb etməsinə səbəb olur. Ekologiya elmi öz xüsusiyyətlərinə görə bütün sahələrdə təbii ehtiyatların qorunub saxlanılmasında, insanların sağlamlığının ətraf mühitlə qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində əsas mənbəyə çevrilir. Təbii ekosistemdə maddələrin və enerjinin əmələ gəlməsini yaxşılaşdırmaq məqsədilə biosferdə yeyinti məhsullarının keyfiyyətinin və miqdarının artırılması istiqamətində müxtəlif tədbirlərin işlənib hazırlanması ən vacib məsələlərdəndir. Ekologiyanın təcrübi əhəmiyyətindən bir daha söhbət açarkən onun sayəsində kənd təsərrüfatında, eləcə də təbii sərvətlərdə olan ziyanvericilərə qarşı mübarizə sistemini daha da təkmilləşdirməklə bioloji, aqrotexniki və kimyəvi üsullardan istifadə etməklə biosenozda müəyyən növlərin miqdarı artırılır. Təbii bitkinin və heyvanat aləminin artırılmasında ekologiyanın müvafiq təcrübi tədbirlərinin hazırlanması böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının ətraf mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsində, təbii və mədəni landşaftın müasir üslubda qurulmasında ekologiya bir elm kimi aparıcı rol oynayır. Ekologiya daxili su hövzələrinin bioloji və hidrokimyəvi rejiminin pozulması nəticəsində əmələ gələn və gələcəkdə insanlar üçün pis nəticə verə bilən bir çox məsələlərin araşdırılmasında həlledici rol oynayır. Ekologiyanın, təbiətin qorunmasında, nəsli kəsilməkdə olan flora və faunanın bərpasında, ətraf mühitin çirklənmələrdən, təbii fəlakətlərdən müdafiəsində, biosferdə oksigen balansının tənzimlənməsi və saxlanılmasında, meşələrin, milli parkların, qoruqların, yasaqlıqların yaradılmasında, landşaftın planlaşdırılması sahəsində həyata keçirilən təcrübələrin, təbii ekoloji tarazlığın qorunub saxlanılmasında əhəmiyyətləri ölçüyə gəlməzdir.
Uşaq təbiətə yaxınlaşmasa və təlim-tərbiyə prosesində ondan istifadə olunmasa, məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının əqli,əxlaqi,fiziki,estetik,əmək və s.kimi vəzifələrini həll etmək olmaz.
“Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na uyğun olaraq uşaqların təbiətlə tanışlığı prosesində təlimedici və tərbiyəedici vəzifələr qoyulur ki,bunlar da bir-birilə sıx əlaqədardır.