Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə20/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

Nəticə: Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrinzərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir. Qloballaşma prosesi planetar meqacəmiyətin, meqamədəniyyətin və uperetnosun formalaşmasını reallaşdırmaqdadır. Qloballaşma-yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın asanlıqla yerdəyişməsinə, dünyanın informasiya üçün açıq olmasına, texnoloji inqilaba, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiya yaxınlaşması əsasında əmtəə və kapitalın hərəkətinin liberallaşmasına, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə, telekommunikasiya texnologiyalarının reallaşmasına, internasional təhsilə əsaslanır.

Vesternizasiya – Avropa sentrizm və Transatlantika baxışları əsasında dünyanın qloballaşma prosesidir. Vesternizasiya prinsipinə əsaslanan qloballaşmanın bir çox modelləri var ki, bu «quruculuq modelləri» adlanır. «Şumon planı», «Avropa evi», «Atlantik okeanından Urala qədər olan Avropa», «Regionlar Avropası», «Yeni dünya düzəni», «Genişləndirilmiş Orta Şərq» siyasəti və s. ikinci layihələr yeni Avropa kimliyi, «Avropa insanı» yaratmağı və Avropa geostrateji məkanını unitar tərzdə təyin etmək cəhdlərini və perspektivini ortaya qoymaq məqsədini güdür. Qərb (Vesternizasiya) dedikdə kapitalizm, onun siyasi sistemi olaraq siyasi liberalizm, kültür sistemi olaraq istehlak kültürü başa düşülür.

Qərb dəyərlərinə söykənməklə (vesternizasiya) vahid sivilizasiyanın yaradılması, bütün dünyanın vahid mərkəzdən idarə olunması (ABŞ və Avropa Birliyi rəhbərliyində) vahid iqtisadi sistemin yaradılması və Liberal-Demokratiya və Xristian dəyərlərinin hakim xətt təşkil etməsi əsas məqsədidir. Qərb sivilizasiyası (vesternizasiya) öz liderliyini Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin etməkdədir. Vesternizasiyanın bütün dünyada hakim olması cəhdləri qloballaşmanın məhz Vesternizasiya kimi anlamaq problemini ortalığa qoymuşdur. Qloballaşma dedikdə Qərb, Qərb dedikdə qloballaşma nəzərə gəlir. Vesternizasiya – Qərb cəmiyyətləri strukturlarının, texnologiyalarının həyat tərzinin qeyri-Qərb cəmiyyətlərinə köçürülməsi ideyasıdır. «Qərbləşməsiz modernləşmə» düsturu müəyyən mənada qloballaşma nəzəriyyəçilərinə müqavimətin konseptual əsasını təşkil edir. Qərbləşmə, modernləşmə kimi inkişaf tendensiyaları öz siyasi elitasını da formalaşdırmışdır. Bir tərəfdə «İslahatçılar» - dəyişiklik tərəfdarları, digər tərəfdə isə mühafizəkarlar, köhnəliyə inadkarcasına sədaqətli olanlar. İslahatçı-qərbçilər daim Qərb təsisatları və beynəlxalq təşkilatlardan dəstək almaqdadırlar. Modernist – qərbçilər dərin islahatlar, təsərrüfat modelində əhəmiyyətli dəyişikliklər, elitanın dövlət idarəetməsinin mühüm sahələrinə real şəkildə təsiri, həyatın bütün sahələrinin modernləşməsi tərəfdarıdırlar. Modernistlər islahatlarla bərabər dövlət suverenliyinin, iqtisadi və mədəni müstəqilliyin tam qorunub saxlanmasını, milli köklərə sədaqəti, milli özünəməxsusluğun qorunmasını mütləq və sarsılmaz şərt hesab edirlər. Modernizasiya – Etnik Milli identikliklə universalizmin sintezi əsasında industrial inkişafa nail olmaq strategiyasıdır. Modernləşmə, tarixən XVII - XIX əsrlərdə Qərbi Avropada və Şimali Amerikada inkişaf etmiş, sonralar digər Avropa ölkələrində, XIX – XX əsrlərdə isə Cənubi Amerika, Asiya və Afrika qitələrində yayılmış sosial, iqtisadi və siyasi sistemlər yönündə dəyişikliklər prosesidir. Qeyri-qərb dünyasının vesternizasiyaya məruz qalmadan qloballaşma fazasına daxil olması, bu məqsədlə təhsilin, infrastrukturun gücləndirilməsi, informatikanın, mikroelektronikanın, biotexnologiyanın, telekommunikasiyanın, kosmik texnikanın, kompyutürlərin inkişaf etdirilməsi Modernizasiya prosesinin əsas tələbləridir.

Modernizasiya və ya «modernləşmə» termini XX əsrin ortalarına qədər urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanın və hüquqi dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tutur. XXI əsrdə bütün bu modernizasiya prosesləri milli həyatın ayrılmaz hissəsinə çevrilmişdir.


Ədəbiyyat:
1. Ağayar Şükürov. Qloballaşma: mahiyyəti və perspektivləri. «Adiloğlu» nəşriyyatı. Bakı, 2001, s.55.

2. Alwani T. The Islamization of Knowledge: Yesterday and Today, İnternational İslamic Publishing House and İnternational İnstitute of İslamic Thought.Virginia: Herndon, London, 1995.s.12.

3. Cəmil Meric. Bütün eserleri, II c, Bu ülke, İstanbul: İletişim yayın, 1996. s. 156-158.

4. Fronçis Fukuyoma. Tarihin sonumu? Ankara, 2002, s.92.

5. Hasan Şafak. III Dünya savaşı və İsrailin imperatorluq planı. Sultanəhməd – İST. Mayıs, 2006, s.27.

6. Hundington S. The Clach of Civilizations and the Remaking of World Order. N.Y. A Touchstone Book, 1997, s. 78.

7. Кувалдин В.Б. Глобализация, национальное государство и новый миропорядок // Полития, 2002, №2,с.51.

8. Qlobal köyün qutsal kitabı. Fəthi Əhməd Polad. Qloballaşma prosesində Qafqaz və orta Asiya mövzusunda beynəlxalq konfransın məqalələri. Bakı, 2003, s.36.

9. Rahid S.Ulusel. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı, «Elm», 2005, s.118.

10. Ramiz Mehtiyev. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri. Bakı, 2005, s.152.

11. Социологическая енсиклопедия в двух Томах. М, 2003, Т.1, с.146-147.

12. Тойнби А. Цивилизация перед судом истории. М. 2002, с.386.

13. Тоффлер Э. Третья волна. М: 2002. с. 92-117.

14. Уткин А.И. Глобализация: процесс и осмысления. М.Логoс. 2001, с71.


Abdullayev F. N.

Miqrasiya probleminin siyasi aspektinin tədqiqi sahəsində yeni formalaşan elmlərarası istiqamət və nəzəriyyələr

Miqrasiya proseslərinin yalnız intensivliyinin deyil, onun elmi-nəzəri tədqiqinə marağın da artması XX əsrin ikinci yarısından etibarən müşahidə edilmişdir. Həmin vaxta qədər tədqiqatlar əsasən təsviri məzmunlu olmuşdur. Ötən yüzilliyin sonlarından elmi təhlillərdə əsas vurğu miqrasiyanın törədən səbəblər arasında millətlərarası və etnik münaqişələr aspekti üzərinə keçmişdir. Hazırkı mərhələyə gəldikdə isə, bəhs olunan problemin öyrənilməsində miqrasiya proseslərinin qlobal təhlükəsizlik məsələləri ilə sıx bağlılıqda nəzərdən keçirilməsini səciyyəvi xüsusiyyət kimi ayırmaq olar. Bu gün miqrasiya elmlərarası tədqiqat obyektinə çevrilmişdir və müxtəlif elmlər bu sahədə öz töhfələrini verməkdədir.

Bəşər tarixinin inkişafında çox mühüm rol oynayan miqrasiya prosesləri hər bir ölkənin üzləşdiyi çox şaxəli, mürəkkəb hadisə kimi olduqca müxtəlif elmi aspektlərə malikdir. Miqrasiyanın elmi təhlilinə cəhdlər də XIX əsrdən müşahidə olunur. Bu fenomenin terminoloji və təsnifat xüsusiyyətlərinin müəyyənləşməsində dünyanın bir çox alimləri iştirak etmişdir.

Politologiyada miqrasiya probleminin təhlili zamanı diqqət mərkəzində olan əsas məsələlər: miqrasiya proseslərinin tənzimlənməsində və ona nəzarət edilməsində dövlətin rolu, miqrasiyanın mili təhlükəsizliyin təminatı sistemində yeri və rolunun aşkara çıxarılması, onun təhlükəsizliyin digər sahələrinə təsirləri, miqrantların cəmiyyətə inteqrasiyası, miqrasiya və qlobal təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın təhlili məsələləridir.

Ötən yüzilliyin 90-cı illərindən sonlarından miqrasiya problemləri yeni səpkidə təhlil predmetinə çevrildi. Etnik-milli, sosial-siyasi səbəb və mənbələrdən qaynaqlanan məcburi miqrasiya, Azərbaycan ərazisində Ermənistanın soyqırım siyasəti, şovinist-separatizm və etnik təmizləmə nəticəsində zorla didərgin salınan insanların humanitar fəlakət problemi miqrasiyanın postsovet məkanı üçün yad olan yeni dalğasına təkan verdi. Məhz bu dövrdən etibarən deyə bilərik ki, miqrasiya yalnız sosial-iqtisadi deyil, bütöv elmlər kompleksi tərəfindən təhlil edilməyə başladı. Formalaşan yeni geosiyasi reallıq və qloballaşma proseslərinin son dərəcə intensivləşdiyi miqrant axınları miqrasiyanın özünü ayrılıqda qlobal problem kimi qəbul edilməsini şərtləndirdi. Bu ərəfə miqrasiya problemi və onun tənzimlənməsi siyasətinin tarixində demək olar ki, bəlkə də ən çətin bir mərhələ idi. Hər hansı ümumi, obyektiv elmi araşdırmanın, nəzəri konsepsiyanın mövcudluğundan danışmaq çətin idi. Belə ki, məcburi miqrantların real vəziyyətinə dair gerçək faktların subyektivist, qərəzli izahından tutmuş, informasiya blokadasına qədər geniş təzahürlər baş alıb gedirdi. Bu mərhələnin tədqiqatları üçün miqrasiyanın siyasi, sosial, etnik-milli mənbələrinin araşdırılması səciyyəvi olmuşdur (1).

Miqrasiya proseslərinə elmlərarası, məsələn demoqrafik-siyasi (A Vişnevskiy), sosial-iqtisadi (R.Stoynov), iqtisadi-hüquqi (Pan Gi Mun) yanaşma müasir mərhələdə getdikcə yüksələn xətt üzrə gedir. Yaxud insan kapitalı nəzəriyyəsinin iqtisadi aspektinə görə (D.Bekker, X.Klark) hər bir insan konkret sərmayə qoyuluşu terminlərində nəzərdən keçirilir. H.Cerom və İ.Linin “cəlbetmə-tərk etmə(“pull-push”)” adlanan nəzəriyyəsinə görə miqrantın ölkəni tərk etməsinin səbəbi konkret insan üçün ölkədəki vəziyyəti təqdir etməyərək, getmək qərarını verməyə sövq etməsi, yaxud, əksinə digər ölkənin cəlbedici olmasıdır (2).

Müasir dövlət miqrasiya siyasətini həyata keçirərkən hərtərəfli işlənilmiş konsepsiyaya ehtiyac duyur. Bu sahə olduqca çox şaxəli olduğu üçün elmlərarası yanaşma tələb etdiyindən ümumi miqrasiya nəzəriyyəsinin yaradılması üçün zəruri şərtlərin mövcudluğu qeyd edilir. Yeni nəzəriyyənin ayrıca olaraq xüsusi elmi fənn kimi-miqrasiologiya kimi formalaşması qənaətləri get-gedə daha çox tədqiqatçılar tərəfində dəstəklənir. Mütəxəssislər ayrıca olaraq miqrasiya proseslərinin öyrənilməsi üçün xüsusi fənnin - “miqrasiologiyanın” yaradılması zəruriliyindən yazırlar. Artıq bu adda əsərlər də işıq üzü görmüşdür. Burada miqrasiya haqqında mövcud olan nəzəriyyələr ümumiləşdirilərək “miqrasiologiya” nəzəriyyəsi kimi təqdim edilmişdir. Bununla belə qeyd olunan təkliflər hələlik geniş dəstəklənməmişdir (3).

Milli dövlətçiliyin həyati vacib institutlarının ən qısa müddətdə yaradılması miqrasiya proseslərinin hazırkı durumu və sonrakı inkişafının milli təhlükəsizlik sisteminə təsiri sahəsində elmi əsaslandırılmış təhlili və proqnozların olmasına zərurət yaradır. miqrasiya axınları növ, forma, struktur, səbəb və s. baxımından bir-biri ilə çox sıx əlaqəlidir. Problemin təhlilinə müxtəlif elmi yanaşmalarda müxtəlif amillər önə çəkilir. Məsələn, demoqrafik aspekt miqrasiyanın əhali sayının təkrar istehsalı, insan ehtiyatları, onun mühafizəsi, təkrar istehsalı və demoqrafik təhlükəsizlik nöqteyi-nəzərindən təhlilinə istiqamətlənmişdir.

Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur. Təsadüfi deyil ki, miqrasiya uzun illər məhz iqtisadi-sosial mahiyyətli fenomen kimi təhlil edilmişdir. İnsanların axını daha çox iqtisadi amillərlə şərtlənmişdir. İqtisadi yöndən təhlil edilərkən miqrasiya dövlətin insan ehtiyatlarının, əmək bazarlarının, insan qüvvəsinin sağlam rəqabəti və təbii inkişaf qanunauyğunluqlarını təmin edən obyektiv nizamlayıcı amil hesab olunur. Problemə hüquqi yanaşma müxtəlif kateqoriyalardan olan miqrantların hüquqi statusunun müəyyənləşməsi, hüquqi qanunvericilik bazasının, normativ akt və sənədlərin hazırlanması, miqrant (insan) hüquqlarının təminatı kimi məsələlərə önəm verir. Tarixi yanaşma həm bütövlükdə dünya tarixində, istərsə də ayrıca dövlətin, ölkənin və ya regionun tarixində miqrasiya hərəkatının rolu, əhəmiyyəti, tarixi təkamülü kimi mövzuları təhlil edir.

Sosioloji yanaşma miqrantların qərarlarına sosial amillərin təsirini, sosial həyat şəraitinin yaşayış üçün seçilən ölkədə onların cəmiyyət həyatına sosial uyğunlaşması və inteqrasiyasının araşdırılmasına, sosial təbəqələşmə və miqrasiyanın qarşılıqlı təsirlənmə prosesinin tədqiqinə üstünlük verilir. Psixoloji və sosial psixoloji yanaşmada əsas məsələ miqrant-subyektin motivləri, seçiminin psixoloji əsasları, miqrasiyanın psixoloji təbiəti, insanın özünü həyatda reallaşdırması kimi təbii istəyinə əsaslanan seçim nöqteyi-nəzərindən təhlilidir.

Miqrasiyanın təhlilinin nəzəri-metodoloji məsələlərinə həsr edilən ədəbiyyatı izlədikdə məlum olur ki, miqrasiya proseslərinin politologiyanın predmeti kimi siyasi təhlükəsizlik aspektinin tədqiqinə çox az rast gəlinir. Bir çox onilliklər ərzində miqrasiyanın tədqiqi ilə əsasən demoqraflar və sosioloqlar məşğul olmuşdur.

Politoloji aspekt miqrasiya siyasətinə, onun siyasi səbəbləri, təzahürləri, milli regional və qlobal siyasi təhlükəsizliyə təsiri məsələlərinə önəm verir (4). Miqrasiya proseslərinin siyasi təhlilində, onun müasir dövlətin milli maraqlarına, siyasətinə və sabitliyinə təsiri məsələləri uzun müddət diqqətdən kənar qalmışdır. Miqrasiyanın politoloji aspektdə təhlilinə diqqət son zamanlar əhəmiyyətli dərəcədə artsa da, onun təhlükəsizlik sistemində statusu məsələsi hələlik araşdırılmamışdır. Politoloqlar əksər hallarda miqrantları qəbul edən ölkənin problemləri, ölkəyə gəlmə və getmə məsələlərini öyrənirlər. Miqrantları göndərən ölkənin siyasi mənzərəsi, vəziyyəti və məqsədləri, prosesin gizli olan siyasi nəticələri diqqətdən kənarda qalır. Həqiqətdə isə məcburi miqrant və qaçqın axınlarının yaranmasının səbəbləri ilk növbədə buna rəvac verən dövlətin konkret siyasəti ilə bağlıdır və bilavasitə digər dövlətin suverenliyinə müdaxilə kimi dəyərləndirilməlidir. Əhalinin miqrasiyası dövlət daxili və dövlətlər arası münasibətlərin getdikcə mürəkkəbləşən sisteminin ən vacib tərkib hissəsidir. Buna görə də hazırda miqrasiya proseslərinin siyasi təhlükəsizlik aspektləri politoloq alimlərin getdikcə daha çox diqqətini cəlb edir.

Müasir siyasi nəzəriyyə kontekstində miqrasiya proseslərinin iki istiqamətdə nəzərdən keçirilməsi son dərəcə vacibdir: 1. Dövlətin daxili siyasət məsələlərinin və sosial-iqtisadi münasibətlərin həllində onun yeri və rolu; 2. Milli və siyasi təhlükəsizliyin təmin olunmasında miqrasiya siyasətinin əhəmiyyəti və əsas istiqamətləri;

Birinci halda söhbət miqrasiya axınlarının dövlətin daxili münasibətlər sisteminə, strukturuna, sosial-siyasi quruluşuna və vətəndaşlarının milli kimliyinə, ölkənin insan potensialına, əmək bazarına, demoqrafik strukturuna, işsizlik və məşğulluq probleminin həllinə nə kimi təsir edəcəyindən gedir. Bu aspektdə öyrənilən əsas məsələlərdən biri, ölkəyə gəlmə və ölkəyə getmə, eləcə də milli dövlətin ərazisində qalmaq qaydalarının müəyyənləşməsi, miqrasiya axınları üzərinə nəzarətdir. Başqa sözlə deyilsə, birinci halda dövlətin həyata keçirdiyi konkret miqrasiya siyasəti nəzərdə tutulur (5).

İkinci hala gəldikdə isə, burada miqrasiya probleminin milli təhlükəsizlik sistemində nə kimi statusa malik olmasının müəyyənləşdirilməsi əsas məsələlərdəndir. Proseslərin təhlili zamanı əsas diqqət qeyri-leqal və nəzarətdən kənar miqrasiya axınlarının dövlətin milli təhlükəsizliyi və suverenliyi üçün yaratdığı real və potensial təhdidlərə yönəldilir. Miqrasiyanın milli dövlətin vətəndaşlıq institutuna, elektoral davranışa və dövlət siyasətinə müxtəlif istiqamətlərin formalaşmasına təsiri bu gün real hiss ediləcək amilə çevrilmişdir.

Bu problem xüsusilə də 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra xüsusi aktuallıq kəsb etmişdir. Bəhs edilən aspektin fərqi ondadır ki, bu halda miqrantlar və onların birlikləri hər hansı dövlətin siyasi həyatında bilavasitə iştirak edən, yaxud da həm onları göndərən, həm də qəbul edən ölkələrdə müxtəlif siyasi qüvvələrin öz məqsədləri üçün istifadə etdikləri siyasi aktorlar qismində çıxış edir. Bununla əlaqədar olaraq miqrantların qəbul edən ölkənin ictimai-siyasi sisteminə inteqrasiyası ən kəskin problemlərdən biridir. Cəmiyyətdə sosial-siyasi sabitliyin daimi monitorinqi və miqrantlarla qarşılıqlı münasibətlərə nəzarət, mümkün konflikt vəziyyətlərinin önlənməsinin və ictimai asayişin təmin olunmasının müqəddəm şərtidir.



Aşağıdakı cədvəldə miqrasiya proseslərinə müxtəlif elmi yanaşmaların mənzərəsi verilir:

Elm sahəsi

Öyrənilən məsələlər

Təhlil predmeti

Əsas nəzəriyyələr

Əldə olunan müddəalar

antropologiya

miqrasiya milli kimliyə necə təsir edir və hansi dəyişikliklərə səbəb olur

əsasən mikroqrupla, fərdlər

rasionalizm, transmilli yaxud, strukturalist nəzəriyyələr

sosial birliklər mədəni fərqlərin dəstəklənməsinə kömək edir.

demoqrafiya

miqrasiya əhalinin tərkibinə necə təsir edir

əsasən əhalinin makroqruplari

rasionalizm (iqtisadi nəzəriyyələr)

miqrantlar əhali artimina, yerli əhalinin müxtəlif reproduktiv davranişina görə səbəb olur.

iqtisadiyyat

miqrant olmaq qərari nə üçün verilir və bu qərarin faydasi nədir?

daha çox mikro-fərdi səviyyə

rasionalizm (fayda-ziyan)

insanin yeni yerə öyrəşməsi onun keyfiy- yətindən asildir (insan kapitali)

tarix

miqrantlarin təcrübəsi nəyi öyrədir?

daha çox mikro-fərdi səviyyə

nəzəriyyə və testlər tətbiq edilmir.

yoxdur.

hüquq

makro və mikrosiyasi, qanunverici sistemlər

ictimai elmlə-r dən bir sira nəzəriyyələr




hüquqi baza miqrantlar üçün təşkilati strukturlar yaranmasina yardim edir.

politologiya

makrosiyasi və beynəlxalq sistemlər

rasionalizm və institutsionalizm.




dövlət əksər hallarda immiqrant maraqlarinin girovuna çevrilir.

sosiologiya

miqrantlarin müxtəlif uyğunlaşma formalarini nə izah edir?

makroetnik qruplar və sosial siniflər

funksionalizm.

miqrantin öyrəş­məsi və inteqrasi­yasi onun malik olduğu sosial ka­pi­taldan asilidir

Müasir geosiyasi reallıqda təhlükəsizlik sahəsində əsas vurğu yalnız ənənəvi deyil, həm də yeni resurslar uğrunda mübarizə sahəsini də əhatə edir. Ərazi, torpaq uğrunda mübarizə hazırda ən müxtəlif (enerji, informasiya, texnologiya, intellektual və s.) növ resurslar, o cümlədən başlıca olaraq-insan resursları uğrunda mübarizə mərhələsinə keçid almışdır. Qlobal və milli təhlükəsizliyin geosiyasi determinatlarının dinamikaya uğraması, yeni geosiyasi subyektlərin, amillərin meydana gəlməsini şərtləndirmişdir.

Miqrasiya təhlükəsizliyi belə ən mühüm determinantlar sırasında birincilərdəndir. Bu gün təhlükəsizlik ənənəvi, yalnız hərbi vasitələrlə təmin edilən siyasət deyil, tamamilə yeni, çox şaxəli məzmuna malik tədbirlər sistemini nəzərdə tutur. Buraya iqtisadi, siyasi, mədəni, sosial, hüquqi intellektual, şəxsi, mənəvi təhlükəsizlik istiqamətləri də əlavə olunmuşdur. Qlobal təhlükəsizliyin prioritet amilləri sırasında bütün qalanlarla yanaşı insan resurslarının, miqrasiya axınlarının təsirinin sadalananları geridə qoyaraq ön sıraya çıxması milli və qlobal təhlükəsizlik fəaliyyətinin məzmununu bütövlükdə dəyişir.

Nəhayət, ən başlıcası hər gün dünyanı təhdid edən yeni, çeşidli təhlükə mənbələrinin təşəkkülü çevik təhlükəsizlik siyasətinin həyata keçirilməsini, mürəkkəb qərarlar qəbul edilməsini tələb edir. “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur” (6).

Dövlət və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsinin siyasi konsepsiyaları çox geniş müzakirə və tədqiqatların mövzusudur. İnsan və cəmiyyəti təhdid edən problemlərin dairəsi hazırda olduqca genişlənməkdə və yenilənməkdədir. Belə bir vəziyyətdə təhlükəsizlik məsələsini həll etmək xüsusi biliklər sistemi olmadan mümkün deyil. Hazırda təhlükəsizlik məsələlərinin həllinə kompleks yanaşmaq tələb olunur və bu sırada miqrasiya təhlükəsizliyi, onun məzmunu və mahiyyəti, təmin olunmasının yolları, strukturu və funksiyaları ən önəmli məsələlərdəndir.

Miqrasiya və təhlükəsizliyin qarşılıqlı əlaqəsindən danışarkən qeyd edilməlidir ki, əvvəla, miqrasiya həm daxili, həm də xarici təhlükəsizlik sahələrinə nüfuz edir. Digər tərəfdən isə miqrasiya təhlükəsizliyin məlum olam bütün istiqamətlərini- demoqrafik, iqtisadi, intellektual miqrasiya, kriminoloji təhlükəsizlik, etnomilli-mədəni təhlükəsizlik sahələrinin hər birini əhatə edir.

Miqrasiya prosesləri siyasi həyata təsir edərək cəmiyyətdə sosial və siyasi gərginlik törədən potensial təhdid mənbəyi qismində çıxış edir. Beynəlxalq münasibətlər sahəsində dövlətlər arası problemlər yarada bilən siyasi qərarların verilməsinə, sanksiyaların tətbiqinə gətirib çıxarır. Dövlətin vaxtında və adekvat həyata keçirilən siyasəti ilə onu tənzimləməməsi miqrasiyanın qeyri-leqal müstəviyə, “kölgəyə” çəkilib getməsini və daha da təhlükəli şəkil almasını şərtləndirir. Hazırda miqrantların gəldikləri ölkələrdə cəmiyyətə inteqrasiyası da qlobal problemə çevrilir.

Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Miqrasiya axınları insanları istər-istəməz ən azı iki dövlətlə bağlı vəziyyətə gətirir. Milli kimlik məsələləri həssas durumda qalır. Miqrasiya axınları dövlətin ərazi bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Öz mədəniyyətlərinin daşıyıcıları olan miqrantlar “mədəniyyətlərin toqquşması” vəziyyətini yaradır. Özünütəcrid edən “miqrant anklavlarının” yaranması sosial gərginlik mənbəyi kimi təhlükəli hal alır.

Buna görədir ki, elmi şəkildə əsaslandırılmış miqrasiya nəzəriyyəsinin olmaması arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Miqrasiyanın təsir etdiyi sahələrdən biri də sosial təhlükəsizlik sahəsidir. Bu əsasən də paytaxt-meqapolislərdə daha aktual hiss olunan məsələdir. Meqapolislərdə əmək bazarının vəziyyəti, həyat səviyyəsinin yüksək olması və digər məsələlər, miqrantları cəlb edən amillərdəndir. Ümumiyyətlə, meqapolis dedikdə, yaşayış imkanlarının, həyat səviyyəsinin başqa şəhər yaxud da əyalətlərlə müqayisədə daha yüksək olduğu, burda yaşayan sakinlərin öz həyat tərzinə malik olduğu, özünəməxsus keyfiyyətləri ilə səciyyələnən sosial-ərazi birliyidir. Paytaxt-meqapolislərdə sosial təhlükəsizliyin təmin olunması çox vacib məsələdir. Bir çox ölkələrdə bu məqsədlə paytaxt meqapolislərdə miqrantlar üçün kvotalar müəyyən edilir. Miqrant axını nəticəsində əhalinin etnik, mədəni, sosial tərkibində baş verən dəyişikliklər daha tez müşahidə olunur.

Hazırda əksər ölkələrdə paytaxtda məskunlaşan gəlmələrə qarşı yaşanan “miqrantofobiya” hissləri, onun açıq-aşkar təzahürləri bu fenomenin daha dərindən elmi təhlil olunmasını gündəmə gətirmişdir. Miqrantofobiya özünə əks- reaksiya kimi kütləvi iğtişaşların yaranmasına, konkret ölkədə ictimai-siyasi sabitliyin pozulmasına səbəb ola biləcək potensial riskləri reallaşmasına gətirib çıxara bilər. Son illərdə Avropada, xüsusilə də Fransada miqrant iğtişaşları dalğası səngimək bilmir. Proseslərdən çıxış yollarını axtarmaq Fransa kimi klassik demokratiyaya aid edilən ölkədə qeyri-standart tədbirlərin görülməsinə səbəb olmuşdur. Misal kimi, ölkə ərazisindən qaraçıların çıxarılmasına dair qəbul edilən qərarı və onun insan hüquqlarına zidd olması barədə aparılan geniş diskussiyalara səbəb olmasını göstərə bilərik.

Eləcə də, Rusiya Federasiyasında 2010-cu ilin 11 dekabr tarixində Manej meydanında baş verən millətçilərin və miqrantların arasındakı kəskin qarşıdurma dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. İğtişaşlar zamanı səslənən əsas şüarlardan biri “Rusiya ruslar üçündür” olmuşdur ki, bu da ölkəyə gələn mühacirlərə qarşı münasibətin pis olduğunun göstəricisidir.

Bu baxımdan, fikrimizcə, miqrasiya haqqında qanunlar və ya konsepsiyaların hazırlanması zamanı miqrasiyanın yalnız sosial və ya demoqrafik təhlükəsizlik sahəsinə aid edilərək onun məhdudlaşdırılması nəinki məqsədəuyğun deyil, həmçinin mövcud miqrasiya reallığına cavab verən milli təhlükəsizlik siyasətinin daha uğurla təmin edilməsinə maneə yarada bilər.(Azərbaycan Respublikasının “Miqrasiya haqqında” Qanununda hal-hazırda belədir.)

Miqrasiya və təhlükəsizliyin qarşılıqlı əlaqəsini izah etmək üçün əvvəlcə, bir-birindən fərqli olan iki məsələyə aydınlıq gətirilməsi tələb olunur.

1.Təhlükəsizlik probleminin mahiyyətində nə kimi dəyişikliklər baş vermişdir ki, miqrasiya mövzusunun onun əhatə dairəsinə daxil edilməsi zərurətə çevrilmişdir?

2.Dünya yaranandan bəri mövcud olan miqrasiya prosesləri hansı miqyaslaradək genişlənmişdir ki, bunun nəticəsində o artıq milli təhlükəsizlik üçün təhdid sayıla biləcək xüsusiyyətlər kəsb etməyə başlamışdır?

Bu suallara cavab vermək üçün transmilli miqrasiyanın bu günkü vəziyyətini və insanların təhlükəsizliyə dair təsəvvürlərini təkamülünü də göz önünə gətirmək, dünya elmində qeyd olunan sahələrin qarşılıqlı təsirini tədqiq edilməsinin vacibliyinin nə vaxt dərk edildiyini yada salmaq zəruridir.

XX əsrin 70-ci illərində Asiya və Afrikadan inkişaf etmiş Avropa ölkələrinə və Amerikaya insan axınının-miqrasiyanın növbəti, ən böyük dalğası başladı. Buna paralel olaraq da, miqrasiyanın milli təhlükəsizlik məsələsi ilə qarşılıqlı bağlılığı get-gedə daha çox müzakirə olunmağa başladı. Milli təhlükəsizliyin yalnız hərbi-siyasi üsullarla deyil, həm də iqtisadi, sosial-demoqrafik, hüquqi və mədəni-mənəvi vasitələrlə də təmin edilməsinin vacibliyi etiraf olundu.

Miqrasiyanın milli təhlükəsizlik məsələləri ilə bağlı olmasının aktuallığının dərk edilməsini beynəlxalq münasibətlər və təhlükəsizliyə dair nəzəriyyələrin təkamülünü izləməklə də müşahidə etmək olar.

Belə ki, məsələn 60-90-cı illərdə beynəlxalq münasibətlər elmində mövcud olan neorealizm nəzəriyyəsinə görə, dövlətin təhlükəsizliyi haqqında elmin predmeti əsasən xarici hərbi və geosiyasi təhlükələr ola bilər. Yəni, başlıca təhlükələr ölkənin sərhədlərinin hüdudları xaricindən gələ bilər və hərbi xarakter daşıya bilər. Həm də bu zaman təhlükənin yönəldiyi yeganə obyekt-dövlət ola bilər (7). Məlum oldu]u kimi, neorealizmin əsas müddəası-milli maraqlar anlayışıdır (8). Neorealistlərin fikrinə görə, miqrasiya ölkənin daxili problemlərinə aiddir və təhlükəsizliyin təmin olunması məsələləri ilə bilavasitə bağlı deyil (9).

Ötən əsrin 90-cı illərində məhz neorealistlərdən biri - S.Uolt belə mövqeləri kəskin tənqid etməyə başladı. O belə bir fikri əsas tuturdu ki, milli təhlükəsizlik olduqca geniş bir anlayış olmalıdır. Bu mövqeni dəstəkləyərək təhlükəsizlik anlayışını sahələr və bölmələr üzrə genişləndirərək ilk nəzəri modelini verən alim isə Barri Buzan olmuşdur. O, təhlükəsizlik anlayışını genişləndirərək buraya beş sahəni əlavə etmişdir:

1. Hərbi təhlükəsizlik;

2. Siyasi təhlükəsizlik (dövlət quruluşunun, hakimiyyəti sabitliyi);

3. İqtisadi təhlükəsizlik (resurslar, maliyyə sabitliyi, bazar);

4. Sosial təhlükəsizlik;

5.Təbii-ekoloji təhlükəsizlik; (ətraf mühitin mühafizəsi) (10)

Sadalanan sahələr üzrə təhlükəsizlik nəzəriyyəsinin geniş yayılması, təbii olaraq, miqrasiyanın da milli təhlükəsizlik problemləri əhatəsinə daxil edilməsini dərk etməyə doğru mühüm addım oldu. Eyni zamanda növbəti daha bir xüsusiyyətin aşkara çıxarılması üçün zaman lazım idi: miqrasiya potensial təhlükə mənbəyi kimi yalnız dövlətə deyil, həm də cəmiyyətə, iqtisadi həyata, sosial vəziyyətə də təhdidlər yarada bilər. Bunu isə təhlükəsizliyin obyektinin yalnız dövlət sayıldığı neorealizm nəzəriyyəsi çərçivəsində izah etmək qeyri- mümkün idi.

Qeyd olunan bu məsələni “postpozitvizm” nəzəriyyəsi yerinə yetirə bildi. Miqrasiyanın siyasi hadisə kimi təhlükəsizlik aspektində nəzərdən keçirilməsinə isə ilk dəfə C.Huysmans özünün “Miqrasiya prosesləri və Avropa identikliyi” əsərində cəhd etdi (11). Təqribən həmin vaxtdan etibarən miqrasiyanın təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi tədqiqi elmi dairələrdə diqqət mərkəzinə gəldi. Artıq 1993-cü ildən başlayaraq miqrasiya problemi ilə bilavasitə cəmiyyətin təhlükəsizliyi üçün potensial təhdid yaradan mənbə aspektində dərindən məşğul olmağa başlayan, bir sıra Avropa elmi məktəbləri (Kopenhagen məktəbi), tədqiqat istiqamətləri yaranmağa başladı.

Miqrasiya ilə milli təhlükəsizliyin bir-biri ilə sistemli bağlılığını sübut etməyə ilk cəhd edən alim isə Mayron Vayner olmuşdur. Öz əsərlərində M.Vayner miqrasiyada mənbə və təyinat ölkələrinin hansı qəbildən olan təhlükələrlə üzləşə biləcəyini sistemləşdirməyə cəhd etmişdir. Onun fikrinə görə, miqrasiya ilə milli təhlükəsizlik məsələləri bir-biri ilə dörd sahədə daha sıx qarşılıqlı əlaqədədir:

1.Siyasi sahədə;

2. Sosial-iqtisadi sahədə;

3.Mədəni sahədə;

4.Qanunvericilik sahəsində; (12).

M.Vayner yazır ki, artıq miqrasiya, qaçqınlar və məcburi köçkünlər problemi təkcə əmək və əhali, miqrasiya nazirlərinin məsələsi deyildir. Bu yalnız beynəlxalq siyasət məsələsi də deyil. Bu artıq həm də qlobal və milli təhlükəsizlik kimi prioritet məsələnin tərkib hissəsidir. Miqrantlar dövlətlər daxili və dövlətlər arası münaqişələrin səbəbkarları qismində beynəlxalq gündəmdə əsas məsələyə çevrilməkdədir.

Əgər immiqrantların tərk etdikləri dövlətlə, onları qəbul edən ölkənin siyasi quruluşları müxtəlifdirsə, o zaman burada sabitlik üçün təhlükə yarana bilər. Hətta, bu halda immiqrantların qəbul edilməsi belə ciddi beynəlxalq qalmaqal yarada bilər. Bunun əksi olan hal da mümkündür-yəni mənbə ölkə özündə qeyri-sabitlik yaradan insanlardan bu yolla xilas olsa da, təyinat ölkəsi bu immiqrantların yeni pozuculuq fəaliyyətinin nəticələrindən əziyyət çəkə bilər. İmmiqrantlar hətta terror və s. cinayət tərkibli aktlar törətməklə, qəbul edən ölkənin siyasəti sabitliyinə təsir edə bilər. XXI əsrin əvvəllərindən başlayaraq, ABŞ-da və Avropanın bir sıra ölkələrində baş verən terror aktları buna misal ola bilər.

Bəzi hallarda cəmiyyət obyektiv mədəni fərqlər səbəbindən immiqrantları qəbul edə bilmir. Bununla əlaqədar hətta deyirlər ki, məhz miqrasiya və təhlükəsizlik arasındakı bağlılığın artması “sivilizasiyaların” və “mədəniyyətlərin toqquşması” haqda nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. İmmiqrantların əmək bazarında vəziyyəti kəskinləşdirməsi də sosial gərginliyin artmasını şərtləndirə bilər.

Belə bir reallıq da mövcuddur ki, müasir dövrdə immiqrasiya get-gedə daha çox “cinayətkarlıq” anlayışı ilə yanaşı işlədilməyə, onunla eyniləşdirilməyə əsas yaratmışdır. Dövlətlərarası sərhədləri keçmək imkanları çoxaldığı üçün cinayətkarların təqib olunması çətinləşmişdir. Bundan əlavə bəzi cinayət növləri vardır ki, onlar artıq ənənəvi olaraq immiqrantlar tərəfindən törədilir. Buraya ən çox qaçaqmalçılıq və sərhədi qanunsuz keçməklə bağlı olan cinayətlər daxildir. Yerli əhali ilə müqayisədə immiqrantlar arasında cinayətkarlıq səviyyəsi daha yüksək olur.

Sübut edilməsinə ehtiyac olmayan problemlər sırasında milli təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri də beynəlxalq terrorizm hadisəsidir. 2001-ci ilin 11 sentyabr hadisəsi göstərdi ki, terrorizm təhlükəsi artıq beynəlxalq-qlobal təhdidə çevrilmişdir. Bu da miqrasiya mənbəli təhdidlər arasında özünəməxsus yer tutur.

Qeyd etdiyimiz kimi, beynəlxalq miqrasiyanın miqyasının artması ölkələr arası sərhədlər anlayışının ilkin mənasının dəyişməsinə səbəb olur. “Beynəlxalq terrorist bir ölkədə yaşaya, digərində pul əldə edə, üçüncüdə silah ala, dördüncüdə isə hücumları həyata keçirə bilər” (13).

Bu və digər məsələlər miqrasiya və təhlükəsizlik məsələlərinin xüsusi tədqiq edildiyi beynəlxalq münasibətlər nəzəriyyəsinin-sekuritisaziyanın (sekuritologiyanın) yaranmasını şərtləndirmişdir. Onun müəllifi Ole Veverə görə, miqrasiyanın hansı konkret halda təhlükəsizliyin mənbəyi olması əsas məsələdir. Bu isə demək olar ki, dövlət siyasətinin bütün sahələri ilə əlaqədardır. Burada mühüm məqamlardan biri də miqrasiyanın müstəsna olaraq yalnız mənfi proses kimi, heç bir müsbət məzmuna malik olmayan bir hadisə kimi nəzərdən keçirilməsinin qəbul edilməz olmasıdır.

O.Veverin “sekuritizasiya” nəzəriyyəsinin başlıca anlayışı təhlükəsizlikdir. O hesab edir ki, dövlətin təhlükəsizlik siyasətinin başlıca funksiyası-təhdid mənbələrinin zərərsizləşdirilməsidir. Təhdidlər hər an real təhlükəyə çevrilə bilər. Əgər dövlət bu sahədə heç bir qərar qəbul etmirsə, qalan tədbirlər də əhəmiyyətini itirmiş olur. Təhlükəsizlik istənilən dövlətin siyasi kursunun həyata keçirilməsinin əsaslandırılmasında həlledici rol oynayır. Çünki yalnız bu aspektdən baxanda problemlər “ölüm və ya olum” müstəvisində nəzərdən keçirilir, təxirəsalınmaz xarakter kəsb edir. Beləliklə də sekuritisaziya prosesində hadisələr təhlükəsizlik sferasına daxil edilir və təhlükə kimi nəzərə alınır. Eyni zamanda “təhlükəsizlik” anlayışının özünün də məzmunu dəyişir, miqrasiya kimi problemlərin əhatə etdiyi məzmunla tamamlanır, dinamik və daim yeniləşən bir prosesə çevrilir (14).

Miqrasiya və təhlükəsizlik məsələlərinin qarşılıqlı bağlılığını vurğulayan və aşkara çıxaran yeni siyasi nəzəriyyələrə görə müasir dövrdə təhlükəsizliyin təmin edilməsinin həm məntiqi, həm də üsulları və vasitələri dəyişikliyə uğrayır. Bu baxımdan təhdid və risklərin nəticələri ilə mübarizə aparmaqdan ibarət olan hərbi-siyasi məntiqdən, risk və təhlükələrin önlənməsi, onların qarşısını alan preventiv mübarizənin aparılması və tənzimlənməsindən ibarət olan idarəetmə məntiqinə keçid alınır. Təhlükələrin önlənərək idarə edilməsi, onların minimuma endirilməsi və baş vermə ehtimalının yox edilməsi taleyüklü məsələyə çevrilir. Bütün bunların ən mühüm məntiqi nəticəsi isə-problemlərin həllində dövlətlə yanaşı, toplumun, vətəndaş cəmiyyəti təsisatlarının, hər bir insanın yaxından iştirakının nəzərdə tutulmasıdır.

Müasir dövrdə heç bir suveren dövlət düşünülmüş miqrasiya siyasətini formalaşdırmadan öz milli təhlükəsizliyin, insan və əmək resurslarının optimal balansını, davamlı sosial-iqtisadi yüksəlişini, firavanlığını təmin edə bilməz. Uğurlu miqrasiya siyasəti aydın məqsədlər, vəzifələr və funksiyalarına, prioritetin hədəflərinə, bu siyasəti dəyərləndirmə meyarlarına əsaslanır. Bütün bunların isə öz növbəsində elmi obyektiv, nəzəri və təcrübi cəhətdən mükəmməl işlənmiş miqrasiya konsepsiyası, proqram və doktrina xarakterli digər təməllər üzərində qərar tutur.

Miqrasiya siyasəti paradoksal olaraq situasiya və reallıqla ən çox bağlı olan, praqmatik və strateji istiqamətlərinin ən sıx çulğaşdığı sahədir. Bu baxımdan miqrasiya siyasəti nəzəri baxımdan nə qədər mükəmməl olsa da, çevik reallığı nəinki izləməli, müşayiət etməli, daha çox onu önləməli, proqnostik – analitik təminata malik olmalıdır. Bu barədə bir qədər sonra bu yanaşmalara yekun kimi qeyd etmək lazımdır ki, optimal miqrasiya siyasəti həm nəzəri-konseptual, həm də praktiki tədbirlərin vəhdətindən çıxış edir. O cümlədən hər üç mövqenin sintezi mühüm şərt olmaqla bərabər səmərəli miqrasiya siyasəti üçün kifayət deyildir. Beləliklə, müasir miqrasiya fenomeni, miqrasiya axınları, miqrasiya şəraiti, onların dinamikası və perspektivlərinə dair kompleks təsəvvürlərin daim dəyişməsi müvafiq olaraq yeni yanaşmaların və yeni elmi istiqamətlərin formalaşmasını şərtləndirir (15).



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin