Natamam induksiya məntiqi bir sinfə daxil olan predmet və hadisələrin bir qismi
barəsində fikir yürüdür və bu fikri ümumi sinfə aid edir. Alınan yekun fikir ehtimali olur,
dəqiqlik bildirmir. Natamam induksiyanın 2 növü var: 1. sadalama yolu ilə, 2. istisna yolu
ilə. Sadalama yolu ilə induksiyaya çox vaxt populyar induksiya, ikinciyə isə elmi
induksiya deyilir. Populyar induksiya həmcins predmetlərin bütün sinfi haqqında nəticə
çıxardır və burda zidd hallara təsadüf olunmur. İnsanın gündəlik həyatında populyar
induksiyaya çox rast gəlinir. "Qaranquş yer səthinə yaxın uçarsa, yağış gözlənilir". Bu
induksiya həm də "xalq induksiyası" da adlanır. Lakin burada da nəticə ehtimali xarakter
daşıyır. Populyar induksiya o vaxt səhv olur ki, təkrar olunan fikirlərə zidd fikirlər hesaba
alınmır və tələsik nəticələr alınır. Nəticədə qeyri-dəqiq qurulmuş induksiya müxtəlif
mövhumatların yaranmasına gətrib çıxardır. Elmi induksiya elə əqli nəticə formasıdır ki,
onun müqəddimələrində müəyyən hadisələrin əlamətləri təkrar olunur və bununla yanaşı
bu əlamətlərin hadisələrdən asılılığı da informasiya kimi verilir. Populyar induksiyada
nəticə əlamətlərin sadəcə təkrarlanması ilə ortaya çıxdığı halda, elmi induksiyada
hadisənin özü də öyrənilir, tərkib hissələri də araşdırılır. Elmi induksiyanın 5 metodu var
ki, bunlar da elmi induksiyanın qurulmasında böyük əhəmiyyət kəsb edirlər. Birinci
metod Oxşarlıq metodudur. Bu metod onu ifadə edir ki, hər bir hadisə digərlərindən
fərqlənsə də, onlarla müəyyən oxşarlığa malikdir. İkinci Fərq metodu iki və daha artıq
hadisələrin müqayisəsinə əsaslanır. Bu metod çox vaxt oxşar vəziyyətdə fərqliliyi axtarıb
tapır. Üçüncü Oxşarlıq və fərqlin birləşməsi metodudur. Yəni hadisələr təhlil edilərkə
fərqlilikdə oxşarlıq, oxşarlıqda fərqlilik axtarılıb tapılır. Dördüncü Həmahəng
dəyilikliklər metodudur. Burada təhlili aparılan hadisədəki edilən dəyişiklik, digər
hadisədə də dəyişiklik olmağına səbəb olur. Beşinci metod Qalıqlar metodudur. Əgər
mürəkkəb bir hadisənin tərkibindəki dəyişikliklərin səbəbi aydındırsa, səbəbi aydın
olmayan hissə qalıq şəklində çıxış edir.
Dostları ilə paylaş: |