5.3.Dini radikalizm və onunla mübarizə yolları
“Radikalizm” termini latın dilindəki “radix” (radiks) sözündən götürülüb, mənası əsas, köklü deməkdir. XVIII əsrin sonlarında İngiltərədə yaranan, sonra isə XIX əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi və mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə əsaslanan fəaliyyət mənasında işlədilmişdir. Bu gün isə daha çox siyasi münasibətlərin, eləcə də siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş ifratçı siyasi ideyaları və fəaliyyəti ifadə edir.
Əvvəlcə siyasi mahiyyətdə işlədilən “radikalizm” müasir dövrdə həm də müxtəlif sahələrdə, o cümlədən dində köklü dəyişikliklər etməyə cəhd göstərən qruplara şamil olunur. Bu mənada “dini radikalizm” və ya “radikal dini qruplar” tez-tez rast gəldiyimiz ifadələrdir. Dini radikalizm hansısa dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ etməklə digər etiqadların mənsublarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Dini radikallar isə bu cür ideyaların təsirinə məruz qalmış, din adı altında gizlənən fərdlər və ya qruplardır. Əslində, dini radikalizm termin kimi yeni olsa da, ictimai hadisə kimi yeni deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb.
Ümumiyyətlə, tarixən istənilən dinin mənsubları arasında radikallar olub. Məsələn, Yəhudilikdə I əsrdə meydana çıxmış zelotları, Xristianlıqda tampliyerləri, İslamda həşşaşiləri və digərlərini göstərmək mümkündür. Halbuki, ibrahimi dinlərin prinsiplərinin təməlində sevgi, sülh, qardaşlıq və ədalət kimi ümumbəşəri, ülvi niyyətlər dayanır. Heç bir müqəddəs kitab başqa dinin nümayəndəsini öldürməyə, insanların dinini zorla dəyişdirməyə çağırmır. Həm “Tövrat”, həm “İncil”, həm də “Qurani-Kərim”də digər dinlərin mənsubları ilə, ümumiyyətlə, insanlarla xoş rəftar etmək və zorakılıqdan uzaq durmaq tövsiyə edilir. “Qurani-Kərim”in “Maidə” surəsinin 32-ci ayəsində deyilir: “Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kimsə belə bir kimsəni diriltsə (ölümdən qurtarsa) o, bütün insanları diriltmiş olur”. Eyni mahiyyətli fikirlərə Yəhudiliyin müqəddəs kitabında da rast gəlmək mümkündür: “Bir insanı öldürənin bütün dünyanı öldürmüş sayılacağını sənə öyrətmək üçün tək yaradıldın; Bir insanın canını qurtaran, bütün dünyanı xilas etmiş sayılcaq...” (“Mişna”, “Sanedrin” 4:5).
Digər ibrahimi dinlər kimi, Xristianlıqda da humanizm prinsipləri önə çəkilir: “Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur...” (Əhdi-Cədid, Pavelin romalılara məktubu, 13:8-10).
Bütün bunlardan sonra haqlı bir sual yaranır: dinlər sülhü, rifahı və əmin-amanlığı təbliğ etdikləri halda, dini radikalizm necə yaranır və nədən qaynaqlanır?! Radikalizmə aparan yol fanatizmdən başlayır. Fanatik dindarlıq isə cahillikdən doğur. Bu cür dindarlar Tanrını dərk etmədən Onu “razı salmağa” çalışır, savadlı dindar isə Tanrını razı salmağa Onu tanıyıb öyrənməklə başlayır. Çünki inanc təkcə qəlb işi deyil, həm də ağıl işidir. Axı Yaradanı dərk etmədən Onun bizdən nə istədiyini, bizi necə görmək istədiyini anlaya bilmərik.
Fanatizm hər hansı bir inanca və ya baxışa ifrat dərəcədə bağlılıq, digər düşüncə tərzlərinə qarşı dözümsüzlük deməkdir. Dini fanatizm dini ideyalara hansısa tənqidi yanaşmanı istisna edən kor-koranə, həddindən artıq bağlılığı və real həyatda onlara şərtsiz riayət etməyi nəzərdə tutur.
Savadsızlıq, xüsusilə dini savadsızlıq, bir sözlə, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Bu cür mühitin yaranmaması üçün elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi dini düzgün anlamamağa və anlatmamağa gətirib çıxarır.
Dostları ilə paylaş: |