MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə4/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

Bəhailik


Bəhailik XIX əsrin ikinci yarısında İranda yaranmışdır. Bu dinin formalaşmasında Babilik dini hərəkatının təlimi mühüm rol oynamışdır. Hərəkatın banisi Seyyid Əli Məhəmməd (1819-1850) sayılır. O, ilk dəfə təbliğatına 1844-cü ildə Şiraz şəhərində başlamışdır. Seyyid Əli Məhəmməd iddia edirdi ki, onun özü İslamın şiə ənənəsinə görə qeybə çəkilmiş İmam Mehdiyə açılan bir “Bab”dır (ərəbcə “qapı” deməkdir.- Red.). İran cəmiyyətinin aşağı və orta təbəqələrində özünə xeyli sayda tərəfdar toplaya bilən Babın ardıcılları babilər adlandırılmışlar. Bab iddialarında daha da irəli gedərək özünü Mehdi elan etmiş və “Bəyan” adlı kitab qələmə almışdır.
Qeyd edək ki, babilərin uğur qazanmasından narahat olan İranın hakim dairələri XIX əsrin 40-cı illərinin sonunda sözügedən dini hərəkatın yatırılması istiqamətində qətiyyətli tədbirlərə əl atmışdır. Babilər hərəkatının 20 min nəfərədək tərəfdarı qətlə yetirildi, sağ qalan babilər isə qonşu ölkələrə qaçmaq məcburiyyətində qaldılar. Babın özü isə 1850-ci ildə edam edildi.
Babilər hərəkatının yatırdılmasına baxmayaraq, Babın qatı tərəfdarlarından olan Mirzə Hüseyn Əli (1817-1892) öz dini rəhbərinin işini davam etdirmiş, apardığı təbliğat sayəsində yeni dinin – bəhailiyin əsasını qoymuşdur. Belə ki, o, 1863-cu ildə Bağdadda sürgündə ikən Bab tərəfindən gəlişi əvvəlcədən xəbər verilən Məsih olduğunu iddia etmişdir. Bundan sonra Babın tərəfdarlarının böyük hissəsi “Bəhaullah” (“Allahın Cəlalı”) kimi məşhurlaşan Mirzə Hüseyn Əlinin ardınca getmişlər.
Dəfələrlə həbs olunan, həyatının 40 ilini sürgünlərdə keçirən, təqiblərə məruz qalan Bəhaullah 1892-ci ildə 75 yaşında Osmanlı imperiyasının ucqar bölgəsi olan Akko şəhərində (hazırda İsrail ərazisində yerləşir.- Red.) dünyasını dəyişmişdir. Onun yolunu oğlu Əbdülbəha, daha sonra isə nəticəsi Şövqi Əfəndi davam etdirmişdir.
Bəhaullah yüzə yaxın kitabın müəllifidir. Bəhailər inanırlar ki, bu əsərlər Allah tərəfindən vəhy ilə nazil olmuşdur. Həmin əsərlərdən ən məşhurları bunlardır: “Kitabi-Əqdəs” (“Ən müqəddəs kitab”), “Kitabi-İqan” (“Yəqinlik kitabı”), “Kəlimət-i-Məknunə” (“Gizli kəlamlar”).
Bəhailiyin etiqad əsaslarına gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, bu din bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan monoteist dindir. Belə ki, Bəhai dininin əsas prinsipləri aşağıdakılardır:
1. Allah birdir.
2. Bütün dinlər birdir.
3. Bəşəriyyət birdir. Cəmiyyətin müxtəlif təbəqələrinə aid olan bütün irqlər, millətlər, dinlər və silklər Allah qarşısında birdir.
4. İnsanlar müqəddəs ruha möhtacdırlar.
5. Hər bir insan haqqı müstəqil olaraq axtarmalıdır.
6. Elm və din harmonik olaraq bir-birini tamamlamalıdır. Hər hansı bir din elmə ziddirsə, doğru deyil. Elm dinsiz olduqda mövhumatdır.
7. İnsanlar hər cür mövhumatdan imtina etməlidirlər.
8. Kişilər və qadınlar quşun qanadı kimi bərabərdirlər.
9. Hər bir uşaq möhkəm əsası olan təhsil hüququna malikdir.
10. İqtisadi problemlərin mənəvi həlli vardır.
11. Bəşəriyyətə beynəlxalq köməkçi dil lazımdır.
12. Bəşəriyyət dünya dövlətləri tərəfindən dəstəklənən ümumbəşəri sülhü yaratmalıdır.
Bəhailikdə İslamda olduğu kimi namaz, oruc, zəkat və həcc ibadətləri mövcuddur. Lakin bu dini ayinlərin yerinə yetirilmə şəkli tamamilə fərqlidir. Bəhailərə görə, namaz səmimi-qəlbdən Allahı zikr etmək deməkdir. Bu dində böyük, orta və kiçik namaz olmaqla üç fərqli namaz forması vardır. Onlardan birini qılmaq kifayətdir. İsrailin Akko şəhərində yerləşən Bəhaullahın məzarı bəhailərin qibləsi sayılır.
Bəhailikdə oruc 19 gün (mart ayının 2-dən 20-dək) tutulur. Bu zaman səhər gün çıxandan axşam gün batanadək yemək və içmək tam qadağandır.
Həcc ibadəti yalnız kişilərə və maddi imkanı çatanlara vacib sayılır. Bəhailərdə həcc mərasimi Babın Şiraz şəhərindəki evini və ya Bəhaullahın Bağdadda qaldığı evi ziyarət etməklə yerinə yetirilir.
Hazırda dünyanın bir sıra ölkələrində bəhailərin icmaları mövcuddur. Dünyada Bəhai dininin mənsublarının sayı 6 milyondan yuxarıdır. Bəhai dininin ali ruhani və inzibati orqanı olan Ümumdünya Ədalət Evinin qərərgahı İsrailin Hayfa şəhərində yerləşir. Ümumdünya Ədalət Evinin üzvləri hər beş ildən bir keçirilən qurultayda bütün Milli Ruhani Məhfilin (regional idarəetmə orqanı.- Red.) üzvləri tərəfindən kişilər arasından seçilirlər.
Yerli bəhai icmalarının fəaliyyəti isə ildə bir dəfə seçilən və doqquz üzvdən ibarət olan Yerli Ruhani Məhfillər tərəfindən tənzimlənir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində 30 mindən çox Yerli Ruhani Məhfil və 179 Milli Ruhani Məhfil fəaliyyət göstərir.
Qeyd edək ki, Bəhai dininin Azərbaycandakı tarixi kökləri XIX əsrə gedib çıxır. Çar Rusiyası dövründə Bakıda, xüsusilə Balaxanıda, həmçinin Gəncə, Ordubad, Bərdə və digər yerlərdə bəhai dini icmaları mövcud idi. 28 aprel 1920-ci ildə bolşeviklər Azərbaycanda zorla hakimiyyətiə ələ keçirdikdən sonra bəhai icmalarının fəaliyyətinə son qoydular.
Hazırda respublikamızda bəhailərin əsas fəaliyyət dairəsi Bakı və Sumqayıt şəhərlərini əhatə edir.



Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin