Dinin transformasiyası nəzəriyyəsi
XX əsrin sonlarında irəli sürülən bu nəzəriyyənin tərəfdarları bildirirlər ki, cəmiyyətin dünyəviləşməsi nəticəsində dinin tamamilə yox olacağını düşünmək yanlışdır. Onların fikrincə, sekulyarlaşma və müasirləşmə proseslərinin təsiri altında ənənəvi dini qurumların cəmiyyətdəki mövqeyi əhəmiyyətli dərəcədə zəifləsə də, dinin özü və ya dini təfəkkür tərzi yox olmayacaq. Yəni, müasir dövrdə din keçmişdəki kimi cəmiyyətin inkişafına təsir etmir, lakin cəmiyyətin dünyəviləşməsi və tərəqqisi səbəbilə öz şəklini dəyişir, yeni məzmun və forma qazanır. Bu konsepsiyanı müdafiə edənlərdən biri müasir kanadalı filosof Çarlz Teylor sayılır.
Dinin transformasiyası nəzəriyyəsinə əsasən, sosial rifah səviyyəsinin yüksək olduğu, fərdi mənafeyin kollektiv maraqlardan üstün tutulduğu modern cəmiyyətlərdə mənəvi boşluq və həyatın mənasızlığı problemi mövcuddur. Dünyəvi və modern ideyalar bu boşluğu doldurmaq iqtidarında deyildir. Həyatın mənası axtarışında olan müasir insan bu suallara cavab tapmaq üçün şəxsi dini təcrübəsinə önəm verir. O, ənənəvi dini inancları özünəməxsus tərzdə şərh edərək onları fərqli şəkildə anlayır, yaxud həyatın mənasını mövcud ənənəvi dini qurumlardan kənarda axtarır. Nəticədə fərqli dini inancların sintezindən ibarət olan və daha çox fərdin daxili aləminə yönəldilmiş alternativ, yeni dini təcrübə və etiqadlar meydana gəlir. Bu nəzəriyyəni müdafiə edən alimlər mülahizələrini əsaslandırmaq üçün Qərb dünyasında meydana gələn çoxsaylı yeni dini cərəyanları misal göstərir, eləcə də müxtəlif dini-mistik təlimlərə, İslam, Buddizm və Hinduizm kimi dinlərə marağın artdığını qeyd edirlər.
3. Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini qoruyur. Müasir ingilis sosioloqu Qreys Devi bu fenomeni “mənsubiyyətsiz iman” (“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan inanc bəsləmək kimi səciyyələndirmişdir. Beləliklə, avropalıların ibadətlərə biganə yanaşması onların dinsiz olması anlamına gəlmir.
Müasir Avstriya sosioloqu Piter Berger “Sekulyarizmin tənəzzülü” adlı məqaləsində dinin fərdi müstəvidə əhəmiyyətini qoruduğunu belə ifadə etmişdir: “Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Amma modernləşmənin dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür. Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur...”.
4.”Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dünyəviləşmə konsepsiyasını təsdiqləyən heç bir ciddi elmi dəlil yoxdur və bu mülahizə daha çox ideoloji səbəblərlə irəli sürülmüşdür. Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner kimi bəzi sosioloqlar dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandırmışlar. Müasir amerikalı sosioloq Rodni Uilyam Stark isə daha dərinə gedərək “sekulyarlaşmanı təsdiqlənməmiş nəzəriyyələr məzarlığına atmağı” təklif etmişdir.
Dünyəviləşmə nəzəriyyəsinin bir uydurma olduğunu bildirən alimlər vurğulayırlar ki, müasir dünyada həm gündəlik, həm də ictimai-siyasi həyatda dinin rolu getdikcə artır. Günümüzdə dini təşkilatlar sosial həyatla bağlı məsələlərin müzakirəsində aktiv iştirak edir, ictimai rəyin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. X.Kazanova “Müasir dünyada ictimai dinlər” adlı kitabında dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin fəal rol oynadığını sübuta yetirmək üçün aşağıdakı 4 arqumenti gətirir:
1. 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İran İslam inqilabı;
2. 1980-1981-ci illərdə geniş vüsət alan Polşa “Həmrəyliyi” hərəkatında Katolikliyin böyük rol oynaması;
3. 1979-cu ildə Nikaraquada Antastasio Somosanın siyasi rejiminin devrilməsi ilə nəticələnən Sandinista inqilabında katolikliyin əhəmiyyətli rol oynaması;
4. ABŞ-da bir siyasi güc kimi protestant fundamentalizminin nüfuzunun artması.
Əvvəllər sekulyarlaşma nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan avstriyalı sosioloq P.Berger də sonradan “Dünyanın desakralizasiyası” və “Sekulyarizmin çöküşü” adlı əsərlərində dünyəviləşmə tezisinin əsaslandığı dəlillərin dünyanın əksər regionlarında özünü doğrultmadığını, əksinə, din amilinin getdikçə gücləndiyini etiraf etmişdir. O, qeyd edir ki, dünyəviləşmə qlobal bir fenomeni kimi görünsə də, hər cəmiyyətdə fərqli şəkildə təzahür etmişdir. Berger öz mülahizəsini əsaslandırmaq üçün müsəlman dünyasını misal göstərir. Onun fikrincə, əksər müsəlman ölkələrində təhsil, səhiyyə, sosial müdafiə kimi sahələrdə dövlət təminatı aşağı səviyyədədir. Odur ki, həmin sahələrdə əhalinin tələbatını əsasən İslam təmayüllü dini təşkilatlar ödəməyə çalışır. Bu isə İslam dinin ictimai-siyasi həyatda nüfuzunun artmasına səbəb olur.
Dünyanın fərqli regionlarında dünyəviləşmə proseslərinin eyni səviyyədə cərəyan etmədiyinə dair başqa nümunə göstərmək mümkündür. Avropa dövlətlərindən fərqli olaraq, ABŞ-da dinin nüfuzu istər fərdi, istər isə ictimai-siyasi müstəvidə xeyli güclüdür.
Ateizmin sərt buxovlarından qurtulan keçmiş sovet respublikalarında baş verən dinə qayıdış prosesi, bir sıra müsəlman ölkələrində yaşanan islami oyanış, həmçinin dünyanın müxtəlif regionlarında din və məzhəb zəminində münaqişələrin artması onu göstərir ki, bəşəriyyətin elmi-texnoloji tərəqqisi fonunda din amili əhəmiyyətini itirməyib.
Gördüyümüz kimi, dinin müasir cəmiyyətdə yeri və rolu ilə bağlı irəli sürülən nəzəriyyələrin hər birinin güclü və zəif tərəfləri var. Onların əsaslandığı dəlilləri nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək mümkündür ki, elmi-texnoloji tərəqqiyə və dünyada geniş vüsət almış sekulyarlaşma proseslərinə baxmayaraq, din bir dünyagörüşü tərzi kimi hər zaman varlığını qoruyacaqdır. Doğrudur, orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar dünyəviləşmişdir. Dövlət idarəçiliyi, təhsil, ailə və başqa ictimai institutlar dindən ayrılaraq müstəqillik qazanmışdır. Buna baxmayaraq, “Mən nə üçün varam?”, “Həyatımın mənası nədir?”, “Ölümdən sonra həyat varmı” kimi suallar bəşər övladını daim narahat edəcəkdir. Din isə həyatın mənası ilə bağlı əbədi suallara qəti cavab verməyə çalışan inanclar sistemidir. Bu isə o deməkdir ki, fərdi müstəvidə dini dünyagörüşü tərzi daim əhəmiyyətini saxlayacaqdır.
Dostları ilə paylaş: |