MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə3/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

5.2. Yeni dini hərəkatlar

Bu gün dünyada qədim tarixə malik olan ənənəvi dinlərin mənsubları ilə yanaşı, XIX əsrdə və sonrakı dövrdə meydana gəlmiş dini təşkilatların, cərəyanların, qrupların ardıcılları da yaşayırlar. Ənənəvi din və konfessiyalardan ayrılaraq yaranmış bu dini fenomenlər dinşünaslıqda yeni dini hərəkatlar adlanır. Tədqiqatçıların hesablamalarına görə, hazırda yer üzündə yüzlərlə yeni dini hərəkat mövcuddur. Bunlardan bəzilərinin mənsublarının sayı milyonlarla ölçüldüyü halda, əksəriyyətində bu rəqəm yüzü belə keçmir.


Müasir dünyada geniş yayılmış yeni dini hərəkatlardan bəzilərinə nəzər yetirək.
Yehovanın Şahidləri” dini təşkilatı

Hazırda dünyanın 240-dan çox ölkəsində 8 milyondan yuxarı mənsubu olan “Yehovanın Şahidləri” dini təşkilatının əsası XIX əsrin 70-ci illərində ABŞ-ın Pittsburq şəhərində amerikalı tacir Çarlz Teyz Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. O, 1879-cu ildən “Sion Keşikçi qülləsi və İsa Məsihin müjdəçisi” adlı jurnal (hazırda “Keşikçi Qülləsi” kimi tanınır.- Red.) buraxmış, “Keşikçi Qülləsi, İncillər və Traktatlar Cəmiyyəti”ni təsis etmiş, onun ilk prezidenti seçilmişdir. Cəmiyyət üzvləri Bibliyanı öyrəndikləri üçün “Müqəddəs Kitabı tədqiq edənlər” kimi məşhurlaşmışlar.


Bununla yanaşı, Ç.T.Rassel iddia etmişdir ki, 1914-cü ildə İsa Məsihin ikinci gəlişi baş verəcək, qiyamət qopacaq, əksər insanlar, o cümlədən “yalançı xristianlar” məhv olacaq, təkcə həqiqi möminlər nicat tapacaq və yer üzündə qurulacaq Səmavi Səltənətdə əbədi həyat sürəcəklər. Lakin onun 1914-cü il haqqında xəbəri gerçəkləşməmiş, bundan sonra o, yeni iddia ilə çıxış etmişdir. Onun iddiasına görə, 1914-cü ildə səmada İsa Məsih taxta çıxmış və bununla da İlahi Padşahlıq qurulmuşdur. Səmadan yer üzünü idarə etməyə başlayan İsa Məsih taxta çıxan kimi İblisi və onun cinlərini göydən yerə atmışdır. Bundan bərk qəzəblənən şeytan bütün dünyanı zülmə qərq etmişdir. O vaxtdan bəri bəşəriyyətin dərd-bəlası günü-gündən artmış, müharibələr, qıtlıqlar, epidemiyalar, zəlzələlər baş alıb getmişdir. Bütün bunlar isə tezliklə yer üzündə İlahi Padşahlığın qurulacağından xəbər verirdi. Ç.T.Rassel hesab edirdi ki, Armageddon (İsa Məsih və İblis arasında müharibə.- Red.) müharibəsində qələbə qazanacaq İsa Məsih yer üzünü 144 000 seçilmiş insan ilə birgə göylərdən idarə edəcəkdir.
Ç.Rasselin vəfatından sonra Keşikçi Qülləsi, İncillər və Traktatlar Cəmiyyətinə onun yaxın silahdaşı Cozef Franklin Ruterford rəhbərlik etmişdir. Lakin onun vaxtında cəmiyyət daxilində parçalanma baş vermişdir. Bu səbəbdən C.F.Ruterford öz tərəfdarları ilə birgə başqa təşkilat qurmuşdur. O, 1931-ci ildə rəhbərlik etdiyi təşkilatı “Yehovanın Şahidləri” adlandırmışdır.
C.F.Ruterforddan sonra “Yehovanın Şahidləri” təşkilatına Natan Norr (1942-1977), Frederik Uilyams Frens (1977-1992), Milton Corc Henşel (1992-1999), Don Adams (1999-2014), Robert Siranko (2014) rəhbərlik etmişlər.
Xristianlığın antitrinitarizm cərəyanına daxil olan “Yehovanın Şahidləri” bütün xristian dünyasının yekdilliklə qəbul etdiyi bir sıra ehkamları, məsələn, Müqəddəs Üçlüyü, yəni Tanrının üç ilahi sifətdən ibarət olmasını (Ata, Oğul və Müqəddəs Ruh.- Red.) inkar edirlər. Digər xristianlardan fərqli olaraq, onlar xaç çevirmir, ibadətlərində surət, rəsm, təsbeh, ikona kimi əşyalardan istifadə etmirlər. Yehovaçılar inanırlar ki, ənənəvi xristian kilsələri Müqəddəs Üçlük, ölümdən sonra ruhun dirilməsi, cəhənnəm əzabı barədə ehkamları qəbul etməklə İsa Məsihin həqiqi təlimini təhrif etmişlər. Onların fikrincə, İsa Məsih möcüzəvi şəkildə dünyaya gəldiyi üçün Tanrının oğludur, amma onun bərabəri deyildir. O, Rəbbin seçilmiş qulu və elçisidir. Tanrı İsa Məsihi bütün bəşəriyyət üzərinə hökmdar təyin edib. İnsanlar məhz İsa Məsih vasitəsilə xilas olacaqlar.
Yehovaçılar əbədi əzaba və ruhun ölümsüzlüyünə inanmırlar. Onların etiqadına görə, Armageddonda İsa Məsih Tanrının ordusuna başçılıq edərək insanlar tərəfindən qurulan hökumətlərlə müharibə aparacaq, onları məğlub edərək insanın yer üzündəki hökmranlığına son qoyacaqdır. Bununla da xeyir şər üzərində, ilahi hakimiyyət dünyəvi hakimiyyət üzərində qələbə qazanacaqdır.
“Yehovanın Şahidləri” dini təşkilatında sərt nizam-intizam hökm sürür. Təşkilata iyerarxik idarə üsulu xasdır. Yehovaçılar bunu “teokratik idarə” adlandırırlar. Çünki öz təşkilatlarını Tanrı tərəfindən seçilmiş sayırlar. Yehovaçılar vətən və millət anlayışını qəbul etmir, dünyəvi dövlətin atributlarına ehtiram göstərmir, milli adət-ənənələrə ikrah hissi ilə yanaşırlar. Həmçinin ali təhsil almağı, hərbi xidmət çəkməyi, seçkilərdə iştirak etməyi, ad gününü, dövlət bayramlarını və milli şənlikləri qeyd etməyi, əyləncələrə qatılmağı haram hesab edirlər. Bununla yanaşı, “Yehovanın Şahidləri” qanköçürmədən və qan tərkibli qidaların qəbulundan imtina edirlər.
Qeyd edək ki, “Yehovanın Şahidləri” dini təşkilatı Azərbaycanda ötən əsrin 90-cı illərin əvvəllərindən fəaliyyət göstərməyə başlamışdır.



Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin