Biznes planın strukturu. Titul vərəqi və mündəricat - biznes planın surətidir. Onu elə tərtib etnək lazımdır ki, potensial sərmayədarlar təqdim edilən biznes planı digər restoranların biznes planından üstün tutsun. Mündəricat isə sərmayədarlara biznes planla daha rahat tanış olmağa imkan verir. Idarəedici heyət haqqında məlumat - burada restoran sahibinin və onun idarə etdiyi komanda haqqında məlumat verilir. Restorana əməkdaşlıq etmək üçün dəvət olunmuş professional işçilər haqqında məlumat vermək məsləhətdir. Əgər biznes plandakı bu bölmə iş ortaqları və sərmayədarlarda yüksək təəsürat oyadacaqsa onda onu biznes planın ön səhifələrində yerləşdirmək lazımdır. Əks təqdirdə bu bölməni ən sonda da yerləşdirmək olar. Restoran fəaliyyətinin (biznes) növü - restoranlar fəaliyyətinə görə müxtəlif növlərə ( mərasim, ixtisaslaşmış, milli, klassik restoranlar və s. ) bölünür. Restoran fəaliyyətinin növünü və bunun əsasında duran ideyanı tam şəkildə əhatə etmək lazımdır. Çünki bu məlumat biznes planı oxuyanlarda restoran haqqında dolğun təsəvvür yaradır. Bir sözlə bu bölmədə necə bir restoran açmaq istədiyinizi təsvir etmək lazımdır. Menyu- biznes plana menyunu da əlavə etmək olar. Elə menyu tərtib etmək lazımdır ki, restoran fəaliyyətinin növünə, müştəri kontingentinə uyğun olsun, müştəri cəlb etsin və restoranı bazarda rəqabətə davamlı etsin. Əgər menyu tərtib edilməyibsə: 1. restoranın fəaliyyət növü müəyyən edilməyib. 2. restoranın hansı avadanlıqlarla təchiz olunacağı müəyyən edilməyib. 3. mətbəxdəki işçi sayı müəyyən edilməyib. 4. götürülməsi nəzərdə tutulan gəlir müəyyən olunmayıb. Əgər təqdim olunan menyu bütün yuxarıda göstərilən tələblərə cavab verirsə onda bu biznes plan üçün daha bir müsbət haldır. Bazarın təhlili - biznes planda bazarın təhlilinin nəticələrini yerləşdirmək lazımdır. Çünki, bu nəticələr sərmayədarları maraqlandıran amillərdən biridir. Rəqiblərin fəaliyyəti haqqında məlumat vermək mütləqdir. Hətta onların satış həcmləri, gəlirləri haqqında məlumatlı olmaq daha yaxşı olardı. Nəzərə almaq lazımdır ki, açılacaq restoranın bazardakı rəqibləri onun yaxınlığında yerləşən restoranlar deyil, eyni fəaliyyət növünə, eyni menyuya və təxminən eyni qiymətlərə fəaliyyət göstərən restoranlardır. Müştəri kontingenti - biznes planı hazırlayarkən artıq müştəri kontingenti müəyyənləşmiş olmalıdır. Açılacaq restoranın müştəriləri kimlər olacaq? Onları necə cəlb etməl olar? və s. Restoranın müştəri kontingentini müəyyənləşdirməklə onun hansı bazarda fəalyyət göstərəcəyini və bu bazardəkı rəqiblərini də təyin etmək olar. Təyin olunan müştəri kateqoriyasının orta gəlir səviyyəsi və onların restoranlara getmə tezliyi haqqında da məlumat əldə etmək lazımdır. Daha dəqiq nəticə əldə etmək üçün demoqrafik təhlillər aparan şirkətlə müqavilə bağlamaq olar. Bu müqavilə əsasında şirkət restoranın yerləşdiyi ərazidə yaşayan insanların demoqrafik xarakteristikası haqqında informasiya verir. Əldə olunan informasiyanı biznes planda yerləşdirmək məqsədə uyğundur. Ümumiyyətlə restoranın yerləşdiyi yer, onun fəaliyyət növü və müştəri kontingenti bir-biri ilə əlaqəli üç mühüm amildir. Belə ki, restoranın açılması üçün elə ərazi seçmək lazımdır ki, onun fəaliyyət növünə uyğun müştəri kontingenti restorana yaxın ərazilərdə yaşasın və ya rahatlıqla və qısa zamanda ora çata bilsinlər. Biznes planda mütləq izah olunmalıdır ki, nəyə görə göstərilən kateqoriya açılacaq restoranın daimi müştərisi olacaqdır. Maliyyə planı - bu bölmədə restoranın açılması, ilk gəlirini götürənə qədər xəclənəcək vəsaitin ümumi planı və son məbləğ göstərilməlidir. Restoranın açılması üçün nə qədər pul lazımdır? Bu məbləğ restoranın yerləşdiyi yerdən, tikilməsinə sərf olunacaq vəsaitdən, inventara sərf olunacaq vəsaitdən və başqa bu kimi faktorlardan asılı olaraq dəyişə bilər. Burada maliyyə-iqtisadi hesablamalar üçün normativlər əks olunur, xidmətin istehsalında sabit və dəyişən xərclər göstərilir, xidmətin maya dəyəri hesablanır, layihənin həyata keçirilməsinin digər xərcləri, maliyyələşmə mənbələri və onlara olan tələbat müəyyənləşdirilir, gəlir və xərclər, real pul axını, proqnoz balans hesablanır. Maliyyə planı sərmayədarlar üçün önəmli bölmədir. Hətta açılacaq restoran üçün heç bir sərmayədara ehtiyac olmasa belə yenə də maliyyə planı tərtib olunmalıdır. Çünki bu plan vasitəsilə sahibkar pul vəsaitini planlı şəkildə xərcləməyi bacaracaqdır. Maliyyə planında əks olunmuş rəqəmlər, əvvəlki bölmələrdə qarşıya qoyulmuş məqsədlərin maliyyə həllini ifadə edir. Məsələn, əgər layihə üzrə restoranın kütləvi informasiya vasitələrində reklam olunması nəzərdə tutulursa, deməli maliyyə planında reklam xərclərini ifadə edən rəqəm öz əksini tapmalıdır. Əgər xidmətin satış qiymətləri mövsümdən asılı olaraq dəyişirsə, onda bu dəyişikliklər maliyyə planında rəqəmlərlə ifadə olunmalıdır. Planlaşdırılan satış həcmi - satış həcmi həm gəlirə, həm də xərclərə təsir edir. Əgər restoranın fəaliyyətindən götürülməsi nəzərdə tutulan gəlir müəyyənləşməyibsə onda restoran xərclərini də müəyyən etmək çətin olar. Satış həcmini xərclərin proqnozundan öncə müəyyən etməyə çalışın. Belə olduqda nəzərdə tutulan satış həcminin hansı müddətə kimi xərclərin ödənilməsinə və hansı müddətdən sonra xalis gəlirə işləyəcəyini aydın görmək olar. Düzgün təyin olunmuş satış həcmi qısa müddətdə sahibkarın xalis gəlir əldə etməsinə kömək edəcəkdir. Planlaşdırılan xərclər- restoranın açılması üçün müəyyən vəsait xərclənməlidir. Və bu xərclər ilk gəlir əldə olunmasına qədər davam edir. Istifadə olunan “gəlir” sözü ümumi gəlir mənasındadır. Çünki hələ bu gəlir xərclərin ödənilməsində istifadə olunacaq. Bütün bu xərclərdən sonra yerdə qalan gəlir “xalis gəlir” adlanır ki, hələ bunun əldə olunmasına bir az zaman lazım olacaqdır. Yaxşı biznes plan hazırlamaq üçün buradakı proqnozlaşdırılan rəqəmləri (Bildiyiniz kimi biznes planda qarşıya qoyulmuş məqsədlər maliyyə planında rəqəmlər formasında öz əksini tapır. Satış həcmi, gəlir, xərclər və s.) üç variantda təqdim etmək daha məqsədə uyğundur.