Şagirdlərin özünütərbiyəsinin təşkili. Özünütərbiyə o qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması olduğuna görə şagirdlərin bu işi asanlıqla yerinə yetirəcəklərini guman etmək olmaz. Ona görə də bu sahədə onlara kənardan, tərbiyəçilər tərəfindən köməklik göstərilməsi, istiqamət verilməsi zəruridir. Özünütərbiyənin, bununla da əlaqədar ümumiyyətlə tərbiyənin səmərəliyi öz üzərində işləyən şagirdlərlə həmin işin təşkili, onlara istiqamət verilməsi və köməklik göstərilməsindən çox asılıdır.
Şagirdlərin özünütərbiyəsini təşkil edərkən, birinci növbədə kollektiv qarşısında bu cür məqsədin qoyulmasından başlamaq lazımdır. Sosial psixologiyadan aydındır ki, insanların ümümi işdə təması və vəhdəti nə qədər güclü olarsa, onların qarşılıqlı təsiri bir o qədər səmərəli xarakter daşıyar. Buradan isə aydın olur ki, əgər kollektivdəki bir neçə adam, xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini qazanan adamlar öz üzərlərində işləməyə, özünütərbiyə ilə məşğul olmağa başlayarlarsa, bu hal kollektivin başqa üzvlərinə də mütləq sirayət edəcəkdir.
Adətən, kollektiv vasitəsilə ayrı-ayrı şagirdlərin qarşısına özünütərbiyə öhdəliyi qoyulması da bu işin səmərəli nəticə verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox təsirli xarakter daşıyır ki, yarış şərtlərinə daxil edilsin və bu işə sinfin fəalları nəzarət etsinlər.
Sinif kollektivi ilə özünütərbiyə işini təşkil edərkən təkcə onların qarşısına özünütərbiyə məqsədi qoymaqla məhdudlaşmamalı, bu işin səmərəli yollarını tapmaqda da onlara köməklik göstərməlidir. Birinci növbədə şagirdi uzun və ya qısa müddət ərzində öz üzərində aparacağı işlə əlaqədar vəzifələri dəqiq müəyyənləşdirməyə, birinci növbədə özünütərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin işi dönmədən yerinə yetirməyi öyrətmək lazımdır. Əgər şagirddə özününəzarət zəifdirsə, bu keyfiyyəti onda aşılamaq zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də istənilən səviyyədə həyata keçə bilməz. Bu işə kollektivin dostcasına nəzarəti də köməklik göstərməlidir.
Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilməsi özünütərbiyəni səmərələşdirmək üçün oluqca böyük əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə kollektivə köməklik göstərmək olduqca vacibdir.
Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət ictimai rəyin yaranması da bu işin müvəffəqiyyəti üçün faydalıdır.
Nəhayət, şagirdlərin özünütərbiyəsinə istiqamət verən müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim özünün pedaqoji ustalığını və şəxsiyyətini təkmilləşdirməsi həmin işi müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.
Bütün dediklərimizdən aydın olur ki, müəllim şagirdlərin özünütərbiyəsinə ciddi rəhbərlik etməlidir. Bu zaman o dörd vəzifənin həyata keçirilməsinə fikir verməlidir.
Birinci vəzifə, şagirdlərin özlərində şəxsiyyətin müsbət keyfiyyətlərini inkişaf etdirmələri və öz davranışındakı bu və ya digər nöqsanı aradan qaldırmalarına cəhd göstərməyi oyatmaq (və ya dəyişmək). Əgər belə cəhd yoxdursa bunu misallar əsasında şagirdə başa salmaq, onlarda inam yaratmaq zəruridir.
İkinci vəzifə, şagirdin öz şəxsiyyətinə tənqidi yanaşmasına, öz davranışının xüsusiyyətlərini təhlil edə bilməsinə, öz qüsurlarını göstərməsi və dərk etməsinə köməklik göstərmək.
Üçüncü vəzifə, müəllim, tərbiyəçi şagirdin özünütərbiyə proqramını tərtib etməsinə, hansı keyfiyyəti inkişaf etdirmək lazım gəldiyini, hansıları isə aradan qaldırmağın zəruri olduğunu müəyyənləşdirməsinə köməklik göstərməlidir.
Dördüncü vəzifə, müəllim, tərbiyəçi şagirdləri özünütərbiyənin ən səmərəli, düşünülmüş yolları, priyomları ilə silahlandırmalıdır.