Mövzu Qaçqın və məcburi köçkünlərlə sosial işin xüsusiyyətləri və əsas istiqamətləri



Yüklə 59,03 Kb.
səhifə3/3
tarix05.04.2022
ölçüsü59,03 Kb.
#54779
1   2   3
Mühazire 4

Bəs qaçqın və ya məcburi köçkün zaman baxımından hansı andan etibarən müvafiq statuslarını itirmiş hesab olunurlar?Beləliklə, qaçqın statusunu şəxs xüsusi qaydada itirir. Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.Məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslər) gəldikgə isə, bu statusu almış vətəndaş həmin statusu aşağıdakı hallarda itirir:

  • əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

  • bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Praktiki baxımdan, digər bir məsələ də son dərəcədə mühüm əhəmiyyət kəsb edir. Bu, status almış şəxsin həmin statusdan məhrum edilməsi ilə əlaqədardır. Ümumi qayda olaraq, şəxsin özü barəsində yalan məlumatlar verməsi, ağır cinayətlər törətməsivə s. onun müvafiq statusdan məhrum edilməsinin faktiki əsaslarını yaradır. Konkret olaraq isə, məsələn, qaçqın statusundan şəxs aşağıdakı hallarda məhrum edilir:

    1. dövlət təhlükəsizliyi və ya ictimai qayda üçün qorxu törətdikdə;

    2. Qaçqın statusunu bilərəkdən yalan məlumat və ya saxta sənədlər təqdim etmək nəticəsində əldə etmiş olduqda;

    3. ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş müddətə azadlıqdan məhrum edildikdə və ya ömürlük azadlıqdan məhrum edildikdə.

Qaçqın statusu almaq üçün ərizə vermiş şəxs onun məsələsi Dövlət Miqrasiya Xidməti tərəfindən həll edilənədək başqa ölkəyə göndərilə bilməz, verilə və ya məcburən qaytarıla bilməz. Xüsusilə yadda saxlamaq lazımdır ki, Qaçqın statusundan məhrum etmək, qaçqını, eləcə də qaçqın statusu istəyən şəxsi başqa ölkəyə göndərmək, vermək və ya məcburən qaytarmaq barəsində qərarı məhkəmə Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında qəbul edir. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

Statusla bağlı müzakirələri yekunlaşdırarkən, son olaraq onu qeyd etmək lazımdır ki, qaçqınlar və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslər) probleminin yaranması səbəblərinin aradan qaldırılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və hüquqi statusunun təkmilləşdirilməsi, habelə qaçqınların daimi yaşadıqları ölkəyə könüllü surətdə qaytarılması məqsədilə Azərbaycan Respublikası başqa dövlətlərlə, beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı idarəsi ilə əməkdaşlıq edir.




  1. Qaçqın və məcburi köçkün ailələri və icmaları ilə sosial işin xüsusiyyətləri

İnsan sosial varlıq olduğundan, onun əvvəllər bağlı olduğu digər insanlardan, xüsusilə də, doğma, yaxın, tanış və qonşulardan uzaq düşməsi qaçqın və məcburi köçkünlərlə sosial işi mürəkkəbləşdirən başlıca amillərdən biridir. Bu kateqoriya insanlarla çalışan sosial işçi sözügedən faktoru həmişə nəzərə almalıdır. Məlumdur ki, qaçqın və ya məcburi köçkünü əvvəllər əhatə etmiş cəmiyyət onun yeni məskunlaşdığı ərazilərdə, çox nadir hallarda, eynilə formalaşa bilir. Xüsusilə də, qaçqınlar yeni məskunlaşdıqları ərazilərdə dil, din, mədəniyyət və s. parametrlər baxımından tamamilə fərqli bir sosial mühitlə əhatələnirlər.

Sözügedən sosial mühitlərin sırasında başlıca yer, sözsüz ki, ailə institutuna aiddir. Sosial işçinin qaçqın və məcburi köçkünlər və onların ailələri ilə işləyən zaman diqqət yetirməli olduqları əsas həssas məqamlar aşağıdakılardır:



  • Bir ailənin üzvləri uçuş zamanı, sürgündə olduqları dövrdə bir-birilərindən ayrı düşə və ya ərazisindən qaçqıqları ölkədə qətlə yetirilə bilərlər;

  • Ailədaxili rollar dramatik şəkildə yer dəyişə bilər. Məsələn, uşaqların işləməyə məcbur qalması, onların bütün ailənin tərcüməçisinə çevrilməsi, valideyinlərin aldıqları psixoloji travma nəticəsində iş tapa bilməmələri və s.

  • Ailələrin ərazisinə yeni gəldikləri ölkənin, onun qanunlarının, hüquq sisteminin ailə institutuna münasibəti barədə, uşaq hüquqları, uşaqlarla davranış qaydaları, uşaq hüquqlarını qoruma sistemləri haqqında heç nə bilməməsi, o cümlədən yerləşmə dövlətinin aidiyyatı qurumlarının qaçqın və məcburi köçkün ailələri ilə iş təcrübəsinin olmaması;

  • Travmalı valideyinlərin öz övladlarını emosional baxımdan dəstəkləyə, onlara qayğı göstərə bilməməsi;

  • Maliyyə çətinlikləri və nəsillərarası münaqişələr;

  • Doğma vətəndən alınan pis xəbərlərin ailədaxili gərginliyi daha da artırması;

  • Ailələrin aid olduqları mədəniyyətdən, adət-ənənələrdən uzaq düşməsinin, dil barierinin yaratdığı əlavə gərginliklər;

  • Uşaqlarda kimsəyə etibar etməmə hislərinin aşılanmasının gətirdiyi çətinliklər;

  • Ailə üzvlərini tərk etməyin gətirdiyi vicdan əzabı və emosional natarazlığın ailənin təkrar toparlanmasına çox ciddi maneələr törətməsi;

  • Ailənin sağ qalan üzvərinin bir-birilərinə etimadsızlıq göstərməsi, əvvəlki ailədaxili hörmət və ehtiram mühitinin əriyib yoxa çıxması.

Yuxarıda sadalanan amillər qaçqın və məcburi köçkün ailələrində ailədaxili münaqişələrin meydana gəlməsinin əsas səbəbləridir. Məlum olduğu kimi, bir çox ölkələrdə ailədaxili münaqişələr məhz ailələrin özləri və ya ailə ağsaqqalları tərəfindən həll edilir. Qaçqınlıq və ya məcburi köçkünlük şəraitində isə, belə münaqişələrin həllində həm ailənin özünün, həm də ailə liderlərinin rolu yuxarda sadalanan amillər üzündən əhəmiyyətli dərəcədə azalır. Buna görə də, həm ailələr, həm də ağsaqqallar münaqişələrin həlli üzrə yeni üsul və metodlar öyrənməlidirlər. Əks təqdirdə, məlum ailədaxili gərginliklər ailənin dağılmasına və ailədaxili zorakılığa aparıb çıxara bilər.

Ailədən başqa, qaçqın və məcburi köçkün icmaları ilə işin düzgün və səmərəli təşkili də xüsusi önəm daşıyır. Bu baxımdan, yeni qaçqın və ya məcburi köçkün düşmüş şəxslərin və onların ailələrinin dil və mədəniyyət baxımından eyni dəyərləri paylaşdıqları sosial mühitlərdə müvəqqəti yerləşdirilmələri çox zəruridir. Bu, həm onların qismən də olsa, mənəvi rahatlığının təmin olunmasına, həm də sosial ehtiyaclarının qarşılanmasına müsbət təsir göstərir.

Lakin bir sıra səbəblərdən eyni və yaxud oxşar sosial mühitlərə yerləşdirilən qaçqın və ya məcburi köçkünlər düşdükləri yeni cəmiyyətlərə çətinliklə alışa, hətta ona etibar etməyə bilərlər. Bunun səbəbləri müxtəlifdir. İlk növbədə, bəzi ölkələrin sakinləri öz doğma yurdlarını məhz vətəndaş müharibələri nətiəsində tərk edirlər. Və yaxud, həri rejimlər tərəfindən idarə olunan ölkələrdə digərlərini xəbərləmə və s. neqativ hallar üzündən vətəndaşlar arasında hökm sürən tam etibarsızlıq və etimadsızlıq mühiti çətin ki, onların yeni həyatlarında da onları tərk etsin. Başqa sözlə, bu cür neqativ halların fərdlər üzərindəki təsirlərini “keçmişdə qoymaq”, həqiqətən də, çox çətin olur. Heç şübhəsiz, bu da öz növbəsində icmaları dərindən sarsır və onların sıx, mehriban, qarşılıqlı hörmət və yardımlaşma şəraitində yaşamalarına çox ciddi mənəvi-psixoloji əngəl törədir.

Təcrübə göstərir ki, bənzər keçmişə malik qaçqın icmaları, xüsusilə də, hökumətlə əlaqəli hər hansı xidmətlərə etibar etmirlər. Onların öz aralarında fraksiyalara ayrılmaları və ciddi qarşıdurma halında yaşamaları da təkziledilməz durumlardır.



Söylənənləri nəzərə alaraq, qaçqın və məcburi köçkün icmaları ilə işləyən sosial işçilər öz fəaliyyətlərində aşağıdakı məqamları daim nəzərə almalıdırlar:

  • Sözügedən icmalar son dərəcədə qütbləşmiş və etimadsızlıq mühiti içərisində ola bilərlər. Bu baxımdan, bir sıra qaçqın və ya məcburi köçkünlər həmin icmalardan çıxmış tərcüməçilərə və digər işçilərə etibar etməyə bilərlər. Digərləri isə, ümumiyyətlə, əvvəllər yaşadıqları travmatik xatirələri yenidən canlandırmamaq naminə bu icmaları tərk etmək qərarı ala bilərlər.

  • Kiçik vəyeni formalaşmağa başlayan qaçqın və ya məcburi köçkün icmalarının sərəncamında, bir qayda olaraq, çox az resurs və ya infrastruktur olur. Eləcə də, belə icmaların liderləri təcrübə baxımından digər daha çox tarixə malik icmalardan geri qalırlar. Liderlərin seçilməsi zamanı isə, əsas diqqət namizədin xarici dilləri, xüsusilə də yerləşdə dövlətinin rəsmi dilini bilib-bilməməsinə, onun həmin dövlətin idarəetmə və digər strukturları ilə tanış olub-olmaması kimi faktorlara yetirilə bilər. Bu zaman da, gələcək icma rəhbərinin liderlik qabiliyyətlərinə malik olub-olmaması məsələsi sadəcə nəzərdən qaçmış olur. Bundan əlavə, əksər qaçqın və ya məcburi köçkün icmalarında liderlik rolları avtomatik olaraq kişi cinsinə mənsub olan şəxslər tərəfindən icra olunur. Habelə, gənclərin problemləri sosial işçilərə adekvat şəkildə çatdırılmır və s.

  • Qaçqın və məcburi köçkün icmaları tərkibində etnik, dil, din mənsubiyyəti və ya siyası baxışlar nöqteyi-nəzərindən fərqliliyin mövcudluğu da qaçılmaz reallıqdır.

  • Elə hallar olur ki, yeni gələn qaçqın və məcburi köçkünlər icma daxilində kimsəni tanımır və öz sosial mühitlərini, bir növ, “sıfırdan” qurmağa başlayırlar. Bu bir tərəfdən yaxşı haldır. Çünki belə vəziyyətlərdə insanlar sıx birləşmiş və bir-birilərinə yardım edən kiçik sosial strukturlar ətrafında bir araya gəlirlər. Lakin digər tərəfdən də, belə vəziyyətlərdə sözügedən təbii sosial strukturlar coğrafi cəhətdən səpələnmiş formada mövcud olur. Beləliklə də, yeni gəlmiş qaçqın və ya məcburi köçkün, bir növ, təcrid vəziyyətində qalır, onun ala biləcəyi sosial dəstək və yardımlar məhdudlaşmış olur.

  • Yeni gəlmiş qaçqın və məcburi köçkünlərlə artıq uzun zamandır icma daxilində yaşayan şəxslər, qruplar arasında müxtəlif səbəblər üzündən münaqişələrin yaşanması halları da mümkündür. Nəzərə almaq lazımdır ki, bu münaqişələr hətta eyni etnik kökənə, dilə, dinə, vətəndaşlığa və s. malik insanlar arasında belə yaşana bilər. Ancaq bir çox hallarda isə, əvvəldən icmanı formalaşdıran insan əksəriyyəti yeni gələnləri sosial, mənəvi və digər baxımdan dəstəkləməyə meylli olur.

  • İcma üzərində hər hansı basqı və ya təzyiqlər sözügedən ziddiyyətləri və ya münaqişələri dərhal alovlandıra bilər. Məsələn, qoyub gəldikləri doğma ölkədəki və ya regiondakı silahlı münaqişə aktivləşərsə, bu bütün qaçqın və ya məcburi köçkün icmasına neqativ təsir göstərə bilər. Və yaxud, əgər qaçqınlardan bəziləri geri, ölkələrinə geri göndərilmək təhlükəsi ilə üz-üzə qalarsa, bu da bütün qaçqın və ya məcburi köçkün icması daxilində gərginliyi olduqca artıra bilər.

Yuxarıda söylənənləri yekunlaşdırdıqdan sonra, qaçqın və məcburi köçkün icmaları ilə çalışan sosial işçilər üçün aşağıdakı ümumi tövsiyələri formalaşdırmaq mümkündür. Beləliklə, əgər bu icmalarla çalışan zaman onları hər cür dəstəkləmək, icma infrastrukutunu təkmilləşdirmək, habelə müxtəlif ziddiyyət və münaqişələri barışdırmaq yolları barədə planlı, ətraflı və hərtərəfli düşünmək zəruridir. Müştəri ilə danışıqlar zamanı onun öz etnik icmasından aldığı hər hansı dəstək və ya qayğı barədə müzakirələrdən qaçmaq əhəmiyyətlidir. Yəni, müştəri ilə bu barədə uzun-uzadı söhbətlər aparmaq vəziyyəti gərginləşdirə bilər. Çünki müştəri ilə eyni etnik köklərə malik etnik icmanın mövudluğu və ya həmin icmanın hər hansı üzvə dəstək göstərməsi o demək deyildir ki, həmin icma sosial işçinin müştərisinə müvafiq yardımları etməyə həvəslidir.

Eyni dərəcədə, hesab etmək olmaz ki, müştəri öz icması ilə sıx əlaqələrə malikdir. Əlbəttə, müştəri ilə eyni etnik mənsubiyyəti daşıyan yerli icmalar barədə məlumatlı olub-olmamasını müştəridən soruşmaq olar. Əgər müştəri bəlli icmalar barədə məlumatlı deyildirsə, o zaman sosial işçi onların arasında rabitə yaradılmasında vasitəçi rolunu oynaya bilər. Məsələn, sosial qayğıya ehtiyacı olan müştərini onun aid olduğu mədəniyyəti təmsil edən şəxslər tərəfindən idarə olunan dini ibadət məskənləri, idman klubları, həmçinin müxtəlif könüllü proqramlarla tanış etmək pozitiv rol oynayır. Bu zaman bir məqamı yaddan çıxarmaq olmaz ki, bir ölkə sadəcə bir mədəniyyətdən təşkil olunmur. İstənilən bir ölkənin ərazisində yüzlərlə fərqli mədəniyyətlər, dinlər, etnoslar və s. mövcudluğunu sürdürür. Ona görə də, müştərini öz icması ilə tanış edərkən, “bir ölkə, bir mədəniyyət” və yaxud “bir dil, bir mədəniyyət” formulasının yanlış olduğunu daim nəzərdə saxlamaq vacibdir. Məsələn, eyni dildə danışan insanlar tamamilə fərqli ölkələrdən və ya regionlardan ola bilərlər.




  1. Qaçqın və məcburi köçkün qadınlar və kişilərlə sosial iş

Qaçqın və məcburi köçkünlərlə sosial iş aparılan zaman müştərilərin cinslər üzrə fərqləndirilməsinin praktiki əhəmiyyəti danılmazdır. Məlum olduğu kimi, adəti üzrə, bu təbəqəyə aid insanların yarıdan bir qədər çoxunu qadınlar təşkil edir. Dünyanın bir sıra ölkələri qadınları xüsusi risk altında olan insanlar qrupu kimi nəzərdən keçirilir və qaçqın və məcburi köçkünlərin qəbulu zamanı onlara xüsusi diqqət və qayğı ayrılır.

Qadınlar adətən ailə başçısını, atalarını ərlərini itirmiş, onlardan ayrı düşmüş vəziyyətdə olduqlarından, onlar həm silahlı münaqişələrin, xaosun cərəyan etdiyi doğma vətənlərində, həm də qonşu dövlətlərin ərazilərində formalaşdırılmış qaçqın düşərgələrində çox ciddi risklərlə üz-üzə qalırlar. Ümumiyyətlə, silahlı münaqişələr zamanı qadınların fiziki və ya seksual zorakılığa məruz qalma ehtimalları həddindən artıq yüksək olur. Məsələn, “Swiss et al” başlıqlı məhkəmə işində (1998) göstərilir ki, müharibə zamanı liberiyalı qadınların 49 faizi fiziki və yaxud cinsi zorakılığa məruz qalmışdır. Bundan əlavə, düşərgələrdə də təhlükəsizlik tədbirlərinin yetərli olmaması və s. səbəblər üzündən cinsi zorakılıq halları geniş yayılır.

Cinsi təcavüz qaçqın qadınların psixoloji və fiziki səhhətinə ən ciddi neqativ təsir göstərən amildir. Bir çox mədəniyyətlərdə zorlanma qurban və onun ailəsi üçün son dərəcədə utancverici bir haldır və belə travmalardan sonra qurbanın yenidən özünə gəlməsi, ailənin toparlanması çox nadir hallarda mümkün olur. Xüsusilə nəzərə almaq lazımdır ki, bir çox hallarda bəzi ailələr zorlama qurbanlarını qəbul etmir. Cinsi zorakılığa məruz qalmış qadınlardan bəziləri üçün bu acı təcrübə hamiləliklə nəticələnə bilər.

Qadınlarla işləyən zaman diqqət yetirilməli bir sıra digər məqamlar aşağıdakılardır:



  • Müalicəsiz qalmış reproduktiv sağlıq sorunları;

  • Cinsi mutiliasiyanın qadına fiziki və ya psixoloji təsixləri;

  • Məhdud təhsil və təlim;

  • İşsizlik, layiqli iş tapa bilməmə və bundan irəli gələn maliyyə problemləri;

  • Ailənin parçalanması nəticəsində valideynliyə dair tövsiyə almaq imkanlarının olmaması;

  • Ailədaxili zorakılıq.

Sadalananlardan başqa, qaçqınlıq və ya məcburi köçkünlük qadının kimlik problemlərini də meydana gətirir. Xüsusilə də, ailə ocağının, evin itirilməsi kimi faciəvi amilin qadında şəxsiyyətlə əlaqəli sorunlara yol açması ehtimalı böyükdür. Yeni cəmiyyətlərdə qadının yeri və daha üstün rolu, qaçqın və ya məcburi köçkün qadınları bir tərəfdən daha yaxşı mövqeyə qaldırsa da, digər tərəfdən onların ailədaxili və digər şəxslərlə əlaqə qurmasına neqativ təsir göstərə bilər.

Qaçqın və məcburi köçkünlərin ikinci qismini isə, təbii ki, kişilər təşkil edir. Kişi cinsinə aid olan qaçqın və məcburi köçkünlər, bir qayda olaraq, gənc insanlardır. Hətta bir sıra hallarda, onların əksəriyyətinin yaşı 20 yaşın altında olur. Bu insanların sağlıq sorunları kişi cinsindən olan bütün insanların sağlıq problemləri ilə, demək olar ki, eynidir. Lakin onların sağlıq durumu qaçqınlıq təcrübəsi, döyüşlərdə iştirak, işgəncələrə məruz qalma və s. kimi faktorlar səbəbindən daha da mürəkkəbləşir.

Sözügedən problemlərə aşağıdakıları da aid etmək yerinə düşərdi:


  • Çox zəif qidalanma və dental problemlər, əzələ-skelet problemləri, miqrasiya statusu ilə əlaqədar meydana gələn psixoloji rahatsızlıqlar və s.;

  • Daha yüksək ölüm göstəriciləri, nəfəs yolları problemləri, bir sıra xərçəng xəstəliklərinə qarşı həssaslıq, psixotrop və narkotik tərkiblə maddələrdən istifadə etmə və s.

İşgəncələr qaçqın kişilərin sağlıq problemləri arasında ən əhəmiyyətli, lakin barəsində ən az danışılan məsələlərdir. Belə problemlərin içərisində isə, ən dəhşətlisi cinsi işgəncələrin yaratdığı fiziki və psixoloji sorunlardır. Araşdırmalar belə işgəncələrin onlara məruz qoyulmuş qaçqın kişilər, o cümlədən onların ailələri üçün çox ciddi neqativ izlər buraxdığını sübuta yetirir.

Qaçqın kişilər arasında digər risk qruplarına yetkinlik yaşına çatmamış kombatant oğlan uşaqları, yaşlı kişilər, o cümlədən ailələrindən ayrı düşmüş kişilər daxildir. Kişi cinsindən olan qaçqın və məcburi köçkünlər döyüş əməliyyatlarında iştirak etdiklərindən, qadınlarla müqayisədə onlar daha çox travmatik hadisələrin şahidi olurlar. Lakin ruhi-əsəb xəstəliklərinə düçar olmuş insanlar arasında qaçqın qadınlarla müqayisədə qaçqın kişilərə daha az rast gəlinir. Bunun səbəbinə gəldikdə isə, bu hal adətən bir amillə izah olunur. Belə ki, kişilər hesab edirlər ki, onlar öz vəziyyətlərinin, durumlarının nəzarəti daha çox öz əllərindədir. Beləliklə də, onlar emosional problemləri “qızdırma”, “yorğunluq” və digər ağrı-acı kimi təqdim etməyə çalışırlar.

Kişilər sağlıq xidmətləri alan pasientlər arasında qadınlarla müqayisədə azlıq təşkil edir. Lakin işgəncələrə məruz qalmış kontingent üzrə bu göstərici tam əksinədir.

Qaçqın kişilərə neqativ təsir göstərən digər amil yenidən məskunlaşmanın yaratdığı “şəxsiyyətin itirilməsi” fenomenidir. Çünki yeni cəmiyyətlərdə ənənəvi kişi rolları bir növ itirilir, yer dəyişir və qadın və uşaq hüquqlarının daha böyük önəm daşığığı, bu hüquqların ənənəvi kişirollarına, yumşaq desək, meydan oxuduğu bir durum meydana çıxır. Belə bir vəziyyət, yəni, “şəxsiyyətin itirilməsi” xronik depressiyaya, uzun müddətli işsizliyə, müxtəlif maddələrdən istifadəyə, ailədaxili zorakılığa, hətta ailənin dağılmasına aparıb çıxara bilər. BU baxımdan, qaçqın kişi kontingentinin qorunması onların saxlama yerlərində müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına layiq görülmələri deyil. Əksinə, kişilərə daimi oturum hüququnun verilməsi, onların layiqli işlə təmin olunması, müvafiq xarici dil biliklərinə yiyələnmələri öz ailələri və icmaları ilə əlaqələrini qorumalarına yardım edə bilər.




  1. Qaçqın və məcburi köçkün uşaqlarla, gənclərlə və yaşlılarla sosial iş

Qaçqın və məcburi köçkün uşaqlarının bir çoxu öz valideyinlərinin himayəsi altında olsalar da, onların arasında valideyinlərini itirənlər də az deyil. Təəssüflər olsun ki, uşaq və gənclərdən ibarət qaçqın və məcburi köçkün kontingenti də işgəncələrə bu və ya digər formada ya məruz qalır, ya belə hallara şahidlik etməli olurlar. Onlar məcburi əməyə, hərbi xidmətə məcbur edilir, ailə üzvlərinin qətlə yetirilməsi reallığı ilə üzləşirlər.

Yeni məskunlaşdıqları ərazilərdə, ölkələrdə keçmişdə yaşadıqları acı təcrübələr onların inkişafına neqativ təsir göstərə bilər. Əgər onların valideyinləri də travma almış şəxslərdirsə, bu zaman vəziyyət daha acınacaqlı olur. Belə ki, belə validenylər öz övladlarına onların maddi-mənəvi problemlərinin həllində yardım etmək iqtidarında olmurlar.

İnsanlar uşaqların təbiətən dözümlü olması qənaətindədirlər. Əslində, bu yanlış fikirdir. Müharibə və mütəşəkkil zorakılığa məruz qalmanın uşaqlarda yaratdığı başlıca sorunlar aşağıdakılardan ibarətdir:


  • Gec inkişaf və ya sağlıq durumunun getdikcə pisləşməsi;

  • Öz yaşlarından cavan və ya qoca görünmə və ya davranma;

  • Gecə qarabasmaları, diqqət dağınıqlqları və s. kimi travma sonrası simptomar;

  • Etimad və dostluq qurmada sorun yaşama;

  • Ümumi narahatlıq;

  • Özünə dəyər verməmə.

Bundan əlavə, qaçqın uşaq və gənclərin təhsili adətən yarıda kəsilir. Onlar normal qidalana bilmir və bununla əlaqədar da immunitet zəifliyi problemini yaşayırlar. Üstəlik, uşaq və gənclər məskunlaşma stresini də ciddi şəkildə öz üzərlərində daşıyırlar. Onların şəxsiyyətinin formalaşmağa başladığı bir dövrdə, vətənlərində gördükləri dəyərlərlə yeni gəldikləri ölkədəki dəyərlər sistemi arasında mövcud fərqlər uşaq və gənclərin psixologiyasını ciddi problemlərlə üz-üzə qoyur. Lakin onu da qeyd etmək lazımdır ki, uşaq və gənclər yeni cəmiyyətə və onun tələblərinə valideynlərindən daha tez uyğunlaşa, daha tez sosiallaşa bilirlər. Xüsusilə də, onlar dil barierini xarici dilləri tez bir zamanda öyrənməklə aradan qaldırır və öz ailələri, icmaları ilə yeni məskunlaşdıqları ölkələrin sosial xidmət mütəxəssisləri arasında tərcüməçi rolunu mənimsəyirlər.

Qaçqın və məcburi köçkünlər arasındakı yaşlı insanlara gəldikdə isə, onların üzləşdikləri fərqli çətinliklərə, əsas etibarilə, aşağıdakılar aid edilir:



  • Travma sonrası simptomlar. Bu simptomlar travma baş verdikdən illər sonra belə özlərini göstərə bilərlər. Eləcə də, davamlı stressdən yaranan psixoloji sorunlara və xəstəliklərə də bu təbəqəyə daxil kontingent arasında tez-tez rast gəlinir;

  • Demensia kimi yaddaş pozuntuları;

  • Ahıllar üçün qayğı mərkəzlərində göstərilən xidmətlərin keçmiş acı təcrübələrə dayanaraq konsentrasiya kamplarında və ya həbsxanalardakı təcrübələrlə qarışıq salınması;

  • Status itkisi durumu. Öz ölkələrində hörmət edilən, bu və ya digər peşəni dərindən bilən yaşlı və ya ahıl insanlar yeni gəldikləri region və ya ölkələrdə özlərini, öz bilik və bacarıqlarını, düşüncələrini tamamilə yararsız saya bilərlər. Belə mədəni mühit dəyişikliyi onları depresiyaya məruz qoya, daxili narahatlığa səbəb ola və ailələri ilə münaqişəyə aparıb çıxara bilər;

  • Sosial təcrid. Yaşlı və ahıl insanlar bir çox hallarda yeni sosial mühit qurmaqda çətinlik çəkirlər.

Yüklə 59,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin