Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu 10. Təlimdə geridə qalmanın korreksiyası



Yüklə 0,94 Mb.
səhifə53/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   49   50   51   52   53   54   55   56   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Mövzu 10. Təlimdə geridə qalmanın korreksiyası

Plan:

  1. Psixokorreksiya - təhsil sistemində praktik psixoloji xidmətin tətbiqi səciyyə kəsb edən ən mürəkkəb sahəsi kimi.

  2. Təlimdə geridə qalmanın determinanatları

  3. Təlimdə geridə qalmanın aradan qaldırılması üçün istifadə edilən korreksiya proqramları

  4. Təlimdə psixikorreksiya işinin əsas formaları

Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

Məktəb təhsilinin keyfiyyətcə yaxşılaşdırılmasına tələbkarlığın artdığı müasir dövrdə şagirdlərin inkişaf qüsurlarının öyrənilməsi və onlara diferensial yanaşmanın zəruriliyi getdikcə yüksəlir. İnkişaf anomaniyaları olan uşaqların xüsusiyyətlərinin və potensial imkanlarının müəyyənləşdirilməsi, inkişaf qüsurlarının aradan qaldırılması məqsədilə inkişafetdirici – korreksiya proqramlarının işlənilib hazırlanması və həyata keçirilməsi aktual problemlərindən biridir. Rus defektoloqları M.S.Pevzner, E.A.Vlasova, N.A.Nikaşina və b. müəyyən etmişdir ki, təlimdə geridə qalan bütün uşaqları heç də əqli cəhətdən qeyri – normal uşaqlar sırasına daxil etmək olmaz. Təlimdə geridəqalma və onun səbəbləri uzun onilliklər boyu pedaqojika və pedaqoji psixologiya elmlərində tədqiq edilən mühüm problemlərdən biri olmuş və olmaqdadır. Bu problemə qarşı daim diqqətin olmasına baxmayaraq onu doğuran səbəblərin çoxcəhətli olmasına görə, o aktualbir problem kimi qalmaqdadır. Təlimdə geridəqalma pedaqoji, psixoloji və neyrofizioloji determinantlarla şərtlənmiş kompleks bir problemdir.

Psixi inkişafda geridəqalma inkişaf anomaliyası olub, hər şeydən əvvəl özünü məktəb təliminin ilkin mərhələlərində şagirdlərin bilik, bacarıq və vərdişləri mənimsəməsində, təlim tələblərinə uyğunlaşmasındakı çətinliklərdə biruzə verir. Bu çətinliklərin səbəblərinin elmi – psixoloji təhlili psixi inkişafda geridə qalan uşaqların klinik fizioloji və pedaqoji - psixoloji baxımdan normal inkişafda olan və əqli cəhətdən geeridə qalan uşaqlardan fərqli xüsusiyyətlərini müəyyənləşdirməyə gətirib çıxarmışdır.

Psixoloji ədəbiyyatlarda bunun səbəbi uşaqlarda baş beyinin alın payının qabıq hissəsi ilə qabığaltı mərkəzlər arasında rabitələrin inkişafdan qalması ilə izah edilir. Rabitələrin bu sistemi öz inkişafında xeyli uzun müddət tələb edir və təxminən 12 – 15 yaşlarda normal həddinə çatmış olur.

Xroniki müvəffəqiyyətsizliyin psixoloji sindromları uşağın təlim uğursuzluğunun yeganə səbəbi kimi özünü göstərsə də, bəzən bu asteniya, təlim motivlərinin ifadəli olmayan zəifləməsi halları ilə də bağlı olur. Hər bir valideyn və müəllim öz övladının və şagirdinin uğurlarına sevinir, lakin bu uğurların əldə edilməsi üçün zəruri olan şərtlərin təlim edilməsinə lazımi diqqəti yetirmirlər. Hələ 30 il bundan əvvəl məşhur psixoloq A.V.Zaparojets yazırdı: “Pedaqoji prosesin qurulmasında, yeni tərbiyə proqramlarının tərtibində yalnız uşağın nəyə qabil olduğuna deyil, bunun üçün ondan hansı fiziki qüvvələr tələb olunduğuna diqqət yetirmək lazımdır, çünki, hər cür həddən artıq yüklənmə, hər cür yorğunluq, sağlamlıq vəziyyətinə və inkişafın ümumi nəticələrinə məhvedici təsir göstərə bilər”.

Uşağın təlimdən “soyuması”, uzaqlaşması kimi halları doğuran səbəblərin vaxtında müəyyən edilməməsi nəticəsində onun fəaliyyətindən yayınması baş verir ki, bu da son nəticədə təlim uğurlarının aşağı enməsinə gətirib çıxarmış olur. Bu hal isə uşaqda təlim fəallığının zəifləməsi ilə nəticələnir.

Uşaqların psixi inkişafı ilə bağlı olaraq təlim çətinliklərinin köklü səbəblərindən biri də varbalizm adlanır. Bu, uşağın təlim uğurlarının ifadəli qeyri - bərabər nəticələrində əks olunur. Belə şagirdlər humanitar elmlərə aid olan fənləri yaxşı mənimsədikləri halda, yüksək intellektual inkişaf səviyyəsi tələb edən riyaziyyat, kimya, fizika və s. kimi fənlərin mənimsaənilməsində nə qədər çalışqanlıq və səy göstərsələr də, yüksək nəticələr əldə edə bilmirlər. Məsələn, belə şagirdlər hesab əməllərini formal olaraq yerinə yetirməyi bacardıqları halda, məsələ həllində xüsusi çətinlik çəkirlər.

Valideynlər, xüsusən baba və nənə uşağın dilli – dilavər olmasından fərəhlənir və onun ümumi psixi inkişafının yüksək olması qənaətində olurlar. Onlar uşağın sərbəst, dəqiq və obrazlı danışığından fərəhlənərək ona çoxlu şeirlər əzbərlədir, vaxtından əvvəl oxumağı və yazmağı öyrədirlər.

Fəaliyyətin uşaqlara aid növlərindən, xüsusilə əşyavi və rollu oyunlar,quraşdırma, təsviri fəaliyyət kimi səmərəli fəaliyyət növlərindən uzaq düşmüş belə uşaqların ümumi əqli inkişafı geri qalmış olur. Belə uşaqlarda obrazlı və sözlü məntiqi təfəkkür, sözlü – mücərrəd hafizə kimi psixi proseslər zəif inkişaf etmiş olduğundan, onların bilikləri formal xarakter daşıyır. Valideynlər yanlış olaraq övladlarının nitq qabiliyyətini əsas götürərək onları hətta “vunderkind” adlandırırlar. Nəticədə, belə uşaqlarda özləri haqqında qeyri – adekvat yüksək özünüqiymətləndirmə formalaşır. Onların təlim çətinlikləri birinci sinifdə deyil, proqram materiallarının get – gedə mürəkkəbləşdiyi sonrakı siniflərdə müşahidə olunur.

Valideynlər və müəllimlərin dilindən uşaqlar haqqında səslənən şikayətlər içərisində uşağın tənbəlliyi xüsusi yer tutur. Tənbəlliyin yaranması bir sıra səbəblərlə bağlıdır. Onlardan biri uşağa qarşı hədsiz tələbkarlığın olmasıdır. Bəzən valideynlər və müəllimlər tam normal səviyyədə oxuyan uşağı tənbəl adlandırır, özləri uşağın xüsusi səylərini tam səfərbər edə bilmədikləri halda, günahı uşaqda görürlər. Ona görə də, uşaq öz potensial enerjisini təlimə deyil, başqa bir əyləncəli fəaliyyət növünə sərf edir. Belə uşaqlar həyata həzz və əyləncə kimi baxır, yalnız özünə xoş olan işləri görür, yaşlıların göstərişlərinə məhəl qoymur. Psixoloqlar uşağın həyat və fəaliyyətində müşahidə olunan belə halların ilkin səbəblərini onların ərköyün tərbiyəsində görürlər.

Şagirdlərin təlim sahəsindəki geriliyini şərtləndirən amillər sırasında fəaliyyət tempinin ləngliyinin də özünəməxsus təsiri vardır. Belə hallarda uşaq nə qədər vicdanla, məqsədyönlü olaraq çalışsa da, onun iş tempi ləng olduğundan, ətrafdakılara elə gəlir ki, o, tənbəldir, işi başa çatdıra bilməyərək yarımçıq qoyacaq. Əslində, bu amil uşağın tənbəlliyi ilə deyil, sinir proseslərinin cərəyanetmə sürəti ilə bağlıdır və fizioloji təbiətə malik bir haldır.

Uşaq orqanizminin energetik imkanlarının zəif olması onun təlimdə geriliyini yaradan səbəblərdən biridir. Belə uşaqlar uzun müddət çarpayıda uzanmağı, saatlarla bir yerdə oturmağı, barmaqları ilə oynamağı xoşlayırlar və elə buna görə də yorulmuş olurlar. Yaşlılara isə elə gəlir ki, belə boş şeylərə görə uşaq yorula bilməz. Uşağın özünəinamsızlığı və həyəcanlı olması onun ətrafdakı adamların nəzərində tənbəl olması haqqında rəyin formalaşmasına səbəb ola bilər.

Müəllimlərlə münasibətlərin pozulması uşağın məktəb həyatından uzaqlaşmasına səbəb olan amillərdən biridir. Belə hallarda uşaq məktəbə getmək, ev tapşırıqlarını yerinə yetirmək istəmir, məktəb həyatı ilə bağlı olan bütün işlərdən uzaqlaşmış olur. Ailə münaqişələri, yaxın əhatədəki adamların qarşılıqlı ədavəti uşaqlarda qorxu duyğusu, müdafiəsizlik hissi yaradır. Yaşlıların korlanmış əhvalı nəvaziş və səbrinçatışmazlığı uşağa qarşı münasibətin dəyişməsinə gətirib çıxarır.

Uşağın dalğınlığı, diqqətsizliyi və diqqətin digər funksiyalarının formalaşmaması onlarda bəzən beyinin üzvü zədələnməsi ilə də bağlı ola bilər. Hiperaktivlik, impulsivlik, yüksək hərəki fəallıq kimi hallar da diqqətin funksiyalarına pozucu təsir göstərən amillərdəndir. Uşaqlar arasında az – az hallarda müşahidə olunan fenomenal hallardan biri də intellektualizm adlanır. Belə uşaqlar məişət həyatı ilə bağlı hadisələrə, qaydalara riayət edə bilmir, həmişə dalğın və qayğılı görünür: çantasını unudaraq məktəbdə qoyur, yolda mənzilin açarını itirir, və s. Bu hal heç də uşaqlarda diqqətin pozulması ilə deyil, hafizənin yüksək seçiciliyi ilə bağlıdır.

İntellektualizm uşağın ümumi əqli inkişafında harmoniya və balansın pozulmasının nəticəsidir. Belə uşaqlarda məntiqi təfəkkür orta yaş normasından da xeyli yüksək səviyyədə inkişaf etmiş olduğu halda, əyani – obrazlı təfəkkür, qavrayış kimi idrak prosesləri, motorika inkişafdan qalmış olur. Belə halın yaranma səbəblərindən biri valideynlərin lap kiçik yaşlarından uşağa məktəb proqramlarına uyğun mürəkkəb məsələləri öyrətməsi, onu uşaqlıq dövrü üçün səciyyəvi olan fəaliyyət növlərindən təcrid etməsi ilə bağlıdır.

Korreksiya – bu və ya digər qüsurun, çatışmazlığın və əyintinin düzəldilməsidir. Korreksion təsir tədbirləri psixi funksiyaların aktual inkişaf səviyyəsinə yönələrək , müvafiq yaş normalarından kənara çıxma hallarının aradan qaldırılmasına istiqamətlənməlidir.

Korreksiyaedeici tədbirlərin həyata keçirilməsinə zərurət o halda yaranır ki, subyekt inkişafdakı əyintiləri dərk etmir və onların əmələ gəlməsi daxili, psixi amillərin təsiri altında baş verir. Yaranan qüsurlar, əyintilər və çatışmazlıqların qarşısı vaxtında alınmadıqda daha da irəliləyir, xüsusilə təlimdə və davranışda ağır nəticələrə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, təlimdə geridəqalmanı şərtləndirən səbəblərin geniş və çoxcəhətliliyi müəllimlərin işini çətinləşdirir, bəzən onları aciz vəziyyətdə qoyur. Yaranmış vəziyyətdən çıxış yollarını müəllimlər adətən belə şagirdlərlə ənənəvi iş üsullarını seçməkdə şagirdlərlə əlavə məşğələlər, keçilmiş materialların dəfələrlə təkrarı və s. görürlər. Təcrübə göstərir ki, belə iş üsulları böyük vaxt və qüvvə sərfi tələb edir və çox vaxt arzu olunan nəticəni vermir. Məsələn, bəzi şagirdlərdə hər hansı fikir əməliyyatlar (analiz, ümumiləşdirmə və s.) formalaşmadıqda təlimin müəyyən mərhələsində biliklərin tam həcmdə, kifayət qədər dərindən mənimsənilməsində maneələrin yaranması baç verir. Belə halda korreksiyaedici proqramların zəruriliyi meydana gəlir. Adətən təlimdə müşahidə olunan qüsurlar öyrənən subyekt kimi şagirdin özü tərəfindən dərk olunmadığı kimi, öyrədən və tərbiyə edən subyekt kimi müəllim və tərbiyəçi tərəfindən də aydın dərk olunmur. Belə hallarda müəllim fənnin mənimsənilməsində əngəl yaradan çətinlikləri, maneələrin həqiqi səbəblərini müəyyən edə bilmir. Ona görə onun şagirdə yönəlmiş ümumi tələbləri (“ daha çox məşğul ol”, “çalış”, “ səy göstər”, “tənbəllik etmə”) şagirdə az fayda verir. Şagird təlim uğursuzluqlarını aradan qaldırmaq üçün “ necə səy göstərmək” , “necə çalışmaq” lazım gəldiyini anlamaqda çətinlik çəkir.

Çox vaxt şagirdin intellekt testlərinin tətbiqi zamanı əldə etdiyi nəticələrlə onun təlim göstəriciləri arasında uyğunluqlar özünü göstərir. Bu sübut edir ki, şagirdin testdə qazandığı nəticə bu və ya digər dərəcədə onun təlim fəaliyyətindəki uğurlarını əks etdirir. Lakin şagirdin test vasitəsilə aşkar edilmiş hansı fərdi xüsusiyyətinin təlim fəaliyyətində uğur və ya uğursuzluqlarını praktik olaraq yüksəltdiyi aydın olmur. Odur ki, belə testlər vasitəsilə proqnoz əhəmiyyətli korreksiya planlarının tərtib edilməsi mümkün deyildir.

Rus psixoloqu K.M.Qureviç yazır ki, əqli inkişafın məktəb testlərində buraxılan xarakterik səhvləri təhlil etməklə, bu sahədə korreksiya – inkişafetdirici proqramlar işləyib həyata keçirmək mümükündür. Şagird həm riyazi, həm humanitar, həm də təbii – elmi fənlər üzrə tapşırıqları yerinə yetirərkən eyni xarakterli səhvləri buraxdıqda (məsələn, analogiya əsasında əqli nəticə çıxarma əməliyyatını icra edə bilmədikdə) bu əqli əməliyyatın formalaşdırılmasına yönəlmiş korreksiyaedici proqramlar tətbiq edilə bilər. Həmin proqramların hazırlanması zamanı aşağıdakı prinsiplərə əməl edilməlidir.



  1. Fikri əməliyyatların şüurluluğu prinsipi.

Məlumdur ki, fikri fəaliyyət bir sıra əməliyyatlara əsaslanır və onların sırasında mücərrədləşdirmə, ümumiləşdirmə, analiz, sintez müqayisə və təsnifat mühüm yer tutur. Fikri fəaliyətin səhvsiz yerinə yetirilməsi üçün fərd bu prosesi dərk etməli, onu bir əməliyyat kimi qavramalıdır. Öz təfəkkür fəaliyyətinin xüsusiyyətlərini dərk edən fərd əqli inkişafın yüksək səviyyəsinə yüksələ bilər. Öz fikri fəaliyyətini dərk edən hər bir adam fikrinin gedişinə nəzarət edə bilir, onu idarə edir, buraxdığı səhvləri və qüsurları təhlil edərək aradan qaldıra bilir.

  1. Tapşırıqlarda müxtəlif məktəb fənlərinə və bilik sahələrinə aid rəngarəng materiallardan istifadə olunması prinsipi.

  2. Şagirdlərdə əsas ( baza) fikri əməliyyatlarının və mühüm intellektual bacarıqların inkişaf etdirilməsinin zəruriliyi və bu əsasda inkişafetdirici korreksiya proqramlarının hazırlanması prinsipi. Bu bacarıqlar insanın istənilən fəaliyyət sahəsində idrak fəaliyyətini və fəallığının əsasını təşkil edir. Nümunə üçün bir neçə korreksiyaedici proqramın məzmununa diqqət yetirək:

Inkişafetdirici korreksiya proqramı 1.

II -IV sinif şagirdlərində analiz, oxşar əlamətlərə görə müqayisə, sintez, ümumiləşdirmə əməliyyatları ilə bağlı müxtəlif məntiqi əlaqələrin qurulması bacarıqlarının formalaşdırılması. Sadalanan əməliyyatlar fikri fəaliyyətin əsas üsulları olmaqla, mühakimə və əqli nəticə üçün əsasdır və təfəkkürün mürəkkəb məqsədəyönəlmiş aktıdır.

Inkişafetdirici korreksiya proqramı 1.

Pedaqoqların səylərinin arzu edilən nəticəni verməsi, məktəbin şagirdlərə elmi bilikləri öyrətməsi üçün anlama kimi mühüm intellektual bacarıqların inkişaf etdirilməsi və korreksiyası zəruridir. Bu məqsədin reallaşması üçün proqrama daxil edilən tapşırıqlar III – V sinif şagirdlərində semantik təhlil aparmaq və sözün, ifadə və mətnləri ümumi və xüsusi mənalarını anlamaq mətndə əsas fikirləri ayırmaq bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

Inkişafetdirici korreksiya proqramı 1.

Bu proqram tam şəkildə aktiv nitqin inkişafına yönəlmişdir. Bu proqram əsasında uşaqlarda nitqin inkişaf etdirilməsi üçün sözlərin yadda saxlanılmasını sürətəndirməyə imkan verən sərbəst söz assosiyasiyaları metodu tətbiq edilir. (Məsələn şəhər - Bakı, dəniz – Xəzər, parta – məktəb və s.) . Uşaqlarda idrak fəaliyyətinin və idrak proseslərinin zəifliyi, motivləşmənin olmaması təlimdə geridəqalmanın əsas səbəblərindən biri olduğuna görə, idrak proseslərinin inkişafına yönəlmiş bir sıra korreksiya proqramlarından istifadə etmək məqsədəuyğundur. Bu məqsədlə bir neçə korreksiya proqramına nəzər salaq.

Kim daha tez?

Şagirdlərə hər hansı bir mətn parçası təklif olunur. Bu mətndə tez – tez rast gəlinən, məsələn, “o” və “e” hərflərinin altından xətt çəkmək tapşırığı verilir. Tapşırığın uğurla yerinə yetirilməsi buraxılmış səhvlərin sayına və sərf edilmiş vaxta görə müəyyən edilir. Bu göstəricilər nə qədər aşağıdırsa, müvəffəqiyyət daha yüksəkdir.

Müşahidəçilik

Uşaqlara təklif olunur ki, evdən – məktəbə gələrkən yüzlərlə dəfə gördükləri hər şeyi yolda və məktəb həyətində rastlaşdıqları bütün obyektlərin adlarını müfəssəl şəkildə təsvir etsinlər.

Çətindir, yadda saxla!

Müəllim şagirdlərə 25 – 30 saniyə ərzində yazılışı çətin olan on sözün yazıldığı şəkillər göstərir. Vaxt başa catdıqdan sonra şəkilləri götürür. Bundan sonra şagirdlər müəllimin diqtəsi ilə bu sözləri yazırlar. Görmə hafizəsi bu halda eşitmə hafizəsi ilə əlaqələnmiş olsa da, burada birincinin üstünlüyü daha əhəmiyyətlidir. Bütün sözləri düzgün yazmış şagird qalib hesab olunur.

Ümumiləşdirici anlayışı müəyyən et.

Şagirdlərə blankda 20 ümumiləşdirici söz və onların hər biri ilə əlaqəli olan beş söz təklif olunur. Bu sözlərdən ikisi ümumiləşdirici sözlə daha çox bağlıdır. Həmin sözləri tapıb altından xətt çəkmək lazımdır.

Məsələn: 1) bağ (bitki, bağban, it , hasar,torpaq) , ( bitki, torpaq) ;

2) kitab ( şəkillər, müharibə) , ( kağız, mətn) və s.

İnkişafetdirici – korreksiya proqramlarının IV prinsipi tədricilik adlanır. Bu prinsip həmin proqramlarla iş qaydalarını, sadə biliklərdən tədricən daha mürəkkəb əməliyyat və bacarıqlara keçidi nəzərdə tutur. Belə proqramlar tərtib edilərkən hər bir tapşırıq və çalışma daha mürəkkəb tapşırıqların yerinə yetirilməsinə hazırlıq məqsədi daşıyır.

Beşinci prinsip adlanan fərdiləşdirmə prinsipi inkişafetdirici - korreksiya proqramlarının yerinə yetirilməsində ayrı – ayrı uşaqlara və ya onların qrupları ilə işin xüsusiyyətlərini əks etdirir. Fərdiləşdirmə uşaqların fərdi əqli xüsusiyyətlərini, korreksiyaedici proqrama daxil edilmiş nəzəri biliklərin mənimsənilməsi tempini, məşq etdirici tapşırıqların yerinə yetirilməsi sürətini özündə ehtiva edir. Təlimə qabilliyi aşağı səviyyədə olan uşaqlar üçün daha ətraflı izah, daha çox məşq etdirici çalışmalar, keçilmiş materiallara dəfələrlə qayıdış tələb olunur.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin