Polis rəsmiyyətçiliyi. Buraya dövlət xidmətləri tərəfindən ölkədən gedərkən və ölkəyə gələrkən dövlət sərhədini keçən vətəndaşların müəyyən olunmuş qaydalara (pasport-viza, ölkəyə gəlmə məqsədi, olacağı yer və qalma müddəti) əməl etmələrinin yoxlanılması aid edilir. Sərhəd nəzarətinin həyata keçirilməsi beynəlxalq hava, dəniz və çay limanları, beynəlxalq dəmir və avtomobil yollarında baş verir. Bir çox ölkələrdə sərhəddə pasport nəzarətini keçərkən xüsusi gəliş kartlarını doldurmaq tələb olunur. Əksər hallarda bu cür kartlar ölkəyə bilavasitə girişdən əvvəl – təyyarədə və ya qatarda təqdim olunur. Turist onlarda öz ad və familiyasını, anadan olduğu yeri (ölkəni), peşəsini, səyahətinin məqsədini və daimi yaşayış yerini (məntəqə və ya ölkə) qeyd edir. Bunun əsas məqsədi - vətəndaşların, o cümlədən xaricilərin (qeyri-vətəndaşların) gəliş və gedişinə nəzarət, eləcə də turizm statistikası üçün məlumatın əldə olunmasıdır.
Dövlət sərhədindən turistlərin, nəqliyyat vasitələrinin, yüklərin, əşyaların və heyvanların keçməsi üçün əsas, onların gəliş və ya gediş üçün sənədlərinin (pasport, viza və s.) olmasıdır. Ölkə sərhədini keçərkən sənədlərdə müəyyən problemlər olarsa və ya sərhədi keçən insan özünü şübhəli apararsa, bu, onun sərhəddən buraxılmamasına səbəb ola bilər. Polis rəsmiyyətçiliyi, bəzi ölkələrdə xüsusi olaraq yaradılmış turizm polisi tərəfindən həyata keçirilir. Turizm polisi dünyanın bir sıra ölkələrində: Misir, Türkiyə, Tayland, BƏƏ, İordaniya və s. fəaliyyət göstərir. Onun əsas funksiyalarına: turizm şirkətlərinin lisenziyasının mövcudluğunun yoxlanılması, turistlərin şikayətlərinin qəbulu, təcili yardım əlaqə sisteminin işinin təşkili, narkotiklərlərlə mübarizə, abidə və turizm obyektlərinin mühafizəsi daxildir. Mehmanxanada yerləşdirilərkən hər bir xarici vətəndaş xüsusi forma – gəliş vərəqəsi doldurur ki, orada öz pasport göstəricilərini: familiya, ad, doğum tarixi, vətəndaşlıq, gəliş məqsədi, qalma müddəti, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir. Adətən həmin vərəqədə mehmanxanada qalma qaydaları və rejimi, o cümlədən yanğın təhlükəsizliyi qaydaları da əksini tapır. Turistin imzası onu təsdiq edir ki, turist, qalma və xidmət qaydaları və qiymətləri ilə tanış olmuşdur. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın müştəriləri qeydiyyat jurnalına qeyd edilir. Jurnal və gəliş vərəqələri polis, immiqrasiya və digər xidmətlər tərəfindən nəzarətdə saxlanılır.
Ölkədə qalma qaydalarının pozulmasına görə turizm polisi cərimə, azadlıqdan məhrun etmə və ölkədən deportasiya ilə cəzalandıra bilər.
Dostları ilə paylaş: |