Məfhumların “dəyişdirilməsi” sofistlərin ən geniş yayılmış üsullarından
biridir.
Təfəkkür prosesində buraxılan səhvlərdən biri də eklektizmdir. Eklektizm
(yunanca-eklektikos-seçilən) bir-birinə zidd olan, uyğun gəlməyən, bir-birini istisna
edən fikirlərin, nəzəriyyələrin və rpinsiplərin mexaniki olaraq birləşdirilməsi
deməkdir.
Həm nəzəri , həm də praktiki fəaliyyətdə eklektizm bir qayda olaraq
gözlənilməz nəticələrə gətirib çıxarır. Sofistlər kimi eklektiklər də hərəkət və
inkişafın dialektikasını bilmədiklərinə görə relyativizmə (latınca relativus –
nisbi) gəlib çıxırlar. Relyativislər obyektiv həqiqəti inkar edir və göstərirlər ki,
bizim biliklərimiz yalnız nisbi, subyektiv xarakter daşıyır.
Məntiqi səhvlərdən biri də paradoksudur. Paradoks strukturca, fikrin formal
məntiqi düzgünlüyü baxımından, həqiqət hesab olunsa da hamı tərəfindən və ya
sağlam düşüncə tərəfindən qəbul edilmiş elmi müddəalarla düz gəlməyən, ona
zidd olan gözlənilməz, qəribə təəcüblü fikirlər, mülahizələrdir.
Beləliklə, idrak prosesində baş verən hadisələrin sübut olunmasında məntiqi
qayda və prinsiplərə düzgün əməl edilməlidir. Məhz bu yolla təfəkkürün
məntiqliyini artırmaq, məntiqi fikirləşmək, fikirləri ziddiyyətsiz, aydın, dəqiq və
ardıcıl ifadə etmək, əsaslandırmaq, özünün və başqalarının fikirlərinə tənqidi
yanaşmaq vərdişlərinə yiyələnmək mümkündür.