5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları Əxlaqi şüur və əxlaqi davranışın formalaşmasının vəhdəti. Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsi, onda əxlaqi sahənin formalaşmasıdır. Adətən, məktəblinin tərbiyəsindən danışarkən birinci növbədə onun əxlaqi cəhətdən formalaşmasına nəzər yetirirlər. Buna görə də şəxsiyyətin əxlaqi sahəsinin formalaşmasının psixoloji əsasları ilə tanış olmaq tərbiyəçi üçün az əhəmiyyətə malik deyildir.
Hamıya məlumdur ki, uşağın düşdüyü yeni şəraitdə necə davranmasi üçün onun istinad etməli olacağı geniş əxlaqi təsəvvürləri, əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, əxlaqi bilik və anlayışların mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla, xüsusi rəhbərlik tələb edir. Təsadüfi hadisələrin, düzgün olmayan mikromühitin, böyüklərin düzgün olmayan davranışının və s. təsiri altında yaranan əxlaqi anlayışlar təhrif olunmuş xarakter daşıya bilər. Bu isə səhv davranışa gətirib çıxara bilər. Ona görə də birinci növbədə əxlaqi təsəvvür, bilik və anlayışların yaranması qayğısına qalmaq lazımdır. Lakin təcrübə göstərir ki, əxlaqi anlayışların mənimsənilməsi əxlaqi şüurun yaranması və inkişafı üçün mühüm rol oynasa da, öz-özlüyündə hələ əxlaqi davranışın formalaşmasını təmin edə bilmir.
Aparılmış psixoloji tədqiqatlardan və məktəb təcrübəsindən aydın olur ki, çox vaxt uşaqlar əxlaq normalarını yaxşı bildikləri, onun haqqında geniş biliyə malik olduqları halda, öz davranışlarında onlara əməl etmirlər. Bu isə bəzən müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də şagirdin necə davranmağı yaxşı bildiyini, lakin ona əməl etmədiyini irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər də fərəhləndirici olmur. Əksinə, bəzən şagirdin özünə inamı itir, biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib şərait yaranmır. Bu cəhəti nəzərə alaraq birinci növbədə müəllim öz şagirdləri üçün yalnız öyüd-nəsihətçi, mentor tərbiyəçi olmaqdan uzaqlaşmalı, onların əldə etdikləri əxlaqi bilik və təsəvvürləri öz davranışlarına tətbiq etmək meyli və adəti yaratmağa çalışmalıdır. Bunu isə yalnız sözlə, verbal yolla həyata keçirmək mümkün deyildir. Hər şeydən əvvəl uşaqdakı əxlaqi bilik və anlayışlar onun inamına çevrilməlidir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, şagirdlərdə əxlaqi bilik və anlayışların inama çevrilməsi üçün həmin bilik və anlayışların davranış motivləri və onlara uyğun əxlaqi adətlər sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, hərəkət etməyi dərk etməklə adət edilmiş davranış arasında müəyyən ziddiyyət mövcud olur. Bu ziddiyyəti aradan qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə şagirdlər davranışdakı mümarisələr sayəsində, başqa sözlə müəllim tərəfindən uşaqların müxtəlif, lakin mahiyyətcə oxşar həyati situasiyalarda təşkil olunmuş hərəkət və davranışları zamanı əldə edirlər. Psixoloqlar uşaqların bu cür davranış təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə əlaqələndirməyi vacib hesab edirlər. Bu zaman emosiyalar vətənpərvərlik və beynəlmiləlçilik, humanizm, borc, məsuliyyət, yoldaşlıq, vicdan və s. kimi əxlaqi hisslərin formalaşmasına müsbət təsir göstərir. Adətən, əxlaqi hisslərin, eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin keyfiyyətləri tərbiyə etmək üçün onların şagirdlər tərəfindən fəaliyyət prosesində mənimsənilməsi və keçirilməsi tələb olunur. Əgər şagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin hissi halı keçirməyə can atacaqdır. Məhz buna görə də müsbət əxlaqi hissləri tərbiyə etmək üçün elə situasiya yaratmaq lazımdır ki, şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın, həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin. Bu zaman şagird öz inam və idealı mövqeyindən çıxış edərək özünü və bütün ətrafdakıları qiymətləndirməyə başlayır.
Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində formalaşır. Fəaliyyət prosesində cəmiyyətin nümunələri, idealları təşəkkül tapır. Yuxarıda qeyd etdiyimiz kimi, fəaliyyətin düzgün seçilməsi, müvafiq yaş dövrünə uyğunluğu, düzgün təşkili və tərbiyələndirici istiqaməti həlledici əhəmiyyətə malikdir. Lakin burada bir cəhəti də unutmaq, nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın qarşılıqlı münasibətlərinin xarakterindən ibarətdir.Burada tərbiyəçinin tərbiyə olunana münasibəti güclü xarici təsir qüvvəsi kimi özünü göstərir. Şagirdin xarici təsirlə daxili aləminin qarşılıqlı əlaqəsini, ona göstərilən xarici təsirə şəxsi münasibətinin xarakteri burada mühüm rol oynayır. Ona görə də şagirdin şəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq normalarına zidd olarsa, şagird bu tələbləri formal olaraq mənimsəyər, ona yalnız müvafiq şəraitdə – böyüklərin nəzarəti zamanı əməl edər. Təcrübə göstərir ki, qarşılıqlı təsir düzgün qurulmadıqda, qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda bəzən uşaqlar tərbiyəçinin tələblərinə formal şəkildə də tabe olmur, özünü ona qarşı qoyur, öz şəxsi əqidəsində qalır. Belə olduqda, adətən, uşaq kollektivdən ayrılır, özünə məktəbdənkənar yoldaşlıq mühiti – referent qrup seçir.
Normal şəraitdə belə şagirdlərin tərbiyəçinin tələblərini mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi birdən-birə baş vermir, bir sıra mərhələlər keçir. İlk dövrdə şagird həmin tələbi xarici, məcburi tələb kimi qəbul etməli olur. Sonra şagird həmin tələbi könüllü olaraq qəbul edir, öz vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən əxlaqi tələb şagirdin özünün şəxsi, daxili tələbinə çevrilir, özünə qarşı həqiqi tələbkarlıq meydana gəlir.
Şagirdlərin kollektivdə tərbiyəsi. İnsanlar təcrid olunmuş şəkildə deyil, qruplarda, kollektivdə yaşayır və fəaliyyət göstərir. Ona görə də öz qrupunun hər bir üzvünün tərbiyəsində həmin qrupun, kollektivin rolu böyükdür. Məhz bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətin formalaşmasında rolunu qeyd etməmək olmaz. Kollektiv bir növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu oynayır. Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, onlardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi, işgüzar və ciddi tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında, o cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə də bağlıdır. Adətən bu dövrdə yaranan uşaq kollektivləri eyni tələbata malik olan, müstəqilliyə can atan həmyaşıdlardan ibarət olur. Ona görə də uşaqlar ən çox yoldaşları ilə qarşılıqlı əlaqədə olur, onları anlayır, onlarla asanlıqla razılığa gəlirlər. Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər tərbiyəvi tədbirin təşkili zamanı kollektivin həmin imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır.
Yüksək ictimai həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin hisslərin olması şagirdləri öz sinfinin, öz məktəbinin şərəfi uğrunda mübarizəyə təhrik edir.
Uşaq kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektivdə yaranan bu cür hisslər şagirdləri bir-birinə qarşı qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq, yoldaşlıq münasibətləri dostluq hissinin formalaşmasına, hər bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin normalarına çevrilir. O cümlədən kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.
Nəhayət kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi keyfiyyətlər baş qaldırır.
Gənc nəslin tərbiyəsində ailənin rolu. Uşağın münasibətlərdə olduğu ilk qrup ailədir. Uşaq ilk növbədə ailədə tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin formalaşmasında əsas vasitə olmuşdur. Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uşağın ilk tanış olduğu ictimai mühit adlandırmışdır. Nizamiyə görə uşaqların həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas olmalıdır.
Uşaqlara ictimai borcu şüurlu mənimsətmək, ictimai mənafeyin pozulmasına qarşı mübariz, ədalətli, əməksevər ruhda həyata vermək valideynin vətəndaşlıq borcuna sadiq qalması ilə şərtlənir, onun özünün cəmiyyətə münasibətini, cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir.
Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasının ilk məktəbi olur. Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların formalaşmasında böyüklərin şəxsiyyətinin –xüsusiyyətləri, ailə üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Başqa sözlə, uşağın tərbiyəsi, onun şəxsiyyətinin inkişafı valideynlərinin şəxsiyyətinin necə formalaşmasından çox asılıdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə etmisənsə, övladlarından da onu gözləməlisən. Çünki onun şəxsiyyətinin formalaşmasında sənin münasibətlərin öz əksini tapır. Başqa sözlə, uşaq öz valideynini bir nümunə kimi qavrayır, onun bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini xatırlamaq yerinə düşərdi. L.S.Vıqotski göstərir ki, uşağın gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri daşıyır. Uşaq artıq körpəlik dövründən böyüklərdən özünün ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə başlayır. Bu prosesdə o, dilə yiyələnir. Ailənin yaşlı üzvləri əşyaların simvolik işarələri barədə uşağa biliklər verməklə həmin əşyalara və hadisələrə qarşı öz münasibətlərini də çatdırırlar. Beləliklə, tədricən uşaqda bilik, münasibət və təəssürat sistemi yaranır və uşaq şəxsiyyətinin sonrakı inkişafı bu zəmindən çox asılı olur. Ona görə də ailədə uşaqların tərbiyəsinə çox erkən, kiçik yaşlardan başlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düşür.
İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Ona görə də valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin. Adətən, şəxsiyyətində mənfi keyfiyyətlər formalaşan adamdakı həmin keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uşaqların ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını almaq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır. Şübhəsiz, biz burada ailə tərbiyəsinin bütün məsələlərini geniş əhatə etmək fikrində deyilik. Bu işlə tərbiyə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər məşğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır ki, ailədə uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu mənada ailədə uşaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.