planlaşdırıcı – idarə və istehsal proseslərini layihələşdirir;
təşkiledici – idarəedən və idarəolunan sistemləri təşkil edir;
əlaqələndirici – istehsal iştirakçıları, idarəedən və idarəolunan sistemlər arasında uyğunluq yaradır;
aktivləşdirici – seçilmiş sistem olub, işçiləri idarəetmə və istehsal prosesində qarşıya qoyulan məsələləri yaradıcılıqla həll etmək və yüksək səmərə əldə etməyə yönəldir;
marketinq - istehsal və satış fəaliyyətini həyata keçirən funksiyadır (sistemdir). Marketinq bazarının kompleks təhlilinə əsaslanır və istehsal olunmuş məhsulun ən yüksək mənfəətlə satışı problemlərini həll etməyə xidmət edir. Marketinq bazarın öyrənilməsi üzrə müəssisənin icra etdiyi təşkilati-texniki və ticarət funksiyalarının, bazar tələbatının və malların istehsalçılara çatdırılması nəzərə alınmaqla məhsul istehsal edilməsinin birgə məcmusudur. Marketinqin əsas vəzifəsi: bazarın kompleks öyrənilməsi, mal çeşidinin planlaşdırılması, qiymət siyasəti, satışın reklam edilməsi və həvəsləndirilməsi, təchizatın idarə olunması və satışdan sonrakı xidmətlərin icrası;
nəzarətedici – seçilmiş sistem olub, istehsal prosesinin, onun inkişafını və məsul buraxılışının qüvvədə olan standartlara, texniki şərtlərə və texnoloji reqlamentlərə, plan tapşırıqlara uyğun gəlməsini yoxlayır. Bu funksiyalar bütün idarəedən sistem üçün xarakterikdir, lakin onların hər birinin özünəməxsus xüsusiyyəti vardır. İdarəetmə prosesinin məzmunundan asılı olaraq, onların təsir dairəsi və rolu dəyişir ki, o da müəssisənin xüsusiyyətindən asılıdır.
Menecmentin funksiyaları formalaşarkən aşağıdakı bir sıra amillər nəzərə alınmalıdır: işçilərin sayı, o cümlədən işəmuzd işçilərin sayı; əsas fondların dəyəri, onların aktiv hissəsi; iş yerlərinin sayı, sex, sahə və digər idarəedilən orqanlarının sayı; məhsul həcmi və nomenklaturası; texnoloji prosesin dərinliyi; əsaslı tikinti və yenidənqurma işlərinin həcmi və s.
Bazar münasibətləri şəraitində yuxarıda göstərilən funksiyalardan: firmadaxili planlaşdırma, marketinq, təşkiletmə və nəzarət funksiyaları xüsusi əhəmiyyət kəsb edir. Onların ayrı-ayrılıqda məzmunu ilə tanış olaq.