Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirməklə köhnəlir: onlar fıziki aşınmaya və mənəvi köhnəlməyə məruz qalırlar.
İstehsal əsas fondları həm istifadə zamanı və habelə boşdayanmalar vaxtı özünün texniki-istismar xassələrini itirir - belə köhnəlmə (aşınma) fiziki köhnəlmə adlanır. Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar olunmadıqları halda fıziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvədə olan qaydaya görə, əsas fondların dəyəri amortizasiya normasına müvafiq olaraq yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də, əsas fondlardan məhsuldar istifadə (istismar) zamanı onların fıziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir. Başqa sözlə, əgər əsas fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi onların istifadəsi ilə bir zamanda baş verirsə, bu, həm fiziki və həm də iqtsadi köhnəlmədir. Əgər əsas fondlar işləmədiyi halda təbii təsirlərdən köhnəlirsə, dəyərinin yaradılan məhsul üzərinə keçməsinə baxmayaraq, bu, yalnız fıziki köhnəlmədir və bu halda iqtisadi köhnəlmə baş vermir. Avadanlığın fıziki köhnəlmə dərəcəsi bir çox amillərdən: onun hazırlandığı materialın konstruksiyasından və keyfıyyətindən, istehsalın tipindən, texnoloji proseslərin xüsusiyyətlərindən və s. asılıdır.
Əsas fondlar, əslində onun yalnız aktiv ünsürləri, mənəvi cəhətdən də köhnəlir. Mənəvi köhnəlmə ya aktiv ünsürlərin təkrar istehsalının ucuz başa gəlməsi, ya da əvvəlkilərə nisbətən daha məhsuldar maşın və avadanlıqların yaradılması və tətbiqi nəticəsində baş verir. Əgər maşın və avadanlıqları dəyər baxımından mənəvi köhnəlməyə məruz qalırsa, belə köhnəlməni aradan qaldırmaq mümkün olmur və bu cür köhnəlmiş əmək aləti fıziki cəhətdən yararlıdırsa, onun istehsaldan çıxarılması zərurəti yaranmır.
Məhsuldarlıq baxımından mənəvi köhnəlməyə məruz qalmış əmək vasitələrinin aktiv ünsürlərinin konstruksiyasında müəyyən dəyişiklik etmək yolu ilə, başqa sözlə, modernləşdirməklə (yeni avadanlığın köhnəyə nisbətən ucuz başa gəlməsi nəticəsində mənəvi köhnəlməni modernləşdirmə yolu ilə aradan qaldırmaq mümkün deyil), yəni texniki parametrlərini (güc, sürət, yükgötürmə və s.) yaxşılaşdırmaqla, onları yeni «nüsxə» səviyyəsinə qaldırmaq mümkün olur. Modernləşdirmə mümkün olmayan və ya iqtisadi cəhətdən səmərə verməyən halda köhnə avadanlıq yenisi ilə əvəz edilir. Lakin mütərəqqi texnika mənəvi cəhətdən köhnəlmiş, fiziki cəhətdən isə hələ yararlı olan öz «sələfini» yalnız o vaxt sıxışdırıb istehsaldan çıxara bilər ki, yeninin məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun.