NƏTİCƏ
Tədqiqatın məqsədi “Çovdarlıqda uçurumdan qoruyan” romanını tərcüməsi zamanı frazeoloji birləşmələrin ekvivalent transformasiya yollarını təhlil etməkdən ibarətdir. Belə ki, tərcümə prosesi özü mahiyyət etibarilə maraq doğurur. Elə tərcümə vasitəsilə müxtəlif xalqlar və mədəniyyətlər bir - biri ilə inteqrasiya yarada, əlaqələr qura bilir. Biz müxtəlif dillərdə olan elmi, bədii, rəsmi və digər sənədlərin dilinə məhz tərcümə vasitəsilə bələd ola bilirik. Görkəmli yazıçıların, alimlərin əsərləri tərcümə vasitəsilə əsrlərdən bəri günümüzə gəlib çıxır. Tərcümə bədii əsərlərin müxtəlif xalqların ədəbiyyatına daxil olmasına səbəb olur.
Tədqiqat işinin araşdırarkən əsas məsələlərdən biri “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin təhlili zamanı məxəz dildə istifadə olunmuş frazeoloji birləşmələrin dilimizdə özünün hansı şəkildə əksini tapması olmuşdur. Artıq bizə çoxdan məlumdur ki, frazeoloji birləşmələr tərkibinə daxil olduğu dilin dil daşıyıcılarının tarixi, mədəniyyəti, adət-ənənələri ilə bilavasitə əlaqədardır. Hətta qohum dillər arasında bu fərqlərə kifayət qədər rast gəlinir. Azərbaycan və İngilis dilləri isə ümumiyyətlə, başqa dil ailələrinə aid olduqlarından dillər arasında xeyli fərqlər olduğuna görə dilin frazeoloji
birləşmələrini araşdırarkən bu müxtəliflik daha çox nəzərə çarpır. Üstəlik, etno- kulturoloji amilləri, mədəniyyətlərarası fərqləri də nəzərə alsaq, həmin ifadələrin transformasiyası prosesində bir sıra çətinliklər yaranır. Hər bir dilin özünəməxsus frazeologiyasının hədəf dildə tapılması, istifadə yerinin düzgün seçilməsi də transformasiya prosesində yaranan çətinliklərdən biri kimi dəyərləndirilə bilər. Belə ki, frazeoloji birləşmələri təşkil edən sözlər artıq söz olaraq öz həqiqi mənalarını itirdiklərinə görə tərcümə zamanı tərcüməçidən dilin incəliklərinə bələd olmaq tələb olunur. Əlbəttə ki, bu zaman tərcüməçi üçün bu prosesi asanlaşdıran vasitələrdən biri lüğətlərdən istifadə etməyə ehtiyac yaranır. Ancaq müasir inkişafla əlaqədər yeni yaranan frazaların hələ də lüğətlərdə olmaya da bilər. Bu cür sözlər mənasına agah olmaq üçün əvvəlcə tərcüməçi kontekstin mənasını anlamalı və hədəf dilə tərcümə prosesində bu və ya digər üsullardan istifadə etməlidir. Bu cür frazalara dialektlərdə, slenq, jarqon, tabu kimi danışıq dilində işlənənləri də aid edə bilərik. Təbii olaraq, bu hallar tərcümədə çətinliklər yaradır. Bəzən frazeoloji birləşmələr elə bir şəkildə əks olunur ki, onu həmin kontekstdə mənasını tapmaq və ya eyni bədii təsirliliklə oxucuya çatdırmaq olmur, lakin əsərin məzmununun tərcüməsi zamanı transformasiyanın müxtəlif növlərindən istifadə edilir.
Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanındakı frazeoloji birləşmələrin Azərbaycan dilinə tərcüməsində istifadə olunmuş transformasiya növlərinin aşkar edilməsi tərcümə nəzəriyyəsi və praktikası baxımından kifayət qədər əhəmiyyətlidir. İngilis və Azərbaycan dilləri arasındakı struktur fərqi tərcümə zamanı mütərcimin işini çətinləşdirmişdir. Bədii mətnlər digər tərcümə mətnlərindən fərqli olaraq, xüsusi yanaşma tələb edir. Başqa sözlə, obrazlılıq, emosionallıq yaradan vasitələrlə zəngin olur ki, bu əlvanlığı əsərdə xüsusilə əks etdirən ifadələrdən biri kimi frazeoloji birləşmələr xüsusi diqqət çəkir. Məşhur Amerika yazıçısı Cerom Devid Selincer də dilin frazeologiyasını öz əsərində kifayət qədər ustalıqla istifadə etmişdir. Bu, xüsusən obrazların dilindən deyilən ifadələrdə, dialoqlarda, eləcə də, obrazların xarici görünüşünün təsvirində öz əksini tapmışdır. Bu özü-özlüyündə bədii
əsərlər üçün səciyyəvi haldır. Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Real həyat hadisələrini və çətinliklərini özündə əks etdirən roman oxuculara həyatın qəddar və amansız tərəflərini nümayiş etdirir. Əsərin sonunda nəyin pis, nəyin yaxşı olması ilə bağlı konkret qərara gəlinmir. Bununla da, yazıçı bu məsələni hər bir oxucusunun öz öhdəsinə buraxır. Bu da əsəri maraqlı edən məqamlardan biridir.
Dostları ilə paylaş: |