Tibbi-sanitar rəsmiyyətçiliyi. Dövlət sərhədini keçən şəxslərin və onların heyvanlarının (əgər vardırsa), mövcud vaksinasiya (peyvənd) tələblərinin yerinə yetirilməsinin yoxlanılması ilə bağlı olan prosedurlardır. Bu rəsmiyyətçiliyin yerinə yetirilməsinə nəzarət, ölkəyə giriş və çıxışda yerləşən sanitariya xidmətləri tərəfindən həyata keçirilir.
1995-ci ilin oktyabrında keçirilən ÜTT-nin 10-cu Assambleyası səyahət ərəfəsində səhhətin qorunmasına həsr olunmuşdu. Dünyada beynəlxalq karantin əhəmiyyətli xəstəliklər müəyyən edilmişdir: taun, vəba, çiçək, sarılıq, malyariya. Hətta bu xəstəliklərin yayıldığı ölkələr qruplaşdırılmışdır. Qruplaşdırılma aşağıdakı kimidir:
Taun – Vyetnam, Boliviya, Braziliya, Peru, Zambiya, Zimbabve, Tanzaniya, Madaqaskar
Vəba – Əfqanıstan, Vyetnam, Hindistan, İran, Çin, Malayziya, Monqolustan, Filippin, Şri-Lanka, Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Meksika, Kosta-Rika, Ekvador, Zambiya, Keniya, Mozambik, Tanzaniya, Uqanda
Çiçək – Mozambik, Tanzaniya, Uqanda, Zimbabve, Anqola, Qvineya, Hindistan, Vyetnam, Boliviya, Braziliya, Peru, Venesuela, Qvatemala, Kolumbiya, Meksika və s.
Müəyyən sanitar (tibbi) qaydalar var ki, onlar səyahət zamanı təhlükəli xəstəliklərdən yayınmaq imkanı yaradır. Bu qaydalar mütləq qaydada turizm şirkətləri tərəfindən səyahətdən əvvəl turistin nəzərinə çatdırılmalıdır. Müəyyən xəstəliklərə qarşı turistlər peyvənd edilirlər. Hətta ÜTT tərəfindən peyvənd sertifikatı təyin edilmişdir və bu sertifikat hər ölkənin öz səhiyyə nazirliyi tərəfinən verilir. Bəzi, məsələn yuxarıda adı çəkilən ölkələrə giriş üçün onun olması vacibdir.
Adətən səfərə çıxmazdan əvvəl turistlərə tibbi sığorta təklif edilir. Bəzən turistlər ondan imtina edirlər. Lakin bəzi ölkələr var ki, tibbi sığorta olmadan turistə sərhəddi keçməyə imkan verilmir. ÜTT tərəfindən tibbi rəsmiyyətçiliyin sadələşdirilməsi üçün təklif edilir: ölü bədənin gömrükdən problemsiz buraxılması, turist ciddi xəstə olduqda səfirliklərin və qohumlarının məlumatlandırılması və bu zaman lazımı sənədlərin hazırlanmasının tezləşdirilməsi və s.
Dostları ilə paylaş: |