Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə19/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

Neqativ tendensiyalar kimi qlobal sivilizasiyaya doğru inkişaf yolu ilə ümumdünya hegemonluğu tendensiyası arasında, güclü hərbi sənaye kompleksinə və iqtisadiyyata malik olan lider dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında, dünyanın maliyyə ehtiyatlarını əlində cəmləyən hökmran dövlətlərin maraqları ilə, dünya milli dövlətlərinin tarazlı, spesifik inkişaf maraqları arasında ziddiyyət proseslərinin baş verməsi, dünya iqtisadi məkanında süni olaraq yaradılan, qeyri-sağlam rəqabət şəraitində, dünya iqtisadiyyatı effektivliyinin aşağı düşməsi ilə işçilərin həyat səviyyəsinin ağırlaşması, eyni zamanda ümumdünya kapitalının sərbəst hərəkətinin effektivliyi ilə, maliyyə kapitalının dağıdıcı spekulyasiyası arasında dövlətlərin korrupsionist elitası ilə, formalaşmaqda olan vətəndaş cəmiyyəti arasında Transatlantik və Avrasiya bloklaşmaları arasında, Qərb (xristian) - Şərq (müsəlman-hind-çin) sivilizasiyaları arasında birqütblü dünya ilə çoxqütblü dünya arasında ziddiyyətlərin dərinləşməsini göstərmək olar. Həmçinin kütləvi emiqrasiya axınları nəticəsində «yerlilər» və «gəlmələr» arasında ziddiyyət, siyasi, hərbi, iqtisadi hökmranlığa can atan dövlətlərin, həm də sivilizasiya üstünlüklərinə çalışması nəticəsində «doğmalar» və «özgələr», «elitar» və «qeyri-elitar» cəmiyyətlər arasında ziddiyyət, amerikalaşma, homogenləşmə, kommersiyalaşma, «maqdonald»laşma, qərbləşmə standartlarının digər sivilizasiyalarda narazılıq doğurmasından törəyən ziddiyyətlər kompleksi qloballaşmaya qarşı antiqloballaşma hərəkatının yaranmasına səbəb olmuşdur.

Qloballaşma prosesinin obyektiv və subyektiv inkişaf xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər qloballaşma tərəfdarları ilə yanaşı – antiqlobalist hərəkatının da doğmasına səbəb olmuşdur. Qlobal ekoloji böhran, əhali artımının qarşısıalınmaz inkişafı ilə yerin resurslarının ümumi həcminin tərs mütənasibliyi, miqrasiya, urbanizasiya, epidemik xəstəliklər, narkomafiya, beynəlxalq cinayətkarlıq, terrorizm kimi problemlərin həllinin regional və tək dövlətin gücü xaricində olduğundan xalqların və dövlətlərin birgə əməkdaşlığının zəruriliyi, informasiya texnologiyasının inkişafı nəticəsində açıq cəmiyyət tipinin yaradılması ilə dövlətlər və xalqlar arasında münasibətlərin və kültürəl təsirlərin yeni mərhələyə qədəm qoyması, texnogen sivilizasiyada hakim olan iqtisadi münasibət və əlaqələrin inteqrasiyası, bütün dünya sisteminin nizamlanması məqsədilə hamı üçün eyni qayda və standartlar tətbiq edən beynəlxalq hüquq sisteminin, qanunvericiliyin yaradılması, informasiya texnologiyası vasitəsilə mədəniyyətin surətlə universallaşması kimi proseslər qloballaşmanın obyektiv xüsusiyyətləridir. Subyektiv proses kimi qloballaşmanın informasiya texnologiyalarına nəzarət edən ölkələrin öz maraq və mənafeləri istiqamətində nizamlanması və yönləndirilməsi, insan vasitəsilə idarə olunması və planlaşdırılması, inkişaf modellərinin hazırlanması kimi faktları misal göstərmək olar. Bu faktlara əsaslanan tədqiqatçılar qloballaşmanı “ən böyük məkan olaraq dərk etmək əvəzinə, ən böyük məkan üzərində hegemonluq qurmuş bir kültür olaraq dərk edilməsi daha düzgündür” (8. s. 36) fikrini irəli sürürlər.



Qloballaşma prosesi – vesternizasiya və modernizasiya adlanan 2 inkişaf modeli əsasında həyata keçməkdədir.

Vesternizasiya – Avropa sentrizm və Transatlantika baxışları əsasında dünyanın qloballaşma prosesidir. Vesternizasiya – Qərb cəmiyyətləri strukturlarının, texnologiyalarının, həyat tərzinin qeyri-Qərb cəmiyyətlərinə köçürülməsi ideyasıdır. “Həmçinin qeyri-Qərb ölkələrinin xalqlarında Şimali Amerika, Qərbi Avropa ictimai sistemlərinin şəksiz üstünlüyünə inam formalaşdırmaq cəhdidir” (11. s.146-147). Vesternizasiya prinsipinə əsaslanan qloballaşmanın bir çox modelləri vardır ki, bu «quruculuq modelləri» adlanır. «Şuman planı», «Avropa evi», «Atlantik okeanından Urala qədər olan Avropa», «Regionlar Avropası», «Yeni dünya düzəni», «Genişləndirilmiş Orta Şərq» siyasəti və s. ikinci layihələr yeni Avropa kimliyi, «Avropa insanı» yaratmağı və Avropa geostrateji məkanını unitar tərzdə təyin etmək cəhdlərini və perspektivini ortaya qoymaq məqsədini güdür. Müasir industrial cəmiyyətlər olan ABŞ və Qərbi Avropa dövlətləri informasiya texnologiyasına nəzarət etmə sisteminə malik olduqlarına görə, qloballaşma prosesini nizamlayır, istiqamətləndirir, idarə edir. Milli və dövlət maraqlarının təmin edilməsində, strateji inkişaf doktrinlərinin həyata keçirilməsində ondan istifadə edir. Qloballaşmanın Avropa strategiyası (vesternizasiya) dünya üzərində uzunmüddətli maliyyə-iqtisadi hakimiyyətin saxlanılması və dərinləşməsinə nail olmağı qarşıya məqsəd qoymuşdur. Qlobal sistem olan ABŞ və Avropanın 3-cü dünya ölkələri hesabına fövqəl qazanc əldə edilməsinə yönəldilmişdir. Qloballaşma prosesini həyata keçirən bir çox beynəlxalq maliyyə-iqtisadi siyasətin nizamlanmasına məsul olan təşkilatlar qlobal iqtisadiyyatın idarəolunması metodu (Vaşinqton konvensiyası) adı altında başqa ölkə və xalqların hesabına ABŞ-da həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməkdədirlər. Qlobal iqtisadi imperiyanın sabitliyi total nizamlanma mexanizmi ilə başqa ölkələrdə yaradılan iqtisadi böhran: artmaqda olan borc sisteminin yaranması, beyin daşınması vasitəsilə təmin edilməkdədir.

Qloballaşma SSRİ-nin çökməsi nəticəsində soyuq savaşın bitməsindən sonra yeni bir vüsət almışdır. “Keçmiş sistemlərin çökməsi nəticəsində meydana çıxan yeni ölkələrin qlobal qərarların qəbul edilməsinə cəlb edilməsi nəticəsində öz potensiallarını, milli resurslarını qlobal dünyanın ixtiyarına verməklə qloballaşmanın dönməz xarakter almasına şərait yaradırlar” (4. s. 92). Qərbləşmə konsepsiyasının mühüm özəyini Avropa yönümlülük, Amerika yönümlülük təşkil edir. Qərb dəyərlərinə söykənməklə vahid sivilizasiyanın yaradılması, bütün dünyanın vahid mərkəzdən idarə olunması [ABŞ və Avropa Birliyi rəhbərliyində] vahid iqtisadi sistemin yaradılması və Liberal-Demokratiya və Xristian dəyərlərinin hakim xətt təşkil etməsi vesternizasiyanın əsas məqsədidir. Vahid sivilizasiya modelinə informasiya təbliğatı, QHT və Transnasional korporasiyalar vasitəsilə nail olmaq 2001-ci ilin 11 sentyabrına qədər başlıca xətt kimi nəzərə çarpırdı. Lakin 11 sentyabr hadisələrindən sonra ABŞ vahid sivilizasiyanın hərbi yolla bərqərar olmasına üstünlük verdi. “Qloballaşma prosesinin başlıca subyekti, təşkilatçısı rolunda postindustrial Qərb çıxış edir, dünyanın qalan hissəsi isə qərb cəmiyyətinə əks təsir göstərsə də, daha çox bu prosesin obyekti olur” (7. s. 51). Qərb (vesternizasiya) dedikdə kapitalizm, onun siyasi sistemi olaraq siyasi liberalizm, kültür sistemi olaraq istehlak kültürü başa düşülür. Üçüncü dünya ölkələrində «demokratikləşmə», «insan haqları» kimi iddialarla yerləşən ABŞ, bu dövlətləri kapitalizmə daha dərinləşməsinə inteqrasiya etmək üçün sabit bir rejimə qovuşdurmaq, bölgə dövlətlərinin iqtisadi inkişafını hədəf alan islahatların genişləndirilməsi, özəl sektor və sərmayə qoyuluşunun gücləndirilməsi, bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın xaricə açılması, xarici sərmayələrin ölkə içinə girməsini saxlamaq adı altında «Millenium Challenge Account» adlı təşkilat quraraq, bu təşkilat vasitəsilə III dünya dövlətlərini imperialist sistemin dərin inteqrasiya və yenidən sömürmə girdabına salmaqdadır. ABŞ və Avropa Birliyi ölkələri III dünya ölkələrinin əsas problemlərini həll edəcəklərini iddia etməkdədirlər. Azad seçki, qadınlara səsvermə haqqı, gender bərabərliyi, qadınları müdafiə haqqı, medianın müstəqilliyi, demokratiya və insan haqları ilə bağlı fəaliyyət göstərən QHT-ləri yaratmaq və onlara maliyyə dəstəyi göstərməklə «ABŞ rəhbərliyi ilə kapitalist sistemin planetar miqyasda inteqrasiyasına nail olmaq» (5. s. 27) məqsədi güdülməkdədir. Vesternləşmə planetdə vahid Avropa kültür sisteminin bərqərar edilməsi ideyasına əsaslanaraq, milli və dini dəyərlərin aradan aparılması, milli dövlətlərin yox edilməsi, milli mədəniyyət və ənənəni təmsil edən elitanın kosmopolit elita ilə əvəzlənməsi, milli ideologiyaların yararsızlığı və liberalizmin tətbiq edilməsinə zəmanət verən siyasi elitanın hakimiyyətə gətirilməsi, dini-etnik hərəkətlərin silahla, hərbi yolla məğlub edilməsi nəticəsində formalaşdırılır. Vahid sivilizasiya yönümündə ABŞ və Avropa Birliyi ölkələrinin fəaliyyəti «Kültür imperializmi» kimi də xarakterizə olunur. Vesternizasiya siyasəti nəticəsində qloballaşma - ayrıseçkilik və istismar üzərində qurulan klassik imperializmin yeniləşməsi modelində [neoimperializm] təzahür tapmasına, planetin imperiyalaşması və sivilizasiyalaşması arasındakı aramsız tarixi ziddiyətin hələ də tam aradan qaldırılmamasına səbəb olmuşdur. “Dünya hegemoniyası «anqlosakson» və «Reyn kapitalizmi» öz ardınca, hakimiyyət və təsir sferasında nəzərəçarpmaz asimmetriyanın hazırlanması üçün nəzərdə tutulmuş qarşılıqlı təsisat və prosedurların kompleks strukturunu çəkib gətirir”(9. s. 145). Rəqabətin elə bir formasına üstünlük verilir ki, burada yüksək effektli sistemlərin qalib gəlməsinə, daha zəif effektli sistemlərin sıradan çıxmasına şərait yaradılmış olur. Bu isə ziddiyyətləri daha da kəskinləşdirir. BMT-nin inkişaf üzrə Agentliyi də bu nəticəyə gəlir ki, “qloballaşma hər şeydən əvvəl dinamik və qüdrətli ölkələrin qazanc əldə etməsi naminə aparılır” (14. s. 71). Qlobal sistemin fəaliyyəti üçüncü dünya ölkələri hesabına fövqəl qazanc əldə edilməsinə yönəldilmişdir. ABŞ-ın rəhbərliyi altında homeostatik xassə, qlobal iqtisadi imperiyanın sabitliyi total nizamlanma mexanizmi ilə təmin edilir ki, bu da öz növbəsində maliyyə-iqtisadi resursların qüdrətli konsentrasiyasına arxalanır. Qlobal nizamlanmanın konkret təzahürünü ABŞ-ın 90-cı illərdə 10-15 ölkədə təşkil etdiyi iqtisadi böhranı, artmaqda olan borclar sisteminin yaradılması, «beyinlərin daşınması» və s. bir sıra təsirlərini qeyd edə bilərik. Hal-hazırda qüvvələr nisbəti elə bir vəziyyətdədir ki, bunun da sayəsində heç bir ölkə müflis olmaqdan qorunmaq imkanına malik deyil. ABŞ faktiki olaraq dünya iqtisadiyyatını inqilabi işğal yolu ilə ələ keçirir. Nəticədə digər «iqtisadi sivilizasiya» məhv olmaq təhlükəsi altına düşür. Amerikanın təklif etdiyi «qlobal sivilizasiya», qlobal idarəçiliyin xüsusi mexanizmini yaradır, həmin dünya bazarı qanunlarına dövlətlər və xalqlar tabe olur. Qərb sivilizasiyası (Vesternizasiya) öz liderliyini Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin etməkdədir. Qeyd etmək gərəkdir ki, hal-hazırda Vesternizasiyanın bütün dünyada hakim olması cəhdləri qloballaşmanın məhz Vesternizasiya kimi anlamaq problemini ortalığa qoymuşdur. Qloballaşma dedikdə Qərb, Qərb dedikdə qloballaşma nəzərə gəlir. Qərbləşmə bütövlükdə modernləşmə əlaməti altında gedir. Onun açıq və qapalı cəmiyyətlərə təsiri əhəmiyyətli dərəcədə fərqlənir. “Əgər o, bəzi ölkələrdə cəmiyyətin siyasi və sosial-iqtisadi həyatına əlavə ünsürlər gətirməklə onun dayaqlarını təkmilləşdirirsə, digərlərində diffuziya baş verir, sonra isə tarixən sabitləşmiş normalar, adət-ənənələr gözə görünmədən yox olub gedir. Bu məsələdə problem əks təsirin dərəcəsi və səviyyəsində, habelə yeni eranın determinantları ilə qarşıdurmanın nə qədər əsaslı olmasındadır” (10. s. 152). Qərbləşmə qeyri-qərb məkanları tədricən «udaraq», müəyyən məkanlarda siyasi dözümün xarakterini dəyişdirir. Görünür, qərbləşmənin alqoritmi bütövlükdə cəmiyyətlərin, yaxud məkanların keçidinin təmin edilməsindən ibarət deyildir. Onun məqsədi yeni qlobal iqtisadi baxışların və siyasi ideyaların tətbiqi üçün meydan hazırlamaqdır. Qloballaşma genişləndikcə, inteqrasiya proseslərinin aparıcı agentlərinin siyasi, iqtisadi və sosial həyatının əsas tərkib hissələri yeni məkanlarda assimilyasiya olunur. “Qərb mədəniyyətinin ünsürlərinin qəbul olunması əslində elə bir təsirdir ki, bir müddətdən sonra o, ənənəvi cəmiyyətə nüfuz edəcək və onu amansızcasına ikiyə parçalayacaqdır” (12. s. 386). Qərbləşmə prosesi ənənəvi cəmiyyətin simasını tamamilə dəyişən mədəni inqilaba start verir. Qərbləşmə milli mədəniyyətin mahiyyətini, onun simasını kökündən dəyişir. Qərbləşmə tərəfdarlarının iddialarına görə, bu proses dönməzdir, təhsilin dünyəviləşdirilməsi və savadlılığın, dini dözümlülüyün yayılması, kütləvi informasiya vasitələrinin və kommunikasiyanın inkişafı, əhalinin geniş təbəqələrinin dünya mədəniyyəti xəzinəsi ilə tanış olmaq imkanıdır. «Modernləşmə» və «qərbləşmə»nin fərqləndirilməsi özlüyündə böyük əhəmiyyət kəsb edir. Hazırda Qərb bu iki anlayışın kütləvi şüurda vəhdət halında birləşməsi və sinonimə çevrilməsi üçün əlindən gələn hər şeyi edir. Bu isə kütləvi şüurda o qənaəti doğurur ki, hər hansı dəyişikliklər və islahatlar yalnız Qərbin təcrübələrinə əsaslandıqda mümkündür və ancaq Qərb örnəklərini təkrarlamağa qadirdir. Qərbləşmənin alternativi «durğunluq», «arxaiklik», «ifrat mühafizəkarlıq», səmərəsizlik, dinamikliyin olmaması və i.a. kimi qələmə verilir. Beləliklə də, Qərbin həyat fəaliyyəti çərçivələrini, qanunlarını, prinsip və meyarlarını bütün dünyaya qəbul etdirmək məqsədinə nail olunur.

Modernləşmə: Modernizasiya – etnik milli identikliklə universalizmin sintezi əsasında industrial inkişafa nail olmaq strategiyasıdır. Qeyri-qərb dünyasının vesternizasiyaya məruz qalmadan qloballaşma fazasına daxil olması, bu məqsədlə təhsilin, infrastrukturun gücləndirilməsi, informatikanın, mikroelektronikanın, biotexnologiyanın, telekommunikasiyanın, kosmik texnikanın, kompyutürlərin inkişaf etdirilməsi Modernizasiya prosesinin əsas tələbləridir. Modernizasiya və ya «modernləşmə» termini XX əsrin ortalarına qədər urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanın və hüquqi dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tutur. XXI əsrdə bütün bu modernizasiya prosesləri milli həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Qloballaşma prosesi başladığı vaxtdan bəri – müasir dünyanın inkişaf tendensiyası – qərbləşmədən modernləşmək, avropalaşmadan, amerikalaşmadan universallaşmaq, milli mədəniyyətləri itirmədən qloballaşmaqdır. “Şərqi Asiya ölkələri – öz cəmiyyətlərinin modernləşmə imkanlarını – qərbləşmədən modernləşmənin mümkün olduğunu bütün dünyaya nümayiş etdirdi. Burada qərbdən mənimsənilən texnokrotlaşma və informasiyalaşma prosesi (qərbləşmə) cəmiyyətin əsaslarına, təməllərinə toxunmamışdır. Şərqi Asiya nümunəsi göstərir ki, sənayeləşmə bir çox hallarda qərbləşmədən də mümkündür” (14. c. 62). Öz fundamental inkişafı istiqamətində getdikcə “dünya daha çox modern, daha az Qərb olur” (6. s.78). Qərbləşmə tendensiyasına qarşı ən fəal reaksiya Şərq-Qərb interaksiyasının hissəsi və çevik forpostu olan islam sivilizasiyasından doğur. Qərb mədəniyyətinə, onun bütün dünyaya, eləcə də, Şərqə yaradıcı təsirinə önəm verən Şərq intellektualları öz milli mədəniyyətlərindən uzaqlaşaraq, soykökünə yabançılaşaraq, ənənəsinə yadlaşaraq qərbləşməyin qəti əleyhdarı olmuşlar. Türk filosofu və sosioloqu C.Meric qərbləşməni islam sivilizasiyasına, eyni zamanda türk mədəniyyətinə zidd, onu içəridən dağıdan bir «mif» olaraq tənqid edir: “Nə üçün çağdaşlaşmaq Xristian Qərbinin bütlərinə pərəstişə çevrilsin? Bu, öz dərisindən çıxmaq, öz müqəddəslərini inkar etmək və tədriclə köləliyə razı olmaq deyilmi? Biz tamamilə ayrı bir mədəniyyətin övladlarıyıq.., bambaşqa ölçüləri olan, daha qədim, daha əsil, daha insanca bir mədəniyyətin” (3. s. 156). Cəmil Mericə görə «Bütün dünyanın avropalaşmağının» - həm Avropa xalqları mədəniyyətinin, həm də dünya xalqlarının hər birinin özgür mədəniyyətinin bundan sonrakı tərəqqisinə maneə yaratdığını göstərir. O qərb dəyəri kimi təqdim edilən demokratiyanın da Qərbdən öncə Şərqdə meydana çıxdığı qənaətindədir. “İslam elə demokratiyanın özüdür. Amma Qərbinkindən fərqli, bir ruh iqlimində tərəqqi edən, dərin məqsədlərə söykənən bir demokratiyadır”. Ərəb alimi Taha Cabir al-Alvani Qərb sivilizasiyasının islam dünyasına təsirinin nəticələrini təhlil edir və götərir ki, «müqəddəs olan nəsnələrin çağdaş Qərb sivilizasiyasında dəyərsizləşdirilməsi» - «tarixin sonu», «sivilizasiyaların sonu» kimi nəticələrə gəlinməsi, böhran psixologiyası, aqnostik subyektivizm, özünəməxsus dəyərlər kateqoriyası və kompleksinə malik olan islam dünyasına nümunə ola bilməz. (2. s. 12) S.Hantinqton Qərbdən fərqli – Latın Amerikası, Afrika, İslam, Çin, hind, pravoslav, buddist, yapon sivilizasiyalarının modernləşmə ilə özünütəsdiqi prosesi gücləndikcə Qərb sivilizasiyasının məkanca daralması, təsircə qısalması baş verir fikrini irəli sürərək, Şərq sivilizasiyalarının, xüsusilə İslam sivilizasiyasının güclənməsindən Qərbin narahat və səfərbər olmağının «zərurətini» bəyan edir: “Beynəlxalq münasibətlərin realist tarixi diqtə edirki qeyri- Qərb («Non-Western») sivilizasiyalarının özək dövlətləri qərb qüdrətinin dominantlığına qarşı balans yaratmaq üçün gərək birləşələr” (6. s. 78). Hantinqton belə hesab edir ki, qarşı duran sivilizasiyaların qütbləşməsi dünyada getdikcə geopolitik məkanı daralan Qərb sivilizasiyasının çox ciddi şəkildə rekonstruksiya, özünümöhkəmləndirmə prosesi keçməsini zəruriləşdirir. Onun fikrincə, Qərb sivilizasiyasının bir neçə əsr davam edən «Avropa fazası» (European phase) artıq başa çatmışdır, XX əsrdən isə bu sivilizasiyanın «Amerika fazası» (American phase) başlayır. Ona görə də Qərb sivilizasiyası öz liderliyini yalnız Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin edə bilər: Əgər Şimali Amerika və Avropa özlərinin əxlaqi həyatını yenidən canlandırsalar, mədəni birliyini yaratsalar və NATO daxilində təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını təmin etmək üçün iqtisadi və siyasi inteqrasiyanın yaxınlaşdırıcı formalarını inkişaf etdirsələr, onda onlar Qərbin iqtisadi firavanlıq və siyasi təsirinin üçüncü-Avroamerika fazasını (Euroamerican phase) meydana gətirə biləcəklər. Hantinqton «üçüncü fazada» ABŞ hegemonluğu ilə Qərb dominantlığının yenidən bərqərar edilməsi üçün qeyd edir ki, Əgər qeyri-Qərb cəmiyyətləri Qərb mədəniyyəti vasitəsilə bir daha yenidən formalaşdırılacaqsa, bu yalnız Qərb hökmranlığının eksponsiyası, genişlənməsi və güclü təsirinin nəticəsi kimi baş verəcək. İmperializm-universalizmin zəruri məntiqi nəticəsidir. Eyni zamanda, kamil sivilizasiya kimi Qərb digər cəmiyyətlərə öz iradəsini tabe etdirmək üçün tələb olunan iqtisadi və demoqrafik dinamizmə daha malik deyil və bunun edilməsi üçün hər bir cəhd də öz müqəddəratını təyinetmə və demokratiyanın Qərb dəyərlərinə ziddir. Asiya və islam sivilizasiyaları öz mədəniyyətlərinin universal uyarlıqlarını təsdiq etməyə başladıqca, qərblilər universalizm və imperializm arasındakı bağlılığı daha çox qiymətləndirəcəklər. Qərb universalizmi dünya üçün təhlükəlidir, ona görə ki, o, özək dövlətlər arasında böyük sivilizasiyalararası müharibəyə yol açardı və bu – Qərbin özü üçün təhlükəlidir, ona görə ki, Qərbin məğlubiyyətinə gətirib çıxarardı. Sovet İttifaqının dağılması ilə qərblilər öz sivilizasiyasını qeyri-bərabər dominantlıq mövqeyində görür, halbuki eyni zamanda zəif Asiya, islam, islam sivilizasiyaları və digər cəmiyyətlər də güc qazanmağa başlayırlar». Qərb ölkələrinin sivilizasiya üstünlüklərinə can atması qlobal məkanın bütün subyektlərində əks reaksiya doğurur. Buna görə də qloballaşma və onun stimullaşdırıcısı modernləşmənin qərbləşmə ilə (Westernization) eyniləşdirilməsi – ümumdünya problemi olaraq qarşıya çıxır. Qloballaşmanı – qərbləşmə, qərbləşməni isə - modernləşmə kimi təqdim edən ideologiya qüsurlu və birtərəflidir. Çünki burada bəşəriyyətin bütün tarixi təkamülü ilə şərtlənən ümumdünya əhəmiyyətli proses – qloballaşma əsl mahiyyətindən yayındırılaraq məhdud bir hadisə kimi unifikasiyalaşdırılır. Bu baxımdan ən böyük dünya problemi qloballaşmanın vesternizasiya ilə nisbətidir. Burada məsələ daha genişdir, modernizasiyanın mahiyyəti məsələsidir. Hazırda bu problemlə əlaqədar 3 yanaşma formalaşmışdır: 1) Qloballaşma vesternizasiyaya nisbətən daha geniş prosesdir. Bütün praktiki mənalarda modernizasiya prosesinə bərabərdir. Bu cür nöqteyi-nəzəri müdafiə edən alimlər içərisində A.Ciddens, R.Robertson, M.Olbron, U.Konnoli və başqalarını xüsusi qeyd etmək lazım gəlir. Şərqi Asiya ölkələri inandırıcı şəkildə sübut etmişdir ki, modernizasiya imkanları vesternizasiyaya nisbətən daha güclüdür. Şərqi Asiyanın nümunəsi sübut edir ki, industrilizasiya çox halda vesternizasiyasız da mümkündür. 2. İkinci yanaşmaya görə isə qloballaşma modernizmin qlobal diffuziyasından başqa bir şey deyildir. 3. Üçüncü yanaşma isə modernləşmənin genişləndirilmiş vesternizasiya-qərb kapitalizmi ilə qərb institutlarının yayılması kimi xarakterizə edir. Gilpin dünya beynəlmiləlləşməni sadəcə olaraq genişlənməkdə olan amerikan dünya qaydalarının əlavəsi hesab edir. N.Qleyzerin, qloballaşma- qərb tərəfindən nizamlanan informasiya və əyləncə vasitələrinin ümumdünya miqyasında yayılmasıdır ki, bu da öz növbəsində həmin informasiyanın daxil olduğu ərazilərin dəyərlərinə mühüm təsir göstərir. Mahiyyət etibarı ilə qloballaşma... Qərb inkişaf modelinin diffuziyası – Qərb kapitalı və dəyərlərinin yayılmasıdır. 1970-80-ci illərdə Cənubi Şərqi Asiyada, Mərkəzi və Şərqi Avropa ölkələrində, habelə keçmiş SSRİ respublikalarında modernləşdirmə proseslərinin qaynaqlarını üç məqam müəyyənləşdirirdi; iqtisadi təfəkkürün, təsərrüfatçılıq formalarının tədricən dəyişməsi (yeni iqtisadi mexanizm, fərdi əmək fəaliyyəti və s.), ideya-siyasi dəyişikliklər («yeni siyasi təfəkkür», «aşkarlıq», «insanpərvər sosializm» və s.), mədəni yeniliklər («bittlomaniya», CNN, elektron poçtu, çatlı internet və s.). Qloballaşmanın ilk mərhələsi kimi məhz modernləşmə kapital bazarının yaranmasına, transmilli korporasiyaların fəaliyyətinə zəmin yaratmışdır. Hazırda onların təsiri ilə iqtisadi siyasətin, vətəndaşların siyasi iştirakının forma və metodlarının dəyişməsi, təhsilin beynəlmiləlləşməsi və vahid qlobal sosiomədəni mühitin yaradılması vasitəsilə sosiomədəni məkanın dəyişməsi baş verir. “Modernləşmə, XVII-XIX əsrlərdə Qərbi Avropada və Şimali Amerikada inkişaf etmiş, sonralar digər Avropa ölkələrində, XIX-XX əsrlərdə isə Cənubi Amerika, Asiya və Afrika qitələrində yayılmış sosial, iqtisdi və siyasi sistemlər yönündə dəyişikliklər prosesidir” (10. s. 152). XX əsrin ortalarına qədər modernləşmə urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanı və müvafiq dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tuturdu. Liberal fərdiyyəçilik dəyərləri əsasında müasir davranış modelinin formalaşması modernləşmənin başlıca daxili şərti kimi çıxış edir. Modernləşmə proseslərini araşdırarkən, hər şeydən əvvəl, ötən əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəlində dünyada yüksək sürətlə gedən sənayeləşməyə nəzər salmaq lazımdır. Praktiki əsası «Marşal planı» ilə qoyulan Qərbin inkişaf səviyyəsinə çatmağın inkişaf konsepsiyası məhz bu dövrdə formalaşmağa başlamışdır. Onun əsas məqsədi ikinci dünya müharibəsindən sonra Qərbi Avropa ölkələrinin iqtisadiyyat və təsərrüfatının bərpasına kömək etmək idi. ABŞ-ın yardımı ilə bir çox ölkələrin sənayeləşdirilməsi bu dövrdə dönməz xarakter almışdır. Qərbin inkişaf səviyyəsinə çatmaq ideyası milli modernləşmə planlarının əsasını təşkil etmişdir və bu XX əsrdə dünyanın mənzərisini köklü surətdə dəyişmişdir. XX əsrin sonlarında dünya iqtisadiyyatının liderləri ABŞ, Avropa və Şərqi Asiya oldu. Şərqi Asiya dünya iqtisadiyyatı və siyasətinin amiri liderliyinə iddia edir. Asiyanın bir sıra ölkələrinin surətli yüksəlişi millətlərin inkişaf etməyə, milli «mən»lərinin təntənəsini təsdiq etdirməyə olan səylərini əks etdirir. Yapon möcüzəsi, Çinin dünya dövlətinə çevrilməsi Hindistanın regional gücə çevrilməsi bunun bariz nümunəsidir. Malayziya, Sinqapur, İndoneziya və Koreya ölkələrinin sürətli inkişafı aydın şəkildə göstərir ki, iqtisadi yüksəliş heç də milli ənənədən hökmən imtina olunmasını tələb etmir, əksinə onunla çulğaşa bilir. Tarixin dərk edilməsi və milli eyniyyət axtarışı özlüyündə, modernləşmə ideallarına sədaqətə təhlükə doğurmur və hətta onlara zidd də deyildir ideyasını Cənub-Şərqi Asiyada modernləşmə prosesinə şamil etmək olar. Cənub-Şərqi Asiya ölkələri məcburi üsullarla səmərəli sabit modernləşməyə nail olmağın mümkünlüyünü dərk edərək, universalizm və partikulyarizmin sintezindən istifadə etməyə başladılar.

1980-ci illərin sonunda modernləşmə nəzəriyyəsi çərçivəsində «modernitidən yan ötən modernləşmə», yəni sosiomədəni ənənələrin qorunmasına əsaslanan, fərdiyyətçi Qərb dəyərlərini cəmiyyətə zorla qəbul etdirmədən də dinamik iqtisadi yüksəlişin mümkün olduğunu bildirən ictimai inkişaf konsepsiyası işlənib hazırlandı. Bu nəzəriyyə çərçivəsində qeyri-Qərb ölkələrinin müasirliklə-ənənəçilik arasında əlaqələrin pozulmaması, mövcud ənənələrin kənardan gətirilənlərlə əvəzlənməməsi yolu ilə inkişaf etməsinin mümkünlüyü nəzərdə tutulurdu. Modernləşmə prosesi- onilliklər boyu alınmış təhsil və işçinin yaradıcılıq enerjisi ilə həyata keçirilir. Postindustrial sosiumun tərəqqisinin əsası olan azad şəxsiyyətin yaradıcılığına əsaslanaraq sənaye cəmiyyətinin postindustrial cəmiyyətə çevrilməsi XXI əsr modernləşməsinin başlıca şərtidir.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin