Mövzu 9 .Yeniyetmələrdə xarakterin korreksiyası mahiyyəti, məqsədi və vəzifələri
Plan:
Psixoloji korreksiyanın mövzusu
Psixoloji korreksiyanın keçirilməsinə zərurət yaradan amillər
Psixoloji korreksiyanın əsas metod və priyomları
Psixokorreksiyanın başlıca məqsəd və vəzifələri
Psixokorreksiyanın konkret sahələri.
Ədəbiyyat siyahısı:
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008
Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003
Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004
Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006
İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992
Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991
Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005
Təhsil sistemində praktik psixoloji xidmətin tətbiqi səciyyə kəsb edən ən mürəkkəb sahələrindən biri psixokorreksiyadır. Korreksiya ( latınca “correktio” – düzəldilmə, yaxşılaşdırma) bu və ya digər qüsurun, çatışmazlığın və ya pozulmanın bərpa edilməsi, düzəldilməsidir.
Psixloji korreksiya yalnız o halda həyata keçirilir ki, psixi qüsur və ya normadan kənara çıxma halları mərkəzi sinir sistemini üzvü zədələnməsi və ya psixi xəstəlik mənşəli olmasın. Bu istiqamətdə görülən tədbirlər inzibati – tərbiyəvi xarakterdən uzaq olmalı, diferensial diaqnostikanın nəticələrinə və yekun rəyə əsaslanmalıdır. Aşkar edilmiş qüsurlar patopsixoloji və defektoloji təbiətə malik olduqda və ya açıq şəkildə hüquqpozma halları ilə müşahidə olunduqda korreksiya tədbirləri praktik psixoloqun səlahiyyətləri çərçivəsindən çıxmış olur. Belə hallarda müvafiq sahə üzrə mütəxəssislər ekspert və ya məsləhətçi olaraq vəziyyətə müdaxilə etməlidir. Psixoloji korreksiya psixoloji təsirin metod və priyomları vasitəsilə psixi qüsurların, çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş məqsədyönlü və planlı fəaliyyət sahəsidir. Şəxsiyyətin idrak proseslərinin, şəxsiyyət keyfiyyətlərinin, iradi – emosional, ünsiyyət və s. sahələrinin inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə həyata keçirilmiş psixodiaqnostik işlərin nəticəsində hər hansı patologiya - normadan kənaraçıxma halları aşkara çıxarıldıqda, mövcud çatışmazlığın aradan qaldırılması üçün müvafiq inkişafetdirici – korreksiya proqramları işlənib hazırlanır və həyata keçirilir. Şəxsiyyətin əqli inkişafında, məsələn, təfəkkürün inkişafında müəyyən çatışmazlıqlar aşkara çıxarıldıqda (ümumiləşdirmə, analiz, sintez və s. ) onların aradan qaldırılmasına yönəldilmiş korreksion təsirlər həyata keçirilir.
Korreksiya yalnız iki əsas şərtin gözlənildiyi halda mümkün ola bilər:
Fikri əməliyyatın hansı halda düzgün, səmərəli olması, normal hesab edilə bilməsinə tam yəqinlik olduqda;
Psixi inkişafda qüsurun, çatışmazlığın. Inkişafda kənaraçıxmanın psixoloji diaqnostika əsasında əldə edilmiş dəqiq və etibarlı nəticələr olduqda.
Psixoloji korreksiyanın zəruriliyi o halda xüsusilə aktuallaşır ki, aşkar edilmiş çatışmazlıq fərdin inkişafının gedişinə manə olur, əngələ çevrilir. Məsələn, məktəblilərdə təlim motivlərinin və ya təfəkkür əməliyyatlarının, ixtiyari diqqətin formalaşdırılması, onların məktəb proqramları üzrə biliklərin kifayət səviyyədə mənimsənilməsində çətinliklərin meydana çıxmasına səbəb olur. Belə hallarda korreksiya işinə zərurət yaranmış olur.
Korreksiya xüsusi psixologiya və pedaqogika elmlərinin (defektologiyanın) sahələrindən biri olub, xüsusi priyomlar və metodlar vasitəsilə anomal uşaqlarda psixi və fiziki qüsurların tam və ya qismən aradan qaldırılmasını nəzərdə tutur. Korreksiya metodlarının geniş sistemi xüsusi treninqlər və məşqetdrici tapşırıqlar vasitəsilə uşaqlarda aşkar edilmiş inkişaf qüsurları və çatışmazlığın təlim və tərbiyə vasitəsilə müəyyən səviyyədə aradan qaldırılmasını elmi cəhətdən əsaslandırır. Psixokorreksiya belə hesab edir ki, uşaqda inkişaf qüsurlarının aradan qaldırılmasına yönəlmiş məqsədyönlü iş nə qədər erkən yaş dövrlərində və qüsurun ilkin mərhələlərində başlanarsa, onun nəticələri bir o qədər uğurlu ola bilər.
Psixoloji korreksiya işi olduqca çətin və mürəkkəb fəaliyyət sahəsidir. O, praktik psixoloqdan yüksək ixtisas hazırlığı və səriştə tələb edir. Psixoloji korreksiyanın konkret məqsədləri və vəzifələri, həmçinin korreksiya işinin metod və priyomları bütün hallarda inkişaf qüsurunun növü, xarakteri və uşağın fərdi xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.
İnkişaf qüsurunun növündən və xarakterindən asılı olaraq psixokorreksiya üzrə iş müxtəlif sahələri əhatə edə bilər: anomal uşağın şəxsiyyətinin inkişaf etdirilməsi, onun orqanizminin möhkəmləndirilməsi , hissi təcrübənin və təfəkkürün inkişaf etdirilməsi, nitq qüsurlarının aradan qaldırılması və s.
Psixokorreksiya daha çoox korreksion pedaqogikada müxtəlif sensor və əqli qüsurları ( eşitmə, görmə, əqli inkişaf, nitq) olan uşaqlarla həyata keçirilən xüsusi fəaliyyət sahəsi kimi nəzərdən keçirilsə də, həm də ümumtəhsil məktəblərində psixoloji xidmət sisteminin mühüm istiqamətlərindən biridir.
Psixoloji korreksiya üzrə işlərin sistemində uşaqlarda inkişaf qüsurlarının, idrak prosesləri, ünsiyyət fəaliyyəti və davranışıyla bağlı qüsurların aradan qaldırılmasına yönəlmiş fəaliyyət üstün yer tutur. Praktik psixoloq sınaqdan çıxarılmış etibarlı metodikalara, inkişafetdirici – korreksiya proqramlarına istinad etməklə mövcud qüsurun təshih edilməsi istiqamətində sistemli və ardıcıl iş aparmalıdır.
Son bir neçə onillik ərzində bütün dünyada fiziki cəhətdən sağlam, lakin psixoloji yardıma ehtiyac hiss edən insanlara psixokorreksion təsir vasitələrinin müxtəlif sistemləri, metod və vasitələri meydana gəlmişdir. Psixokorreksiya fizikj cəhətdən sağlam adamların psixikası və davranışındakı qüsur və çatışmazlıqların aradan qaldırılması üçün psixoloqun istifadə etdiyi psixoloji təsir priyomlarının məcmusudur. Bu priyomların bir çoxu əvvəllər psixoterapiya təcrübəsində tətbiq olunmuş, lakin sonralar onun sərhədlərini aşaraq, praktik cəhətdən sağlam adamların da davranış tərzinə psixoloji təsirin vasitəsinə çevrilmişdir.
Psixokorreksiyanın təsir vasitələri insanların yeni həyat şəraitinə daha yaxşı uyğunlaşması, gündəlik daxili və xarici gərginliklərin aradan qaldırılması, müxtəlif münaqişələrin həll edilməsi, insanların zərərli vərdiş və meyllərdən xilas edilməsini nəzərdə tutur.
Pedaqoji fəaliyyət təcrübəsi psixokorreksiya metodikalarının tətbiqi sahələrindən biridir. Pedaqoji praktikada psixokorreksiya üzrə həyata keçirilən işlərin əsas məqsədləri aşağıdakılardır:
Uşağın yaş normativinə uyğun olaraq inkişafının davam etdirilməsi, təlim – tərbiyənin fərdiləşdirilməsi işində pedaqoji kollektivə köməyin göstərilməsi;
Uşaqlarda qabiliyyətlərin, maraq və meyllərin inkişaf etdirilməsi;
Uşaqların inkişafındakı geriləmələrin, təlimdə və davranışdakı pozğunluqların aradan qaldırılması məqsədi ilə inkişafetdirici – korreksiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi;
Ayrı – ayrı uşaqlar və onların qrupları ilə, xüsusilə “risk qrupu” nə aid edilən uşaqlarla korreksiyaedici treninqlərin keçirilməsi.
Pedaqoji təcrübədə geniş yayılmış çoxsaylı psixokorreksiya metodları sırasında şəxsiyyətə yönəlmiş psixoterapiya xüsusi yer tutur. Onun tərkibində psixoloji təsirin fərdi və qrup formaları geniş yayılmışdır. Pedaqoji təcrübədə tətbiq edilən psixokorreksiyanın əsas vəzifələri bunlardır:
İnsanın emosional köləlikdən azad edilməsi;
Adamlarda ünsiyyətə tələbat, ünsiyyətlilik hissi formalaşdırmaq;
İnsanın şəxsiyyət kimi özünü aktuallaşdırmasını təmin etmək;
İnsanda şəxsiyyətlərarası münasibət və davranışın səmərəli formalarını yaratmaq və möhkəmləndirmək;
İnsanın ictimai həyata daha fəal cəlb olunmasını təmin etmək və özünə qarşı məsuliyyətliliyə təhrik etmək;
Uşaqla inkişafetdirici – korreksiya işinin vasitə və yollarını müəyyənləşdirmək, aşkar edilmiş fərdi xüsusiyyətlər əsasında onun inkişafı və təlimi imkanları haqqında proqnozlar hazırlamaq;
Məktəbdə təhsil dövründə və dərsdənkənar iş prosesində uşaqların inkişafı istiqamətində inkişafetdirici - korreksiya işləri aparmaq.
Təhsil müəssisələrində psixokorreksiya sahəsində iş aparan praktik psixoloq hər bir uşağın fərdiyyətini öyrənməklə, onun təlimi, tərbiyəsi və inkişafı üçün şəxsi məsuliyyət daşıdığını dərk etməlidir.
Psixokorreksiya sahəsində iş aparan praktik psixoloq psixoterapevt rolunda çıxış edir. Bu məqsədlə yaradılan qrupların bir sıra tipləri vardır:
T – qruplar (sosial – psixoloji treninq qrupları), görüş qrupları, geştalt qrupları, psixodram qrupları, cismani terapiya qrupları, bacarıq treninq qrupları.
Psixokorreksiya qruplarının bütün tiplərində qrup üzvləri arasında rol bölgüsü aparılır və qarşılıqlı münasibətlər müəyyən edilmiş qaydalar əsasında qurulur.
T – qruplar və ya sosial – psixoloji treninq qrupları praktik psixoloq tərəfindən adətən şəxsiyyətlərarası münasibətlərin müxtəlif situasiyalarına uyğun təşkil edilir və düzgün davranış normalarının formalaşdırılmasına xidmət edir. Belə qruplarda iştirakçıların gündəlik həyatda qarşılaşdıqları problemlər müzakirə edilir, onların həlli yolları axtarılır.
T – qrupların əsas vəzifəsi uşaqlar arasında şəxsi və işgüzar qarşılıqlı münasibətlərin formalaşdırılmasından, onların birgə fəaliyyətinin təşkilindən ibarətdir. Bəzən psixoloq belə qrupları uşaqların fərdi psixologiyasını dəyişdirmək, psixoterapevtik effekt yaratmaq məqsədilə təşkil edir.
T – qruplarda əsas diqqət birbaşa iştirakçıların daxili vəziyyətinə, onların özünüdərketməsinə, ətrafda nələrin baş verdiyinə yönəldilir.
T – qrupların konkret məqsədlərin ilə iştirakçıların özlərindən, onların fəaliyyətindən asılı olaraq müəyyən edilir. Belə qruplarda əməkdaşlıq məqsədləri daim ön planda olduğu üçün onun iştirakçılarının bu məqsəd əsasında xüsusi təlimi diqqət mərkəzində saxlanılır.
T – qruplarda məqsədə doğru dəyişiklik və inkişaf mərhələli şəkildə davam edir. Burada işin əsas mərhələlərini aşağıdakı kimi qeyd etmək olar:
Hər bir iştirakçının müəyyən fəaliyyət növü sahəsində özü haqqında təsəvvürləri
(“ Mən necəyəm?”).
Hər bir iştirakçının şəxsi mülahizələrinə başqa adamların reaksiyasının əldə edilməsi
(“Sən necəsən?”, “Biz səni necə görürük?”).
Başqa iştirakçıların rəy və reaksiyalarını nəzərə almaqla hər bir şəxsin şəxsiyyətlərarası davranışın yeni formalarını axtarması.
Qrup üzvlərinin böyük əksəriyyəti tərəfindən bəyənilmiş səmərəli davranış formalarının yenidən işlənilməsi və möhkəmləndirilməsi.
T – qrupları adətən özünəməxsus sosial – psixoloji laboratoriya da adlandırırlar. Bu qruplar ünsiyyət çətinliklərinin aradan qaldırılmasında iştirakçılar arasında şəxsiyyətlərarası ünsiyyət bacarıqlarının formalaşdırılmasında təsirli psixokorreksiya metodudur.
Görüş qrupları və geştalt qruplarda əsas diqqət hər bir uşağın fərdiyyətinin müəyyənləşdirilməsinə və inkişafına yönəldilir. “Görüş qrupu” adlandırılan şərti qruplarda uşaqlar arasında açıq, birbaşa ünsiyyət mühiti yaradılır, qrup üzvlərinin hər biri özlərini başqaları ilə müqayisə etmək zəminində adekvat özünüdərketmə və qiymətləndirmədə məsuliyyət hissinə sahib olurlar. Belə qrupların yaradılmasında məqsəd hər bir uşağın refleksiya yolu ilə özünün şəxsi və intellektual potensialını dərk etməsinə şərait yaratmaqdan ibarətdir. Görüş qruplarına cəlb edilmiş uşaqlar bir – birlərinin real imkanlarını obyektiv qiymətləndirmək imkanı əldə etməklə, real həyatda olduqları vəziyyətlərini qarşılıqlı inam əsasında dərk edirlər. Görüş qruplarında açıq ünsiyyət mühiti iştirakçılar arasında yaxın, etibarlı münasibətlərin formalaşmasının əlverişli vasitəsidir. Onun köməyi ilə tədricən uşaqlar arasında müsbət şəxsiyyətlərarası münasibətlər yaranır, müəyyən qarşılıqlı fəaliyyət və əməkdaşlıq təcrübəsi təşəkkül tapır. Qarşılıqlı inam və etibarlılığın təmin edilməsi zəminində uşaqlar mövcud həyati problemləri, keçmişddə həyatlarında baş vermiş hadisələri, gizli hissləri barədə bir – birləri ilə müstəqil tərəfdaş kimi fikir mübadiləsi aparırlar. Bu isə şəxsiyyətlərarası mənfi emosiya və hisslərin açıq təzahür formalarını aradan qaldırmış olur.
Görüş qruplarında özünüdərketmənin səviyyəsinin yükksəldilməsi yollarından biri qarşılıqlı inamsızlıq və çəkişmələrin, ziddiyətlərin aradan qaldırılmasıdır. Belə qruplara cəlb edilmiş uşaqlar arasında formalaşmış inam və etibar onlar arasında bir – birinə hörmət və məsuliyyət hisslərinin inkişafına təkan verir, özünüinkişaf motivlərinin yaranmasına gətirib çıxarmış olur. Qrup üzvləri özlərinin gündəlik hərəkət və davranışına görə cavabdehlik daşıyır, üzərinə öz üzvlərinin müdafiəsi funksiyasını götürür, öz imkanları daxilində onları rəğbətləndirir, müsbət hərəkətlərini təqdir edir. Aydındır ki, hər bir insan məsuliyyətli davranışa malik olmazdan əvvəl, öz hisslərini düzgün qiymətləndirmək bacarıqlarına sahib olmalıdır. Ona görə də, görüş qruplarının liderləri olan uşaqlar digər iştirakçılar üçün şəxsi nümunə roluna praktik olaraq sahib olmalıdırlar. Onlar rəhbərlik etdikləri qrupda psixoloji yaxınlıq, şəxsiyyətlərarası inam mühiti yaratmalı, öz şəxsi davranışı ilə nümunə göstərməlidir.
Görüş qruplarında işin təşkilinin əsas mərhələləri aşağıdakılardan ibarətdir:
Şəxsiyyətlərarası əlaqələrin qurulması. Bu prosesi asanlaşdırmaq üçün qrupa düşünülmüş ad qoyulur və qrup üzvləri bir –birinə təqdim olunur. Bəzən bu məqsədilə qrup üzvləri arasında qeyri - verbal əlaqələrin yaradılması ( bir – birinin əlindən tutmaq, üz – üzə durmaqla bir – birini vizual qavramaq, ünsiyyət zamanı tərəfdaşın əl hərəkətlərini izləmək, əl - ələ tutub zəncir yaratmaq və s.) lazım gəlir;
Qarşılıqlı inam münasibətlərinin qurulması ( məsələn, qrup üzvlərindən biri gözləri yumulu vəziyyətdə arxaya yıxılarkən tərəfdaş onu tutur və döşəməyə yıxılmasının qarşısını alır);
Yarana biləcək münaqişələrin aradan qaldırılması;
Özünütənqidetməyə qarşı müqavimətin aradan qaldırılması;
Tərəfdaşın halına acımaq vı bir – birinə dəstək göstərmək.
Görüş qrupları tipli şəxsi psixoterapiya və psixokorreksiya metodlarının praktikada tətbiqi heç də həmişə gözlənilən səmərə vermir. Güclü emosional təəssüratlı adamlar belə metodlarla korreksiyaedici təmrinlər zamanı situasiyaya uyğunlaşmaqda çətinlik çəkir, gündəlik həyatda belə məşqlərin nəticələri onların davranış və rəftarında hiss olunmur. Onlar kəskin psixoloji və etik konfliktlər zamanı özlərini ələ ala bilmir, güclü emosiyalar keçirirlər.
Geştalt qrupların T – qruplar və görüş qruplarından təcrübədə özünü göstərən əsas fərqi ondan ibarətdir ki, geştalt qruplarının rəhbərləri eyni vaxtda qrupun bir neçə iştirakçısı ilə deyil, onlardan əsas rolu ifa etməyə şəxsi razılığı olan hər hansı biri ilə iş aparır. Belə şəxs qrupda mərkəzi fiqur, “qaynar nöqtə” rolunda çıxış etməli olur. Qrupun digər üzvləri isə qrup rəhbəri ilə “müştəri” rolunda çıxış edən könüllü iştirakçının qarşılıqlı münasibətlərinin müşahidəçisi olurlar. Belə müşahidə nəticəsində qrupun müşahidə rolunda çıxış edən iştirakçıları özlərini xəyalən müştəri rolunda çıxış edən iştirakçının yerində hiss edərək öz şəxsi problemlərini daha yaxşı anlamaq və dərk etmək imkanı əldə edirlər. Geştalt terapiyanın səmərəsi insanın bu zaman özünü necə dərk etməsindən, indiki halda qarşılaşdığı cari qayğılara reaksiyasından asılı olur. Təcrübə zamanı geştalt qrup üzvlərindən tələb olunur ki, onlar keçmiş təcrübəyə müraciət etmədən, gələcək haqqında düüşünmədən məhz indiki situasiyanın tələblərinə uyğun hərəkət etsinlər.
Geştalt qruplarda iş zamanı istifadə olunan priyomlar sırasında dərketmənin genişləndirilməsi, əksliklərin inteqrasiyası, hisslərə qarşı diqqətin gücləndirilməsi, arzularla iş, cavabdehliyi öz üzərinə götürmə və müqavimətin aradan qaldırılması mühüm yer tutur. Dərketmənin genişlənməsi insana əhatə olunduğu ətraf aləmdə və özündə nələrin baş verdiyini daha yaxşı anlamaq imkanı vermiş olur. Bunun üçün qrup üzvləri cütlərə ayrılır və tərəfdaşla ünsiyyət zamanı psixi vəziyyətində baş verən dəyişiklikləri qeydə alır. Əksliklərin qeyd edilməsi insana onun psixi aləmində bir – birini tamamlayan ziddiyətli, müsbət və mənfi xarakterli xüsusiyyətləri, məsələn, doğruçuluq və yalançılıq, prinsipiallılıq və prinsipsizlik və s. anlamağa təkan verir. Hisslərə qarşı diqqətin gücləndirilməsi iştirakçıya şəxsi emosional vəziyyətini və yaşantılarını daha dərindən anlama və dərk etməkdə kömək edir. Daxili psixoloji müqavimətin aradan qaldırılması əsasında insan özünü riskli aparmaqdaa ona mane olan psixoloji sədləri aradan qaldırmaq imkanı əldə etmiş olur.
Psixodrama üzrə terminlər zamanı insanın daxili aləmini daha dərindən açmağa imkan verən həyati situasiyaların dramatik improvizasiyası elementlərindən istifadə olunur. Bu metodika əsasında treninqlər zamanı sujetin seçilməsi, rol bölgüsü, onların ifa tərzləri kənar şəxslər tərəfindən deyil, müştərinin özü tərəfindən aparılır. Bu halda rollu oyunlardan daha geniş istifadə olunur. İştirakçı oyunun başlanğıcında rol davranışının elə formalarından istifadə edir ki, o, sonralar həmin fərdin şəxsiyyətinin strukturuna daxil olaraq onu müxtəlif həyat şəraitinə daha yaxşı uyğunlaşmasına kömək etmiş olsun.
Psixoterapevtik qruplara müxtəlif eksperimental rollarda daxil olmaq insana daha yaxşı özünüdərketmə imkanı verir.
Bədən terapiyası qruplarında insanın öz bədəni ilə “ünsiyyətə” , onun idarə edilməsinə və insanlara bədən səviyyəsində təsir üsullarına xüsusi əhəmiyyət verilir. Psixoterapiyanın bu tipinə daxil olan metodikaların əsasında belə bir inam dayanır ki, insana özünü normal aparmaqda və inkişaf etməkdə mane olan amilləri birbaşa cismani əlaqədar adlanan psixoloji müdafiə mexanizmləri ilə aradan qaldırmaq mümkündür.
Bacarıq treninqi qrupları bihoverist ideyaların insanın həyata fəali uyğunlaşması üçün zəruri olan faydalı bacarıq və vərdişlərin təcrübədə tətbiqi məqsədləri əsasında meydana gəlmişdir. Bacarıq treninq qrupları adətən başqa adamlarla ünsiyyət prosesində kommunikativ çətinlikləri olan və kommunikativ bacarıq və vərdişləri üzrə öyrədici xüsusi kurs keçmiş adamlardan təşkil olunur. Belə qruplara ünsiyyətdə çətinlikləri olan və bu sahədə vacib bacarıq və vərdişlər əldə etmək istəyən şagirdlər də cəlb oluna bilərlər. Bu cəhətdən yeniyetmə və erkən gənclik yaşında olan uşaqların belə qruplarda treninqlər keçməsi faydalıdır, Bacarıq treninq qruplarının təşkili zamanı zəruri xarici davranış formalarının əlodə edilməsi əsas məqsədlərdən biridir. Bunların sırasına həyəcan, peşəkar fəaliyyət üçün zəruri olan qərar qəbulu, danışıqların və diskusiyaların aparılması bacarıqlarının formalaşdırılması aiddir. Belə qruplarda iş zamanı iştirakçılara öz üzərində müşahidə aparmaq, özü haqqında məlumatları qeydə almaq öyrədilir. Bacarıq treninq qruplarında öyrədilən bacarıqlar sırasında özünəinamın yaradılması da məxsusi əhəmiyyət kəsb edir. Bir çox adamlar uşaqlıq illərində sərt cəza, fiziki və mənəvi zorakılıq mühitində böyüdüklərinə görə, onlarda öz qüvvə və inamlarına inamsızlığın simptomları meydana gəlir. Başqa adamlarla ünsiyyət prosesində belə adamlar səbəbsiz günah hissi keçirir, hədsiz qorxaq və həyəcanlı olurlar. Onlarda davamlı olaraq yaşanan belə hisslər asosial davranışın ağır formalı təzahürlərindən biri olan təcavüzkarlığa gətirib çıxarır. Təcavüzkar adam başqalarının şəxsi hüquqlarının pozur, onlara qarşı kobud, qaba, ədəbsiz davranışı ilə problemlər yaradır, əhvalını korlayır. Təcavüzkar adamlar öz fikrini hakim tutaraq başqalarına təzyiq göstərir, onları təhqir edir, alçatmaqdan belə çəkinmir.
Bacarıq treninq qruplarında iş zamanı iştirakçılarla əvvəlcə sadə həyati situasiyalar, daha sonra mürəkkəb, konfliktli vəziyyətlərin həlli üzrə davamlı məşqlər keçirilir. Belə hallarda hər bir iştirakçı yaranmış vəziyyətdə hamını qanə edə biləcək ən optimal çıxış yolunu tapmalı olur. Qruplar üzrə məşqlər zamanı bəzən konfliktli situasiyalardan bəhs edən audio və video yazıların nümayişi və ya səsləndirilməsindən istifadə olunur.
Bacarıq treninq qruplarının iştirakçıları özünə qarşı inamsız, həyəcanlı adamla olduqda, onlarla iş zamanı autogen məşqlərdən ( “auto” , “özü”, “genes” - əmələ gətirmək) istifadə olunur. Autogen məşqlər və ya qısa olaraq auto treninq insanın özü tərəfihndən özünə yönəlmiş, psixi və fiziki vəziyyətlərin özünütənziminə xidmət edən təmrinlər sistemidir. Yüksək emosional gərkinlik tələb edən peşələrdə çalışan, insan mün asibətləri zəminində tez – tez konfliktlərlə qaerşılaşan insanlar adətən yüksək psixi sarsıntıya, ruh düşkünlüyünə, stresə məruz qalırlar. Autogen məşq priyomlarından istifadə etməklə insan öz psixo emosional vəziyyətini, əhvalını, səhhətini və normal iş qabiliyyətini bərpa etmək imkanı eldə etmiş olur. Sistematik olaraq autogen məşqlərlə məşğul olan hər bir adam gündəlik həyatda öz qüvvəsini rasional şəkildə paylaşmaq, qənaətlə istifadə etmək lazımi anlarda isə qüvvəsini tam səfərbərliyə almaq imkanına malik olur.
Autotreninq insanın özü tərəfindən öz orqanizminə və sinir sisteminə müxtəlif psixoloji təsir vasitələri ilə şüurlu təsirə əsaslanır. Belə təsir vasitələrinə skeletdəki və daxili orqanlardakı əzələlərin tonusunu dəyişdirmək üçün nəzərdə tutulan xüsusi təmrinlərə aiddir. Autogen məşqlər zamanı istifadə vasitəsilə safərbər olunan təsəvvürlər, hissi obrazlar, sözlü özünütəlqin fəal rol oynayır. Psixoloji təhsilin bütün bu vasitələrindən auto trenihn zamanı kompleks şəkildə istifadə olunur. Autotreninqin praktik nolaraq həyata keçirilməsinin xüsusi texnikası vardır. Autotreninq texnikası diqqətin idarə olunması, hissi obrazlarla əməliyyatlar aparmaq, sözlü özünü təlimat, əzələ tonusunu iradi olaraq tənzimləmək və tənəffüs ritmini idarə etməyə yönəlmiş təmrinlərdən ibarətdir. Diqqəti idarə etmək sisteminə diqqəti hər hansı obyektə, hadisə, əşya və fakt üzərində konsentransiya etmək, cəmləşdirmək qabiliyyəti daxildir.
Hissi obrazlarla əməliyyat aparmaq qabiliyyəti diqqətin xarici aləmdən daxili aləmə, daha sonra isə duyğulara və hissi obrazlara köçürülməsinə istiqamətlənmiş xüsusi təmrinlər vasitəsilə əldə edilir. Nisbətən sadə, vərdiş halına salıınmış təsəvvürlər autotreninq zamanı tədricən daha mürəkkəb, məsələn, bədənin bir hissəsindən digərinə yayılan ağırlıq və istilik hissi, təbiət mənzərləri və s. kimi təsəvvürlərə doğru yönəlmiş olur. Müxtəlif ucalıqda tələffüz xüsusi sözlərin və ifadələrin, daxili və öz – özünə nitq planında sözlü özünütəlqin vərdişləri qazanılmış olur.
İnsan tərəfindən bacarıqla istifadə edildikdə bu cür özünütəlqin psixoloji və ya fizioloji vəziyyətin lazımi səviyyədə dəyişməsini sürətləndirmiş olur. Autotreninq zamanı sözlü özüntəlqin tənəffüslə özünəməxsus şəkildə birləşmiş olur. Tənəffüs ritminin idarə edilməsi öyrədilən şəxslərdə təmrinlər vasitəsilə tələb olunan həddə qədər çatdırılır. Bütün bu təmri nlər üç əsas vəziyyətdə - uzanmış, oturaq və ayaq üstə dayanmaqla aparılır.
Əzələ tonusunun ixtiyari tənzimi ilə bağlı təmrinlər də müəyyən sistem və ardıcıllıq əsasında əldə edilir. Təcrübəyə cəlb edilmiş adam əvvəlcə öz qol və ayaq əzələlərini, daha sonra boyun, baş, çiyin və qarın əzələlərinin tonusunu zəiflətmək üzrə məşqlər aparır və nəhayət daxili orqan əzələlərinin tonusunu tənzim etməyə çalışır.
Autotreninqin tərkibinə daxil olan daha vacib və mürəkkəb təmrinlər sırasında başın və bədənin qan damarlarının vəziyyətini tənzimləyən, orqanizmin tonusunu artıran və fəallaşdıran təmrinlər xüsusi yer tutur. Belə təmrinlər zamanı insanın ovucunun təbii istisi və iradi yolla yaradılan istilik və ya soyuqluq haqqında təsəvvür obrazlarından istifadə olunur.
Qeyd olunan autogen məşq texnikasının istifadə etməklə hər bir şəxs həyatda rastlaşdığı yorğunluq və gərginlikləri aradan qaldırmağa, orqanizminin iş qabiliyyətini və sağlamlığını bərpa etməyə nail ola bilər. Autogen məşq texnikasının bilən, onunla məşğul olan psixoloq müəlim və tərbiyəçi bu sahədə şagirdlərə daha çox kömək göstərə bilər.
Peşəkar praktik psixoloq qrup şəklində apardığı psixokorreksiya prakyikasında bu metoddan istifadə etməklə pedaqoq və tərbiyəçilərə, yuxarı sinif şagirdlərinə əməli yardım göstərmiş olur.
Autogen məşq texnikası belə aparılır:
Məşqlər üçün ilk növbədə sakit, heç kəsin mane ola bilməyəcəyi yarıqaranlıq otaq seçilməlidir. Burada zəif yaşıl və ya göy işıq yansa, daha yaxşı olar. Stulda əyləşib sağ ayağınızını azacıq qabağa, sol ayağınızı isə azacıq geritə qoyun. Kürəyinizi stulun arxasına söykətməyin. Başınızı sərbəst buraxıb aşağı əyin. Əgər seans yataqda keçirilirsə, əllərinizi yanlarınıza, ayaqlarınızına tərəf uzatmalı, baş yastığı çox hündür olmamalıdır. Bütün bunları etdikdən sonra dərindən nəfəs alıb bədəninizin əzələlərini tamam boşaldın, heç nə barədə düşünmək, fikirləşmək lazım deyil.
Bir - iki dəqiqə bu vəziyyətdə qalıb sonra özünüzü təlqin etməyə başlayın.
Mən sakitəm...
Hər nəfəs alıb – buraxdıqdan bədənim süstləşir...
Sifətimin əzələləri boşalır, süstləşir...
Dodaqlarımın əzələləri boşalır...
Qaşlarım ağırlaşır....
Göz qapaqlarım boşalır... ağırlaşır....
Alnım sərinləşir....
Sifətim istiləşir....
Mənim sağ qolum ağırlaşır.... istiləşir....
Biləklərim ağırlaşır.... istiləşir....
Çiyinlərim boşalır... istiləşir....
Qollarımın əzələləri tam boşalır... istiləşir....
Bədənimin əzələləri boşalır... aşağıya dartılır...\
Sağ ayağımın əzələləri boşalır...
Sol ayağımın əzələləri boşalır...
Hər iki ayağımın əzələləri boşalır... istiləşir....
Kürəklərim istiləşir....
Kürəyimdə xoş istilik hiss edirəm...
Belimin əzələləri boşalır...
Mən sinəmdə xoş istilik hiss edirəm...
Ürəyim ritmik döyünür....
Bədənimdə qan dövranı yaxşılaşır...
Qarnımın əzələləri boşalır... tam yumşaqdır...
Qarnımda xoş istilik hiss edirəm...
Alnımda soyuqluq hiss edirəm...
Başım yüngül və işıqlıdır...
Bədənim yüngülləşir, yaxşılaşır....
Artıq bədənimdə heç bir ağrı yoxdur...
Mən tamam istirahət etmişəm....
Mən özümü çox yaxşı hiss edirəm...
Mən ayağa durduqda özümü çox sağlam və gümrah hiss edəcəyəm...
Mən 3 - ə qədər sayıb ayağa qalxıram....
1...2....3....
Gecə təlqinlərində isə axırda ayağa qalxıram yox, “mən özümü çox yuxulu hiss edirəm”, “mən bu gecə çox sakit və rahat yatacağam” demək lazımdır.
Hər seansı 30 – 35 dəqiqə davam etdirməklə 20 -25 gün aparmaq lazımdır.
İlk 10 -15 – ci seanslarda ola bilsin ki, siz öz təlqinlərinizi qəbul edə bilməyəsiniz. Buna görə heç ruhdan düşmək lazım deyil. Bu iradənin zəif olmasından irəli gəlir. Siz uzun məşqlərdən sonra görəcəksiniz ki, artıq istədiyinizə nail olmuşunuz. Bundan sonra sizdə bir xəstəlik baş versə, özünüz – özünüzü müalicə edə biləcəksiniz.
İradəni möhkəmləndirmək üçün başqa formalı məşqlər də aparmaaq olar.
Bunlardan birincisi gecə səma aydın olanda beyində ayrı fikir tutmadan, gözləri qırpmadan ulduz saymaqdır. Siz ulduz saydıqca heç vaxt fikrinizi dağıtmayın. Bütün diqqətinizi ulduzlarda cəmləşdirməlisiniz. Bu formalı məşqləri hər gün təkrar etmək lazımdır. Axırda görecəksiniz ki, yarım saatdan çox gözlərinizi qırpmadan çoxlu miqdarda ulduz sayırsınız.
Diqqətini cəmləşdirə bilməyən adam adicə qəzet məqaləsini və ya kitab oxuduqda bir səhifəni tam axıra qədər oxuya bilmir. Onun fikri tez – tez dağılır və fikrini cəmləşdirib oxumağa başlayır. Bəzən isə kitabı ordan - burdan oxuyanlar da olur. Əgər sizdə belə xüsusiyyət varsa, boş vaxtınızda saata baxın, görün neçə dəqiqə fikriniz dağılmadan oxumuşunuz. Baxın görün, oxuduğunuzun hamısı yadınızdadırmı?
Hər gün sizdən çox uzaq bir məsafədə bir nöqtə, ağac və ya dağ tapıb fikirlərinizi dağıtmadan, gözlərinizi qırpmadan həmin obyektə diqqətlə baxın. Baxdığınız zirvəni və ya onun bütün əlamətlərini diqqətlə sezin və bu zaman heç nə barədə fikirləşməyin.
Hər gün əsəblərinizi sakitləşdirmək üçün məşq edin. Yadda saxlamq lazımdır ki, siz əəblərinizi sakitləşdirməyi bacarmalısınız, istər seans zamanı, istərsə də məşqlər vaxtı bir şeyə nail olmasanız, əsəbləşəcək və ruhdan düşəcəksiniz. Bəzən elə subyektlərə rast gəlmək olur ki, onlar həddən – ziyadə əsəbidirlər. Belə əsəbi subyektlə əsəbi operator heç vaxt heç bir təcrübə apara bilməz.
Dostları ilə paylaş: |