Seçkihüququ anlayışı və onun əsas növləri. AR – nın Konstitusiyasında seçki hüququnun əsasları
Bəşəriyyət tarix boyu insan hüquqlarının məhdudlaşdırılmasının qarşısını almaq üçün idarəetmənin böyük bir praktiki prosesini keçmişdir. Bütün dünya dövlətçilik tarixində bu prinsipə əməl etmək üçün müxtəlif tədbirlərə, üsullara müraciət edilmişdir. Seçki məhz bu üsullardan biridir. Seçkilər əksəriyyətin iradəsini ifadə etmək baxımından hakimiyyəti legitimləşdirir. Seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 10 dekabr 1948 – ci il tarixli “İnsan Hüquqlarının Ümumi Bəyannaməsi”ndə qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Bu iradə öz əksini ümumi, bərabər seçki hüququ əsasında gizli səsvermə və seçkinin azad və demokratikliyini təmin edən vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır.
12 noyabr 1995 – ci il Konstitusiyasının 2 – ci maddəsində qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Lakin, bu heç də o demək deyildir ki, xalq səsvermə vasitəsilə öz ayrılmaz suverenliyini seçilənlərə verir. Seçkilər vasitəsilə yalnız Konstitusiyada müəyyən olunmuş səlahiyyətlər çərçivəsində suverenliyin reallaşdırılmasına nail olunur.
Seçkilərin keçirilməsi həmişə bir qayda olaraq xalqın hüquq düşüncəsinin genişləndirilməsinə, onun siyasi aktivliyinin artmasına, xalqı daha uğurlu idarə edə biləcək və xalqın daha çox inamını qazanmış olan qüvvələrin dinc yolla hakimiyyətə gəlməsinə şərait yaradır. Seçkilər cəmiyyətin “siyasi barometri” qismində çıxış edir.
Dünya dövlətlərinin sırasında respublikaların sayının artması nəticəsində bəşəriyyətin mütləq əksəriyyətinin get – gedə daha çox seçmək və seçilmək hüququndan istifadə etməsi üçün yaranan imkan seçkilərdən gələcəkdə də hakimiyyətin ali orqanlarının formalaşdırılmasında ən optimal variant kimi istifadə olunmasına tam zəmin yaradır. Seçkilər anlayışı ilk növbədə seçki hüququ anlayışı ilə sıx bağlıdır. Seçki hüququ geniş anlayış olub, vətəndaş hüquqlarının başlıca təzahürlərindən biridir. Seçki hüququ hüquq ədəbiyyatında iki mənada – obyektiv və subyektiv mənada işlədilir. Obyektiv mənada seçki hüququ dedikdə, ali hakimiyyət və yerli özünüidarə orqanlarına seçkilərlə bağlı ictimai münasibətləri tənmiz edən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv seçki hüququ konstitusiya hüququnun bir institutu olmaqla geniş mənada seçki sistemini tənzim edən hüquq normalarını birləşdirir. Seçki hüququnun predmetini vətəndaşların birbaşa və dolayı iştiral etdiyi seçkilərlə bağlı ictimai münasibətlər təşkil edir.
Seçki hüququnun mənbələri sırasına seçki hüququnun normalarının ifadə edildiyi Konstitusiya hüququnun bütün mənbələri daxildir. Subyektiv mənada seçki hüququ dövlətin öz vətəndaşlarına dövlət orqanlarına, habelə yerli özünüidarə orqanlarına seçkilərdə iştirak etmək imkanını təmin etməsi nəzərdə tutulur. Başqa sözlə, subyektiv mənada seçki hüququ dedikdə, vətəndaşların seçkilərdə iştirak etmək, seçmək və seçilmək imkanı başa düşülür. Subyektiv mənada seçki hüququ aktiv (seçmək) və passiv (seçilmək) seçki hüquqlarından ibarətdir.