MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə5/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

Munçuluq

Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti, yaxud Vəhdət Kilsəsi olan munçuluq XX əsrin ortalarında Cənubi Koreyada yaranmışdır. Cərəyanın banisi Mun Son Myon (digər adı: Son Myonq Mun) 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlmişdir. Munçular inanırlar ki, guya 1935-ci ildə Pasxa günündə İsa Məsih Mun Son Myonun gözünə görünərək ondan xahiş etmişdir ki, bəşəriyyətin xilası naminə yerinə yetirə bilmədiyi missiyasını tamamlasın. Guya o, uzun təfəkkür və duadan sonra İsa Məsihin yarımçıq qalmış missiyasını öz üzərinə götürməyə razılaşmışdır. Beləliklə, Mun Son Myon özünü Məsih elan etmişdir.


İkinci Dünya müharibəsi bitdikdən sonra Mun Son Myon Koreyada öz dini təlimini təbliğ etməyə başlayır. O, İsa Məsihi təqlid edir, onun kimi məhəllədə yaşayan yoxsulların evinə gedir, onlara maddi köməklik göstərirdi. 1946-cı ildə Mun Son Myon “Geniş dənizin kilsəsi” adlı dini təşkilat təsis etmiş və öz dini ideyalarını yaymaq üçün Şimali Koreyaya getmişdir. Burada dini təbliğatla məşğul olduğuna görə iki dəfə həbs olunmuşdur. 1950-ci ildə həbsdən azad olunduqdan sonra o, yenidən dini fəaliyyətini davam etdirmişdir.
Zaman keçdikcə onun tərəfdarlarının sayı artmağa başlamış, nüfuzu Koreya sərhədlərini aşmışdır. 1954-cü ilin mayında Mun Son Myon Cənubi Koreyanın paytaxtı Seul şəhərində Vəhdət Kilsəsini yaratmışdır. 1958-ci ildə Yaponiyaya, 1959-cu ildə isə Amerika Birləşmiş Ştatlarına ilk munçu missionerlər göndərilmişdir.
1992-ci ildə Mun özünü yeni bəşəriyyətin “Həqiqi Atası” adlandırmış, bir ildən sonra isə “Əhdi-Cədid erası”nın dəyişərək “Əhdin yekunlaşma erası” olduğunu bildirmişdir. Munçuların inancına görə, o vaxtdan artıq dünya üçün Mun dövrü başlamış, son və tam həqiqət onların “Həqiqi Ata”sı vasitəsi ilə aşkarlanmışdır. Qeyd edək ki, Mun 2012-ci ildə Cənubi Koreyada 92 yaşında vəfat etmişdir.
Göründüyü kimi, Mun Son Myonun şəxsiyyəti Vəhdət Kilsəsinin təlimində mərkəzi yeri tutur. Munçular inanırlar ki, Munun təlimi vəhy yolu ilə nazil olmuşdur. Onun dini təliminin əsasları munçuların müqəddəs kitabı sayılan “İlahi prinsiplər”də əks olunmuşdur.
Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Məsələn, onlar xristian dininin əsasını təşkil edən Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs Ruh.- Red.) ehkamını fərqli izah edirlər. Vəhdət Kilsəsinin dini təliminə əsasən, Müqəddəs Üçlük deyəndə, Tanrı, Mun Son Myonun özü və onun həyat yoldaşı Hаn Hаkçа başa düşülməlidir.
İztirab çəkən Tanrıya inanc Vəhdət Kilsəsinin dini təlimində mərkəzi yer tutur. Bu tanrı dualist (ikilik.- Red.) mahiyyətə sahibdir. O, kişi və qadın başlanğıcını təcəssüm etdirir. Munçulara görə, Tanrının yer üzündə tamhüquqlu yeganə vasitəçisi Mun Son Myondur. Odur ki, Tanrının məhəb­bətini qazanmaq üçün Mun Son Myonu bəşəriyyətin xilaskarı kimi qəbul etmək lazımdır.
Eyni zamanda, munçuluğun təliminin əsasında “ideal ailə kultu” dayanır. Mun Son Myon arcıllarına öyrədirdi ki, kamillik zirvəsinə çataraq Tanrının həqiqi oğlu və qızı olmaq Vəhdət Kilsəsinin hər üzvünün amalı olmalıdır. Munçular inanırlar ki, Mun Son Myon və onun ailəsi bu məqsədə çatdıqlarına görə hər kəs üçün nümunədirlər. Odur ki, munçular Mun Son Myonu və onun həyat yoldaşını öz həqiqi valideynləri sayırlar. Bu inanc isə Vəhdət Kilsəsində kütləvi evləndirmə mərasimlərinin əsasını qoymuşdur. Belə ki, gənc munçular “həqiqi ata” hesab etdikləri Mun Son Myonun seçimi ilə ailə həyatı qurmağa başlamışlar. O da öz növbəsində, onlar üçün kütləvi evləndirmə mərasimləri təşkil etmişdir. Məsələn, 1997-ci ildə keçirilmiş belə bir mərasimdə 30 min cütlük iştirak etmişdir.
Vəhdət Kilsəsi dünyanın bir çox ölkələrində güclü biznes şəbəkəsinə, müxtəlif istehsal və xidmət sahələri üzrə böyük korporasiyalara malikdir. Munçular öz dini ideyalarını yaymaq məqsədilə elm, təhsil və mədəniyyət sahəsində bir sıra layihələr həyata keçirirlər.
Munçular kütləvi informasiya vasitələri sahəsində də fəaliyyət göstərərək əvvəlcə Tokio, Nyu-York, daha sonra isə Vaşinqtonda qəzet və jurnal nəşr etdirmişlər. “New York City Tribune”, “The Washington Times”, “Middle East Times” kimi qəzetlər onlar tərəfindən yaradılmışdır. Bununla yanaşı, Vəhdət Kilsəsinə məxsus olan “Free Press International” xəbər agentliyinin maddi dəstəyi ilə “Insight on the News”, “The World and I”, “Free Press International” və digər jurnallar təsis olunmuşdur.
Qeyd edək ki, Vəhdət Kilsəsinin üzvlərinin (munçular) sayı dəqiq bilinmir. Dünyada munçuların sayının cəmi 7-8 min nəfər təşkil etdiyini deyənlər olduğu kimi, onların sayının 8 milyona çatdığını bildirən tədqiqatçılar da vardır.
Sovet İttifaqı dağıldıqdan sonra munçular postsovet məkanda, o cümlədən Azərbaycanda da fəaliyyət göstərməyə başlamışlar. Onlar QİÇS-lə mübarizə, ekologiyanın qorunması, sağlam ailənin qurulması adı altında seminarlar təşkil edərək gənclər arasında öz dini ideyalarını yaymağa çalışmışlar. Fəal təbliğatlarına baxmayaraq, munçular Azərbaycanda çoxlu tərəfdar qazana bilməmişlər.



Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin