MÖVZU : 8 TƏLİMİN TİPLƏRİ. ÜMUMTƏHSİL BACARIQLARININ FORMALAŞDIRILMASI P L A N: 1.Təlim və öyrənmə 1.1. Öyrənmənin tipləri 2.Mənimsəmə və onun psixoloji komponentləri 2.2.Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi 2.3.Əqli fəaliyyətin formalaşma mərhələləri 3.Müasir dərs və şagirdlərin emosional vəziyyətinin psixoloji məqamları
ƏDƏBİYYAT Həmzəyev M.Ə.Pedaqoji psixologiya. Bakı, “Maarif”, 1991
Əliyev B, Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011
Əlizadə Ə, Əlizadə H. Pedaqoji psixologiya 1 və 11 kitab.Bakı., 2010.
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002
Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, 1998
Əliyev B.Müəllim –tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998.
1.Təlim və öyrənmə
İnsanın bilik, bacarıq və vərdişlər formasında təcrübə toplaması prosesinin bir neçə anlayış öyrənmə, adaptasiya, təqlid və təlim vasitəsilə açmaq olar. Bu anlayışlar içərisində daha geniş və umumiləşmiş anlayış təlim fəaliyyətidir.
Təlim fəaliyyətinin başlıca əlaməti onun hazırlıq xarakterinin olmasıdır Məhz təlim fəaliyyəti əsasında insan müstəqil əmək fəaliyyətinə hazırlaşır, ətraf aləmə uğurla adaptasiya olunur, öz tələbatlarını ödəyir və şəxsiyyət kimi formalaşır.
Təlim fəaliyyəti “təmiz” idrak aktıdır və şagirdlər tərəfindən mövcud təcrübənin mənimsənilməsi sayəsində gerçəkləşir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və mənimsənilmiş bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir. S.L.Rubinşteyn yazırdı ki iki təlim forması mövcuddur ki, burada insan yeni bilik və bacarıqlara yiyələnir. Bunlardan biri bilik və bacarıqlara yiyələnməni özünün xüsusi məqsədi kimi təqdim edir. Digəri isə bilik və bacarıqlara yiyələnməni başqa məqsədlərin gerçəkləşməsi üçün istifadə edir.
Təlim prosesi elə qurulmalıdırki, nəinki şagirdlər təlim məqsədlərini başa düşsünlər, həm də özləri təlim fəaliyyətinin strukturundan çıxış edib müəyyən yaxın və uzaq məqsədlər qarşıya qoya bilsinlər.