4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji əsasları Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Şübhəsiz bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir. Bir cəhəti də qeyd etmək lazımdır ki, tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin, tərbiyəvi işi həyata keçirən kollektivin fəaliyyəti diqqəti cəlb edir. Ona görə də məktəblinin şəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin mühüm bir amilidir. Bunsuz məktəbli şəxsiyətini formalaşdırmaq da çətin olardı. Bu cür xarici idarəetməyə tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə istinad edilməsini də aid etmək olar. Lakin tərbiyənin idarə olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq. Ona görə də bu prosesdə həmin fərdin özünün bu prosesə münasibəti, özündə bu və ya digər keyfiyyəti aşılamaq cəhdi də mühüm rol oynayır. Bu isə tərbiyədə daxili idarəetmənin zəruriliyini irəli sürür. Belə daxili idarəetmə isə özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır.
Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına müvafiq şəkildə öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin və onun özünü dərk etməsinin müəyyən inkşaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək qabiliyyətinin, eləcə də daim özünütəkminləşdirmək ustanovkasının olması tələb edilir.
Şəxsiyyətin özünütəkminləşdirməsi onun cəmiyyətdəki həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır.
İctimai həyatı, eləcə də onu əhatə edən mühitin tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkminləşdirmək qayğısına qalması özünütərbiyə adlanır.
Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar uşaqlıqdan pis təlim-tərbiyə almalarına, onların şəxsiyyətində bir sıra qüsurların olmasına baxmayaraq gənclik və sonrakı dövrdə özünütərbiyənin köməyi ilə öz şəxsiyyətlərinin yüksək inkişaf mərhələsinə yüksələ bilmiş, davranış və fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bilmişlər. Məsələn, görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o, uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik və s. kimi mənfi cəhətləri aydın şəkildə görə bilmiş və həmin qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik keyfiyyətləri tərbiyə etmişdir.
Həyatdan özünütərbiyənin mahiyyətini açan yüzlərcə bu cür faktlar gətirmək mümkündür. Bunların hamısından bir ümumi cəhət aydın olur ki, insanın özünü, öz hərəkətlərini idarə etməsində özünütərbiyə əvəzolunmaz əhəmiyyətə malikdir. Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. İnsan hər bir yaş dövründə özünütəkmilləşdirməyi, özündə yüksək hisslər aşılamağı, öz şəxsiyyətində təzahür edə biləcək birtərəfliliyi aradan qaldırmağı, xeyir və şəri bir-birindən ayırmağı bacarmalıdır.
Özünütərbiyə insanın kamilləşməsi ilə, özünü istər mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaşdırmaq meyli ilə əlaqədardır.
Özünütərbiyə özünüidarə prosesində həyata keçir. Burada insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peşə və həyat şəraitini şüurlu olaraq seçməsi deməkdir.
Özünütərbiyədə özünüdərketmə, özünü ələ almaq, özünüstimullaşdırma xüsusi rol oynayır.
Özünüdərketməyə özünümüşahidə, özünütəhlil, özünüqiymətləndirmə, özünümüqayisə daxil olur.
Özünü ələ ala bilmək özünəinama, özünənəzarətə, özünütəlqinə, özünü məcburetməyə əsaslanır.
Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyənməni, özünürəğbətləndirməni, özününümayişi, özünüməhdudlaşdırmanı nəzərdə tutur.
İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o, həyata, qarşısında duran vəzifəyə kor-koranə deyil, şüurlu şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk edir. Buradan isə aydın olur ki, özünütərbiyə insanın yüksək şüurluluğu ilə, hər şeydən əvvəl, insanın özündə müəyyən müsbət əlamətləri inkşaf etdirmək, mənfi əlamətlərin isə qarşısını almaq meylinin yaranması ilə bağlıdır.
Bəs özünütərbiyə nə üçün baş verir? İnsanı özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır? Bu sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra motivini aşkara çıxarmışdır. Adətən, aşağıdakılar özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin əxlaqi tələbləri, 2) kollektivin, yoldaşlarının hörmətini qazanmaq iddiası, 3) yarış, 4) tənqid və özünütənqid, 5) işdəki çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə və s.
Fəaliyyətin başqa sahələrində olduğu kimi, özünütərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə bölmək olar.
Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi tələblərini, onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar. Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi, maddi həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab vermək üçün hazırlaşmağa vadar edir, deməli, özünütərbiyənin motivinə çevrilir.
Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi və mənəvi tələbatları, müxtəlif həyati yönəlişliklərini ifadə edən etiqadları və s. daxildir.
Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul etdiyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz idealarında olan keyfiyyətlərə yiyələnmək üçün cəhd göstərməyə yönəldir.
Qeyd etmək lazımdır ki, özünütərbiyə həmişə yalnız bir motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol oynayır.
Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər, həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi daha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola bilər. Özünütərbiyə üçün daha təsirli və davamlı, uzun müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir. Bu halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim özünütəkmilləşdirməyə, daha yüksək insani keyfiyyətlər qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə çevrilə bilər.