MÜASİR DÖVRDƏ DİN
5.1.Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür. Onlardan geniş yayılmışlarını nəzərdən keçirək.
Sekulyarlaşma nəzəriyyəsi
“Sekulyarlaşma” termini latın dilində “dünyəvi” mənasına gələn “saecularis” sözündən yaranmışdır. Tarixdə ilk dəfə “sekulyarlaşma” termini XVII əsrdə istifadə olunmuşdur. İlk vaxtlar, bu termin kilsənin torpaq mülkiyyətinin dünyəvi hakimiyyətin idarəçiliyi altına keçməsi anlamında işlədilirdi. Zamanla sekulyarlaşma anlayışı daha geniş mənalar qazandı.
Sosiologiya elmində sekulyarlaşma dedikdə, cəmiyyət və fərdlərin dinin təsirində azad olunması nəzərdə tutulur. Sekulyarlaşma nəzəriyyəsinə görə, elm və texnologiyanın inkişafı, bəşəriyyətin tərəqqisi nəticəsində yer üzündə dünyəviləşmə prosesləri get-gedə güclənəcək, nəticədə din bir dünyagörüşü kimi tamamilə yoxa çıxacaqdır. Hələ Ogüst Kont (1798-1857), Karl Marks (1818-1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber (1864-1920) kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.
XX əsrdə bu nəzəriyyə Tolkott Parsons (1902-1979), Brayan Ronald Vilson (1926-2004), Tomas Lukman (1927-2016) kimi Qərb sosioloqları tərəfindən inkişaf etdirilmişdir. Onlardan Brayan Ronald Vilson sekulyarizasiyanı “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. Onun fikrincə, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir.
Sosioloqların fikrincə, sekulyarlaşma üç səviyyədə baş vermişdir:
1. Makro səviyyə. Bu tarixi mərhələdə cəmiyyətin siyasi həyatı dini təşkilatların və ideyaların təsirindən azad olunmuş, yəni dövlət ilə din bir-birindən ayrılmış, dini etiqad və vicdan azadlığı elan olunmuşdur. Dini idealların yerini demokratik prinsiplər və ümumbəşəri dəyərlər tutmuşdur;
2. Orta səviyyədə. İctimai həyatın mədəni, intellektual və iqtisadi sahələri dinin təsirindən azad olunaraq müstəqillik qazanmışdır;
3. Mikro səviyyə. Dünyəviləşmə fərdi səviyyədə baş vermişdir. Din vətəndaşların şəxsi işinə, yəni hər kəsin fərdi seçim məsələsinə çevrilmişdir.
Bəşəriyyətin inkişaf tarixinə nəzər yetirdikdə sekulyarlaşma nəzəriyyəsini dəstəkləyən bir çox dəlillərin olduğunu görürük. Belə ki, Avropada XVI-XVII əsrlərdə yaşanan elmi inqilab, XVII-XVIII əsrlərdə maarifçilik hərəkatının geniş vüsət alması ilə orta əsrlərdə Qərb dünyasında hakim mövqedə dayanan və insanların şüuruna güclü təsir göstərən Roma Katolik Kilsəsinin dayaqları sarsıldı. Bütün bunlar isə nəticə etibarilə dinin ictimai həyatdan sıxışdırılaraq çıxardılmasına, Qərb dünyasında sekulyar ideyaların qələbə qazanmasına səbəb oldu. XVI-XVII əsrlərdə katolik kilsəsində islahatların aparılmasını tələb edən Reformasiya hərəkatı da dünyəviləşmə proseslərini sürətləndirdi. Qərb aləmindən dünyanın digər bölgələrinə sirayət edən dünyəvi dəyərlər az qala yer üzünün bütün regionlarında zəfər çaldı. Təsadüfi deyildir ki, müasir dövrdə dünyadakı ölkələrin mütləq əksəriyyəti dünyəvi dövlət quruluşuna malikdir.
Bununla yanaşı, “Pew Research Center” (Pyu Tədqiqat Mərkəzi) kimi nüfuzlu sosioloji araşdırma mərkəzlərinin apardığı sorğular və təhlillər də onu göstərir ki, Qərb ölkələrində özünü ateist və ya aqnostik kimi xarakterizə edənlərin sayında artım baş verir. Həmçinin Avropada ibadətə gələnlərin sayında kəskin azalma müşahidə olunduğu üçün kilsələrin bir çoxu bağlanır.
Sekulyarlaşma nəzəriyyəsinin tərəfdarlarına görə, sadalanan faktlar onu deməyə əsas verir ki, din və müasirlik arasında dərin uçurum mövcuddur, bəşəriyyətin elmi-texnoloji cəhətdən tərəqqisi isə dinin bir sosial institut kimi tarix səhnəsindən birdəfəlik silinməsinə, yaxud ən azı cəmiyyətdəki rolunun zəifləməsinə gətirib çıxardacaqdır.
Dostları ilə paylaş: |