Beynəlxalq Krişna Şüuru Cəmiyyəti – 13 iyul 1966-cı ildə Nyu-Yorkda (ABŞ) benqallı rahib A.Ç.Bhaktivedanta Svami Prabhupada (1896-1977) tərəfindən yaradılmış beynəlxalq dini təşkilatdır. “Hare Krişna” hərəkatı kimi də məşhur olan bu təşkilatın mənzil-qərargahı Hindistanın Qərbi Benqaliya ştatının Mayapur qəsəbəsində yerləşir. Təşkilatın ali idarə orqanı Rəhbərlik Şurasıdır. Hazırda şuranın üzvlərinin sayı 36 nəfərdir. Sözügedən cəmiyyətə 500-dək dini mərkəz, məbəd və ekoqəsəbələr, 100-dək vegetarian restoran, minlərlə yerli icma və kiçik dini qruplar daxildir. Həmçinin onun nəzdində Bhaktivedanta institutu və Bhaktivedanta kolleci fəaliyyət göstərir.
Beynəlxalq Krişna Şüuru Cəmiyyəti etiqad baxımından Hinduizm dininin Vayşnavizm (vişnuizm) cərəyanının Qaudiya-vayşnavizm istiqamətinə aiddir. Qaudiya-vayşnavizmin banisi Çaytanya Mahaprabhu (1486-1534) sayılır. Bu hinduist cərəyanın mənsubları vayşnavlar və ya krişnaçılar adlandırılırlar. Onlar Krişnaya pərəstiş göstərərək onu Tanrının ali sifəti kimi qəbul edirlər. Krişnaçıların inancına görə, Hinduizmdə ali tanrı hesab olunan Vişnu tanrı Krişanın mücəssəməsidir. Lakin Vayşnavizmin digər cərəyanlarının mənsubları Vişnunun özünü ali tanrı sayırlar. Məhz Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin təbliğatı nəticəsində Qaudiya-vayşnavizm Hindistanın hüdudlarını aşaraq dünyanın digər ölkələrində yayılmışdır.
Sözügedən cəmiyyətin dini-fəlsəfi təlimi “Bhaqavat-gita”, “Bhaqavata-purana” və “Çaytanya-çaritamrita” kimi Hinduizmin müqəddəs kitablarına əsaslanır. 1960-1970-ci illərdə A.Ç.Bhaktivedanta Svami Prabhupada bu dini mətnləri sanskrit və benqal dilindən ingilis dilinə tərcümə edərək onlara şərhlər yazmışdır. Xüsusən “Bhaqavat-gita olduğu kimi” adlı kitab Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvləri arasında böyük nüfuza malikdir. “Bhaqavat-gita”nın tərcüməsi olan həmin əsər, eyni zamanda özündə A.Ç.Bhaktivedanta Svami Prabhupadanın Qaudiya-vayşnavizm ənənəsinə uyğun olan şərhlərini ehtiva edir. “Bhaqavat-gita olduğu kimi” kitabının çapını “Bhaktivedanta Buk Trast” nəşriyyatı həyata keçirir. Bu nəşriyyatın məlumatına görə, 80-dən çox dilə tərcümə olunmuş “Bhaqavat-gita olduğu kimi” kitabı yüz milyondan yuxarı tirajla buraxılmışdır.
Vegetarian həyat tərzi sürən krişnaçılar bu qidalanma sisteminin dünyada təbliğinə böyük önəm verirlər. Təsadüfi deyildir ki, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin nəzdində vegetarian qidanın dünyada yayılması üzrə ən böyük humanitar missiyalardan biri olan “Hare Krişna – həyatın qidası” təşkilatı fəaliyyət göstərir.
Yoqa və meditasiya krişnaçıların dini həyatlarında mühüm yer tutur. Onlar yoqanın dörd növündən biri olan bhakti-yoqanı tətbiq edirlər. Bhakti-yoqa təliminə görə, hər canlının həyatının əsas məqsədi Tanrıya, yaxud rəbb Krişnaya sədaqət və məhəbbətlə xidmət göstərməkdir.
Hər gün yoqa ilə məşğul olan krişnaçılar müxtəlif mantraları təkrarlamaqla dini ayinlərini yerinə yetirirlər. Mantra - sanskrit dilində “təfəkkür aləti” mənasına gəlir; meditasiya məqsədilə təkrarlanan sanskritcə səslər, hecalar, sözlərdir. Hinduizmin ardıcıllarına görə, mantralar böyük psixoloji və mənəvi təsirə malikdir. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları kollektiv şəkildə meditasiya edərkən daha çox “Hare Krişna” mantrasını oxuyurlar. Həmin mantra sanskritcə belə səslənir: Hare Krişna, Hare Krişna, Krişna Krişna, Hare Hare; Hare Rama Hare Rama, Rama Rama, Hare Hare. Krişnaçılar bu mantranı təkcə ibadətgahlarda deyil, həm də ictimai yerlərdə musiqi sədaları altında oxuyur, beləliklə həm ianə yığır, həm də etiqadlarını təbliğ edirlər. Bununla yanaşı, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvləri festivallar və yoqa üzrə seminarlar keçirmək, dekorativ-tətbiqi sənətlərini nümayiş etdirmək, eləcə də ucuz qiymətə öz dini ədəbiyyatlarını satmaq yolu ilə inanclarını yaymağa çalışırlar.
Krişnaçı rahiblər zəfəran və ya narıncı rəngli paltarlar geyinir, qadınlarla ünsiyyətdən tamamilə qaçır, mal-mülkdən imtina edir, sədəqə hesabına yaşayır, başlarının arxasında “şikxa” adlanan bir dəstə tük saxlamaqla saçlarını təmiz qırxır, bir sözlə zahidanə həyat sürməyə çalışırlar.
Qeyd etmək lazımdır ki, krişnaçılar Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyət göstərməyə başlamışlar. Təbliğatlarında uğur qazanmaq üçün onlar “Bhaqavat-gita olduğu kimi” və digər krişnaçı ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmişlər. Respublikamızda krişnaçıların əsas fəaliyyət dairəsi Bakı və Sumqayıt şəhərlərini əhatə edir. Eyni zamanda, Bakı şəhərində onların bir ibadətgahı mövcuddur.
Yeddinci günün adventistləri
Adventizm XIX əsrin əvvəllərində ABŞ-da yaranmışdır. Onun banisi Hampton şəhərinin (Nyu-York ştatı) baptist icmasının moizəçisi Vilyam Miller (1782-1849) hesab olunur.
İki il Bibliyanı tədqiq edən V.Miller 1818-ci ildə “Əhdi-Ətiq”in Daniel Peyğəmbərinin Kitabına istinad edərək belə qənaətə gəldi ki, təqribən 1843-cü ildə İsa Məsihin ikinci gəlişi baş verməlidir. Bundan sonra o, cəmiyyətdə tezliklə qiyamətin qopacağı ilə bağlı təbliğat aparmağa başladı. V.Miller öz dini ideyalarını çoxsaylı konfranslar, seminarlar vasitəsi ilə yayırdı. Onun təbliğatı nəticəsində milleritlər, yaxud adventistlər (latınca “adventus” – zühur etmək. –Red.) adlanan yeni protestant hərəkatın əsası qoyuldu. Zaman keçdikcə bu hərəkata on minlərlə insan qoşulmağa başladı. Bunun əsas səbəbi o idi ki, XIX əsrin əvvəllərində ABŞ-da yaşanan sənaye inqilabına görə milyonlarla adam, xüsusən xırda ticarətçilər, kiçik fermer və sənətkarlar iflasa uğramışdı. Kasıblaşmış əhali V.Millerin axır zamanla bağlı xəbərini böyük sevinclə qarşılamışdı. Məzlum camaat ümid edirdi ki, İsa Məsih tezliklə zühur edəcək, öz İlahi Padşahlığını quracaq və beləliklə də kasıb və səfillər dünyanın əzab-əziyyətindən xilas olacaqlar.
Eyni zamanda, o, “Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər” adlı kitab yazaraq İsa Məsihin 21 mart 1843 – 21 mart 1844-cü il tarixləri arasında yenidən zühür edəcəyini bildirdi.
V.Millerin axır zamanla bağlı xəbərlərinin təsiri altında on minlərlə ABŞ sakini 21 mart 1843-cü ildə ağ libaslara bürünərək İsa Məsihi qarşılamaq üçün dağlara qalxdılar. Ancaq onların gözləntiləri boşa çıxdı. Onda Millerin tərəfdarları İsa Məsihin ikinci gəlişinin 21 mart 1844-cü ilədək baş verəcəyinə ümid etdilər. Lakin yenə də verilən müjdə həyata keçmədi. Bundan sonra 1844-cü ilin may ayında Bostonda adventistlərin illik konfransında V.Miller açıq-aşkar səhv etdiyini bildirərək zühur tarixini müəyyənləşdirmək cəhdindən əl çəkdiyini vurğuladı. Buna baxmayaraq, onun tərəfdarlarından biri – Semuel Snou İsa Məsihin 22 oktyabr 1844-cü ildə gələcəyini iddia etdi.
Adventistlər bu xəbəri böyük sevinclə qarşıladılar. Onlar öz təsərrüfatlarını, iş-güclərini atıb gedir, evlərini, mal-mülklərini satır, səhərdən axşamadək tövbə və dualar edirdilər. Amma 22 oktyabr 1844-cü ildə də gözlənilən hadisə baş vermədi və adventistlər böyük məyusluq yaşadılar. Həmin gün adventizm tarixinə “Böyük Məyusluq Günü” kimi düşdü. Bundan sonra bir çoxları adventizm hərəkatından üz döndərdi. Hərəkata sadiq qalanlar isə müxtəlif qruplara parçalandılar, nəticədə “Yevangelist adventislər”, “Allah kilsəsi”, “İkinci günün adventisləri” kimi kilsələr yarandı.
Milleritlər hərəkatı daxilində Əhdi-Ətiqin şənbə günü ilə bağlı hökmünə riayət edən kiçik bir qrup da vardı. Digər xristianlardan fərqli olaraq, bu qrupun üzvləri bazar gününü deyil, şənbəni müqəddəs sayırdılar. Onlar həmin gün işləmir və özlərini tamamilə ibadətə həsr edirdilər.
Şənbəyə riayət edən adventistlər digər milleritlərdən 1844-cü ildə ayrıldılar. Onlar 1860-cı ildə Batl-Krik şəhərində (Miçiqan ştatı) qurultay keçirərək özlərini “Yeddinci günün adventistləri” adlandırdılar. 20 may 1863-cü ildə yenə Batl-Krik şəhərində onların ilk Baş konfransı keçirildi. Baş konfransda Yeddinci Günün Adventistləri Kilsəsinin təşkilati strukturu müəyyənləşdirildi və nizamnaməsi hazırlandı.
Yeddinci Günün Adventistləri Kilsəsinin təşəkkülündə qızlıq soyadı Harmon olan Ellen (Yelena) Quld Uayt (1827–1915) adlı qadın mühüm rol oynamışdır. O, Tanrıdan vəhy aldığını iddia etmişdir. E.Uaytı peyğəmbər olaraq qəbul edən Yeddinci günün adventistləri inanırlar ki, onun çoxaylı əsərləri vəyhin təsiri altında qələmə alınmışdır.
E.Uayt Yeddinci Günün Adventistləri Kilsəsinin etiqadi prinsiplərini formalaşdırmış, “Əhdi-Ətiq”də yeyilməsi haram sayılan heyvanların ətini (donuz, pulcuqsuz balıq və s.) öz tərəfdarlarına qadağan etmiş, eləcə də onlara öz qida rasionlarından ət məhsullarını, alkoqollu və kofein tərkibli içkiləri (çay, qəhvə və s.), ədviyyatları çıxarmağı tövsiyyə etmişdir. Həmçinin onun təşəbbüsü ilə adventistlər dünyanın müxtəlif ölkələrində iri təhsil və tibb müəssisələri açmış, missioner fəaliyyətə başlamışlar. Nəticədə Yeddinci Günün Adventistləri Kilsəsi say etibarilə ən böyük adventist cərəyanına çevrilmişdir.
Müasir dövrdə dünyada Yeddinci Günün Adventistləri Kilsəsinin üzvlərinin sayı 20 milyon nəfərdən yuxarıdır. 1894-cü ildən Azərbaycanda fəaliyyət göstərən Yeddinci günün adventistlərinin ölkəmizdəki sayı isə hazırda 500 nəfərdən çoxdur. Respublikamızın Bakı və Gəncə şəhərində Yeddinci Günün Adventistləri Kilsəsinin iki rəsmi icması fəaliyyət göstərir.